Əsas Səhifə > Partiya, Güney Press > "Birinci dəfə deyil ki, Azərbaycanın Ukraynanı dəstəkləyir..."
"Birinci dəfə deyil ki, Azərbaycanın Ukraynanı dəstəkləyir..."4-03-2022, 08:52 |
Rusiya–Ukrayna müharibəsi gərginləşən xətt üzrə inkişaf edir. Müharibə region və dünyanın geosiyasi, geoiqtisadi düzəninə öz təsirini göstərməkdədir. Müharibə tərəflərinin Belarusla sərhəddə apardığı danışıqlara ümid bəslənsə də, ilkin mərhələnin nəticəsiz qalması müharibənin bəlli olmayan müddətə qədər uzanma versiyasını ortaya çıxarıb. Regionda müharibə aparan dövlətlərlə müəyyən müttəfiqlik əlaqələri olan ölkələr belə bir vəziyyətdə hansı addımlar atmalı, hansı tədbirləri görməlidir? DİA.AZ xəbər verir ki, bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü Sahib Alıyev bu səpkidə maraqlı fikirlər söyləyib. - Sahib müəllim, bu gün dünyanın müxtəlif təhlil mərkəzlərində müzakirə obyekti olan Ukrayna–Rusiya müharibəsini necə təhlil edərdiniz? - Ruslarla ukraynalıların bir-birlərinə nə qədər yaxın xalq olduqlarını biz hamımız yaxşı bilirik. Bu səbəbdən Ukrayna ilə Rusiya arasında baş verənləri onun necə nəticələnməsindən asılı olmayaraq, mən hər iki tərəf üçün faciə sayıram. - Ukrayna–Rusiya müharibəsində Azərbaycanın tutduğu mövqeni necə dəyərləndirərdiniz? - Azərbaycan xalqı baş verənləri ürəkağrısı və bəlli bir narahatlıqla izləyir. Birincisi, hər iki dövlətdə yüz minlərlə soydaşımız yaşayır, savaşın bütün ağrı və açılarını onlar da öz üzərlərində hiss edəcəklər və edirlər. Çox təəssüf ki, Ukraynada yaşayan azərbaycanlılardan artıq həlak olanlar da var. İkincisi, savaş ölüm, itki və dağıntı deməkdir ki, biz bunu heç kimə arzulamırıq, dost gözü ilə baxdığımız dövlətlərə isə heç arzulamırıq. Azərbaycan hər iki dövlətlə qarşılıqlı faydaya dayanan sıx əməkdaşlıq qurub, savaş isə istər-istəməz onlarla ticarət dövriyyəmizə və iqtisadi əlaqələrimizə də təsirsiz ötüşməyəcək. Söhbət ukraynalı və rusiyalılardan gedirsə, unutmaq lazım deyil ki, hər iki xalqın təmsilçilərim ilə fərdi dostluq əlaqələri olanlarımız da az deyil. Yəni bütün bunları göz önünə gətirib biz çox istərdik ki, Rusiya və Ukrayna aralarındakı problemi sülh yolu ilə həll etsinlər. Savaş başlanandan və hələ ondan öncə də dövlət başçımızın hər iki ölkənin prezidentləriylə keçirdiyi görüşlərdə və apardığı danışıqlarda da, Azərbaycanın məhz buna səy göstərdiyi kimsəyə sirr deyil. - Sosial şəbəkələr, Azərbaycan ictimaiyyəti ölkəmizin Ukraynaya yardım məsələsinə birmənalı yanaşmır. Necə hesab edirsiniz, Azərbaycan bu istiqamətdə hansı mövqeni sərgiləməlidir? - Azərbaycan hansı mövqeni sərgiləməlidirsə, onu da sərgiləyir. Bilirsiniz, əgər söhbət sosial şəbəkələrdən gedirsə, təəssüf ki, orada çox vaxt populizmin aşıb-daşdığını görürük. Xarici siyasət isə populizmi yox, soyuq praqmatizmi sevir. Ukraynaya yardıma gəldikdə, bu humanitar addımdır, tərəf tutmaq deyil. Və çətin anlarında Azərbaycanın Ukraynanı dəstəkləməsi də birinci dəfə baş vermir. Hələ Kuçmanın prezidentliyi dönəmində Ukraynada kəskin yanacaq qıtılığı yarananda da, Azərbaycan bu dost dövlətdən öz yardımını əsirgəməmişdi. Qonşu Gürcüstana, Belarusa yanaşmada da zaman-zaman oxşar addımlar atılıb. - Rusiya ilə imzalanmış Moskva bəyannaməsinin fonunda bu müharibə Azərbaycanla Ukrayna əlaqələrində hansı maneələri yarada bilər? - Nə maneə yaranacaq? Bizim müttəfiqliyimiz heç kimə qarşı yönəlməyib və cənab İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə də bildirdiyi kimi, sözügedən sənəd əslində son 30 ildə iki dövlət arasında formalaşmış münasibətlərin rəsmi təsbitidir. Bu sənəddən yeganə narahatlıq keçirənlər Ermənistandakı revanşsitlərdir, başqa heç kim. Ukraynada heç bir ciddi siyasətçi o Bəyantla bağlı bir kəlmə də olsun mənfi fikir bildirməyib. İstəyirəm xatırladım ki, Prezident Zelenski məhz bu sənədin imzlanmasından bir neçə gün sonra cənab İlham Əliyevi ölkəsinin dostu adlandırdı. - Dünyada Rusiyaya qarşı yönələn sanksiyalara Azərbaycanın qoşulma ehtimalı nə dərəcədədir? Ümumiyyətlə, bu yanaşmanın özü nə qədər düzdür? - Azərbaycan indiyə kimi qonşularından heç birinə qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb və bundan sonra da inanmram ki, qoşulsun. Biz bu qəbildən olan məsələlərdə ancaq və ancaq öz dövlət maraqlarımızdan çıxış edirik. Azərbaycanın dövlət marağı isə bütün qonşularıyla qarşılıqlı faydaya dayanan, dayanıqlı, proqnozlaşdırlan əlaqələr qurulmasını tələb edir. - Sahib müəllim, ötən gün Böyük Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc xarici işlər naziri Elizabet Trassdan iki suala cavab istəyib. Xanım deputat əvvəlcə soruşub ki, Rusiya Dumasının üzvlərinə də sanksiyalar tətbiq edilə bilərmi?! İkinci sual isə belə olub: “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?”. Nə baş verir, kimdir ölkəmizi sanksiya qalmaqalına cəlb etməyə cəhd edənlər və niyə? - Azərbaycan Ukraynadakı proseslərə yanaşmada həmişə beynəlxalq normalardan çıxış edib və BMT-də səsvermədə də, digər formatlarda da bununla bağlı prinsipial mövqe ortaya qoyub. Savaşöncəsi və başladıqdan sonra Azərbaycanın göstərdiyi səylər az öncə vurğuladığım kimi ortadadır, Ukraynaya etdiyi yardımlar da. Azərbaycanın dövlət başçısını ölkəsinin dostu adlandıran, Rusiya ilə danışıqların məhz Bakıda keçirilməsi tərəfdarı olduğunu deyən Prezident Zelenski ölkəmizin baş verənlərə yanaşmada tutduğu mövqeni, kimin yanında olduğumuzu daha yaxşı bilir, yoxsa xanım Hodc? Bilirsiniz, Marqaret Hodc başqasına böhtan atdığına görə rəsmi şəkildə üzr istəməsiylə tanınan biridir. İndi bilmirəm, Azərbaycandan da üzr istəyəcək, ya yox, amma onun ölkəmiz haqqında parlamentdə səsləndirdikəri böhtan idi. Bu gün guya Ukraynanın dostu kimi çıxış edən, eyni zamanda dəstək göstərən dövlətlərin kaş hamısının ukraynalılara yanaşmaları bizim kimi olaydı, səmimi xarakter daşıyaydı. Heç kimə sirr deyil ki, bu gün Ukraynada yaşananların səbəbkarlarından biri də qərbdəki bəlli çevrələrdir. Heç kimə o da sirr deyil ki, həmən çevrələr istəsəydilər, vaxtında bu savaşın qarşısını ala bilərdirlər. Bunun üçün indi sərgilədikləri mövqeni, qətiyyəti savaş öncəsi sərgiləmləri lazım idi və əslində Ukrayna Prezidenti də Münhendəki çıxışında onlardan bunu tələb edirdi, amma sərgiləmədilər, əksinə, Rusiya ilə Ukraynanı üz-üzə qoymaq üçün əllərindən nə gəlirsə etdilər və təəssüf ki, məqsədlərinə də çatdılar. - Rusiyanın hərbi müdaxiləsi hansı halda dayana bilər və bu prosesdə Azərbaycan və Türkiyənin vasitəçiliyi öz sözünü necə deyəcək? - Görülən hazırlıq, atılan bütün addımlar göstərir ki, yaxın gələcəkdə savaş nəinki dayanacaq, əksinə, qarşıda daha intensiv və daha qanlı döyüşlər, daha böyük dağıntılar gözlənilir. Azərbaycanla Türkiyənin vasitəçiliyinə gəldikdə, hər iki dövlət həm ayrılıqda, həm də sinxron şəkildə öncə də vurğuladığım kimi, məhz savaşın baş verməməsinə, savaş baş verdikdən sonra isə dayandrılmasına çalışıblar, bu gün də çalışırlar. Çox təəssüf ki, bizim səylərimiz hələlik müsbət nəticə vermir. Geri qayıt |