Əsas Səhifə > Partiya, Güney Press > “Bu strukturla səhiyyə sahəsində dönüş yaradılması çətindir”
“Bu strukturla səhiyyə sahəsində dönüş yaradılması çətindir”8-02-2022, 08:26 |
Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2022-ci il tarixli müvafiq Sərəncamı ilə səhiyyə nazirinə yeni müavinlər təyin olunub. İlqar Qasımov 1965-ci ildə Bakıda anadan olub. Moskvada Mərkəzi Travmatologiya İnstitutunda tibb elmləri namizədliyi və tibb elmləri doktoru elmi dərəcələrini alıb. 2006-cı ildən 2017-ci il tarixinədək Bakıda bir neçə özəl klinikada fəaliyyət göstərib. 2017-ci ildə Səhiyyə Nazirliyinin göndərişi əsasında Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsinə təyin olunub. Eyni zamanda 2019-cu ildən Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun “Travmatologiya və ortopediya” kafedrasının müdiri vəzifəsində çalışır. Nadir Zeynalov 1976-cı il təvəllüdlüdür. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 2016-2019-cu illərdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru işləyib. 2019-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Aparatının rəhbəri olub. Rasim İsmayılov 1973-cü ildə Bakı şəhərində anadan olub. Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialında və Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb. Respublika Gigiyena və Epidemiologiya mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 2017-2018-ci illərdə Polşada xarici ticarətlə məşğul olan Fertiz S.A şirkətində baş direktorun maliyyə məsələləri üzrə müşaviri vəzifəsində işləyib. 2018-ci ilin oktyabr ayından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Maliyyə baş idarəsinin rəis müavini vəzifəsində çalışıb. Muğanbank ASC-nin İdarə Heyəti sədrinin müavini olub. Bəs, görəsən, kadr islahatları səhiyyə sistemində nələri dəyişəcək? Cəmiyyət onu maraqlandıran suallara, nəhayət, cavab ala biləcəkmi? Vətəndaşlar üçün yüksək səviyyəli tibbi xidmət əlçatan olacaqmı? Qiymətlərlə bağlı tənzimləmə mexanizmi işə düşəcəkmi? İcbari tibbi sığorta sistemi özünü doğruldacaqmı? DİA.AZ-ın məlumatına görə, həkim Rəşad Sultan “Yeni Müsavat”a bildirdi ki, problem şəxslərdə deyil, sistemdədir: “Bu gün əsas suallar bunlardır: bu insanlara yetərli şərait yaradılacaqmı? Lazımi təşkilati dəstək veriləcəkmi? Və ən əsası, səhiyyənin maliyyələşdirilməsi, icbari tibbi sığortanın maliyyə tərəfində şəffaflıq və dürüstlük olacaqmı? Əsas problemlərdən biri tibbi təhsilin standart olmamasıdır. Öncül vəzifələrdən biri isə korrupsiyanın qarşısının alınması olmalıdır”. DİA.AZ-ın məlumatına görə, millət vəkili Fazil Mustafa mövzu ilə “Yeni Müsavat”a bildirdi ki, son zamanlar kadr dəyişiklikləri intensiv baş verir: “Ölkə başçısı durğunluq müşahidə olunan, inkişafa ehtiyac duyulan sahələrə yeni kadrlar cəlb etməyə çalışır. Sözsüz ki, hər hansı sahədə islahatlar problemlərin həll olunacağına ümid yaradır. Ümidimizin özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək. Bu strukturla səhiyyə sahəsində dönüş yaradılması çətindir. Bu sahədə parçalanma elə səviyyədədir ki, heç kim tam məsuliyyəti üzərinə götürmək istəmir. Nəticədə həkimlər də, xəstələr də əziyyət çəkir. Buna görə də hesab edirən ki, bu sahədə struktural islahata ehtiyac var. Bu gün Azərbaycanda kimin, nəyə görə məsuliyyət daşıdığı bilinmir. Pandemiya dövründə bunun şahidi olduq. Yeni qurumların yaradılması ilə, kadr islahatları ilə hər şeyin yaxşı mənada dəyişəcəyinə ümid etsək də, daha çox geriləmə görünür. Yeni müavinlərdən birini tanıyıram. İlqar Qasımov yüksək səviyyəli mütəxəssisdir. Digərlərini tanımadığım üçün danışmaq istəmirəm. Ümid edirəm, onlar Prezidentə səhiyyənin bugünkü vəziyyəti ilə bağlı real proqram təklif edəcəklər və bu sahədə ciddi islahat başlayacaq. Çünki vətəndaşların ən çox əziyyət çəkdiyi sahə səhiyyədir. Biganəlik, səlahiyyətsizlik, maddi təchizatın aşağı səviyyədə olması, xəstəxanaların bir çox hallarda həkimlərin cibindən maliyyələşməsi ciddi problemlərdir. Yazıq həkimlər çox ağır vəziyyətdədirlər. Sistem elə qurulmalıdır ki, həm dövlət təminatı güclü olsun, həm də vətəndaşlara xidmət yüksək səviyyədə olsun. Bu istiqamətdə cəmiyyətin də səhiyyə sahəsindəki islahatlara dəstək verməsi yaxşı olardı”. Qeyd edək ki, Prezident ötən həftə Nigar Əliyeva, Elsevər Ağayev, Rahim Əliyev və Viktor Qasımovu nazir müavini vəzifəsindən azad edib. Elsevər Ağayev 1999-cu ildən bu vəzifədə çalışıb. O, 2007-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Əczaçılıq kafedrasının müdiridir. Həmçinin nazirliyin Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir. Nigar Əliyeva 2009-cu ildən səhiyyə nazirinin müavini kimi çalışıb. Bu vəzifəyə qədər isə Səhiyyə Nazirliyində Ümumi şöbənin müdiri vəzifəsində işləyib. Viktor Qasımov 2020-ci ilin mart ayında nazir müavini təyin olunub. Bu vəzifəyə qədər isə Səhiyyə Nazirliyinin Sanitariya və epidemioloji nəzarət sektorunun müdiri olub. Rahim Əliyev 2018-ci ildən səhiyyə nazirinin müavinidir. 2012-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda müxtəlif vəzifələrdə, o cümlədən 2015-2018-ci illərdə rezidentura şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Geri qayıt |