Əsas Səhifə > Partiya, Güney Press > “Həbs qərarının verilməsi əlavə suallar yaratmaya bilməz”
“Həbs qərarının verilməsi əlavə suallar yaratmaya bilməz”15-01-2022, 09:13 |
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin Yasamal rayon Məhkəməsinin qərarı ilə 5 aylıq azadlıqdan məhrum edilməsi ətrafında müxtəlif fikirlər dolaşmaqdadır. Müxalif camiyə bu qərarı siyasi motivli hesab edir. İqtidar düşərgəsi isə burada heç bir siyasi motiv görmür. Məlumat üçün bildirək ki, VİP sədrindən şikayətçi olanlar 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovdur. Onlar Əli Əliyevi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında məhkəməyə veriblər. İddiaçıların şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilmişdi. İddiaçıların şikayətinin motivi Əli Əliyevin 2021-ci il dekabrın 9-da “Osmanqızı TV” “YouTube” kanalında çıxışı zamanı məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir. DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, AĞ Partiya başqanı Tural Abbaslı bu həbsi yolverilməz sayır: “Dünyanın harasında olursa olsun siyasiləşmiş insanların, əsasən də, siyasi müxalifətdə təmsil olunmuş insanların həbsi həmişə səsli, hay-küylü qəbul olunub. Bu, tək Azərbaycana məxsus hal deyil. Nəzərə alsaq ki, Əli Əliyev ölkəmizdə tənqidçi müxalifətin nümayəndəsidir, o zaman istənilən halda onun həbsi ilə hakimiyyət bilməli idi ki, bu siyasi fəaliyyətlə mütləq əlaqələndiriləcəkdi. Hər kəs zatən bunu gözləyirdi. İndi onun haqlı olub-olmaması da hesab edirəm ki, hakimiyyətin bu günə qədər yürütdüyü yanlış siyasətin nəticəsidir ki, xalq birmənalı şəkildə ölkədə ədalətli məhkəmə sisteminin olmamasını özü-özlüyündə dəqiqləşdirib. Ölkəmizdə bütün ədliyyə sistemi siyasiləşib, onların verdiyi qərarların hamısı dolayısı ilə birbaşa siyasi qərardır. Bu da əgər siyasi qərardırsa, demək burada siyasi motivlər var. Ona görə də, Azərbaycan müxalifəti, insanları məhkəmələrə inanmadıqları üçün istənilən həbsi siyasiləşdirir və həmin dəqiqə qərarı siyasi hesab edir, həbs edilənin günahsız olduğu iddiasını irəli sürür. Mən də bir ölkə vətəndaşı, müxalif bir siyasi lider olaraq ölkəmdə ədalətli məhkəmələrin olduğuna inanmıram. Əli Əliyevin partiya sədri olması burada çox ciddi rol oynayır. Onun həbsi sadə bir məsələ deyil. AĞ Partiya olaraq, bu məsələni doğru addım hesab etmirik. Düşünürəm ki, orada nəsə olsaydı belə Əli Əliyevin kimliyi, partiya sədri olması, cəmiyyətdəki rolu nəzərə alınaraq, hər hansı bir xəbərdarlıq etməklə, yaxud həbs olunmadan başqa bir qərar verməklə məsələni geridə buraxmaq olardı. Həbs qərarının verilməsi əlavə suallar yaratmaya bilməz. Bu həm də indiki məqamda Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə zərər gətirə bilər. Biz ədalətli məhkəmənin olmasını və Əli Əliyevin vaxt itirilmədən azadlığa buraxılmasını tələb edirik”. ALDP rəhbəri Fuad Əliyev isə VİP sədrinin həmin açıqlamalarla ciddi səhvə yol verdiyini qeyd etdi: “Siyasətçilər hərbi ekspertlər deyillər ki, hərbidə baş verən hadisələrə konkret fikir bildirsinlər. Biz bir versiya irəli sürə bilərik. Bu versiyanın səhv və ya doğru olduğunu yaradılan komissiya araşdırıb qiymət verə bilər. Əgər bizim söylədiyimiz, təxmin etdiyimiz fikirlər səhvdirsə, biz üzrxahlıq etməliyik. Normalda belə olmalıdır. Təəssüf ki, bizdə bu normalara riayət edən yoxdur. VİP sədri Əli Əliyevə gəldikdə isə, o, hadisə ilə bağlı bir versiya söyləyib. Bu versiya, fikir həmin faciədə dünyasını dəyişənlərin ruhuna təhqirdir. Komissiya araşdırandan və xüsusilə də məlum helikopter faciəsindən sonra sağ qalan iki hərbçinin fikirləri, hadisənin necə baş verdiyini deyəndən sonra Əli Əliyevin bu hadisə ilə bağlı səhv mövqeyinə görə sağ qalan hərbçilərdən üzr istəməyinə kifayət qədər vaxtı var idi. Mənim fikrimcə, belə olsaydı, hərbiçilər məhkəməyə üz tutmazdılar”. Hakim Yeni Azərbaycan Partiyasının da bu həbslə bağlı mövqeyini aldıq. Partiyanın deputatı Ceyhun Məmmədov bunları dedi: “Hesab edirəm ki, partiya mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Burada kimlik önəmli deyil. Kimsə qanunu pozursa, həmin şəxs mütləq qanun qarşısında cavab verməlidir. Partiya rəhbəri olmaq o anlama gəlmir ki, hansısa qanunu pozmalıdır, yaxud qanun pozuntusuna yol verməlidir. Burada konkret məhkəmə faktı var. Konkret faktlar əsasında məhkəmə prosesi həyata keçirilib. Bu həm də onu deməyə əsas verir ki, hər kəs siyasi mənsubiyyətindən, tutduğu mövqedən asılı olmayaraq, verdiyi bəyanatlar və səsləndirdiyi fikirlərdə maksimum dərəcədə diqqətli olmalıdır. Düşünürəm ki, burada məsələdən bu formada məqsədli şəkildə iqtidara qarşı istifadə edilməsi yolverilməzdir. Yekun olaraq, biz bir də o məsələyə gəlirik ki, hər kəs qanun qarşısında bərabərdir. Bir daha onu deyirəm ki, hər kəs səsləndirdiyi fikirlərdə diqqətli olmalıdır ki, sonradan hüquq və məhkəmə qarşısında cavab verməli olmasın. Bu nüansı hər kəs nəzərə almalıdır”. Geri qayıt |