Əsas Səhifə > Partiya, Güney Press > “Məqam gözləyir ki, onları hərəkətə keçirsinlər”
“Məqam gözləyir ki, onları hərəkətə keçirsinlər”29-04-2022, 09:46 |
Ukraynada davam edən Qərb-Rusiya müharibəsinə mövqelər müxtəlif olsa da, Moskvaya qarşı olanların çoxluq təşkil etməsi faktdır. Rusiyanın işğalçı planlarına qarşı bütün Qərb mediası və cəmiyyəti səfərbər olub. Amma bu müharibənin arxasında Qərbin özünün də planları olduğu, ABŞ-ın birqütblü dünya yaratmaq istəyi də durur. Qərb bütün imkanları ilə anti-Rusiya təbliğatını genişləndirir. Azərbaycan cəmiyyətinin böyük ölçüdə Rusiyaya münasibəti mənfidir ki, bunun bir çox səbəbləri var. Qərbə münasibətdə də cəmiyyətin birmənalı bəyənəcək mövqeyi yoxdur. Amma bu münaqişə dövründə o da hiss olunur ki, ölkə daxilindəki qərbpərəstlər birmənalı olaraq ABŞ-ın mövqeyinə yaxın mövqe nümayiş etdirirlər. Müxalifət cəmiyyətdə təsiredici rıçaqlarını itirib və onların qərbpərəstliyi indi heç nəzərə də çarpmır. Halbuki ABŞ prezidentinin şəkli, Avropa Birliyinin bayraqları ilə müxalifətin Bakıda aksiyalar keçirdiyi də çox uzaq olmayan tarixdir. İndi müxalifət Qərbə münasibətini bu cür aşkar ortaya qoymur, əslində bunun səbəbi də məlumdur. Çünki Qərb onlardan əlini üzüb və dəstəyini kəsib. İndi isə bəzi ayrı-ayrı politoloji mərkəzlər, QHT-lər tərəfindən idarə olunanların mövqeyi diqqət çəkir. Sanki Ukrayna məsələsinin arxasında gizlənərək aşkar Qərbin tərəfini tuturlar, onların təbliğatını aparırlar, Kiyevə göndərilən silahları az qala demokratiyanın müdafiəsi kimi cəmiyyətə sırımağa çalışırlar. Azərbaycanda Rusiyanın “beşinci kolonu” olduğu haqda çox danışılır və bu iddia əsassız da deyil. Amma Ukrayna müharibəsi o faktı da üzə çıxardı ki, Azərbaycanda Qərbin də “beşinci kolonu” var və bu, sadəcə, Ukrayna məsələsini əhatə etmir. Mümkündür ki, yaxın aylarda bu qüvvələr özlərini daha aşkar şəkildə göstərsinlər, Azərbaycanda “demokratiya adı altında” gərginlik yaratmağa cəhd etsinlər. Belə siqnallar şübhəsiz artıq hakimiyyətdə də var. Azərbaycanda Qərbin “beşinci kolonu”nun daha güclü olduğunu demək mümkündürmü? Onlar Rusiya dəstəkçilərindən nə ilə fərqlənirlər? Ölkə və dövlət üçün nə qədər təhlükəlidirlər? dia-az.life-ın məlumatına görə, Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda Rusiyanın “5-ci kolon”unun olduğu Ukrayna hadisələrinin gedişində də müəyyən qədər göründü. Rusiyanı o qədər aktiv şəkildə müdafiə eləyənlər olmasa da, hər halda, müdafiə edənlər oldu: “Ukrayna məsələsində Rusiyanın hərəkətlərinə haqq qazandıracaq bir yer yoxdur. Rusiya başdan-ayağa haqsızdır, işğalçıdır və Ukrayna məsələsində mövqeyinə haqq qazandırmaq qeyri-mümkündür. Ancaq Azərbaycanda Qərbin ”5-ci kolon"u daha təhlükəlidir. Onlar daha yaxşı təşkil olunublar, onların maliyyə imkanları daha çoxdur, onların kütləvi informasiya vasitələri, internet televiziyaları, xüsusilə xaricdən fəaliyyət göstərən internet kanalları açıq şəkildə Qərbin maraqlarına xidmət edir. Dəfələrlə deyilib, Azərbaycan əleyhinə, türk dünyasına qarşı ilk növbədə ABŞ-ın qəbul etdiyi qərarlara heç vaxt Qərbin “5-ci kolon”u reaksiya verməyib və ya haqq qazandırmağa çalışıb. Ən son 24 aprel “erməni soyqırımı” ilə bağlı Co Baydenin bəyanatı oldu və bu bəyanata bizim partiyadan başqa kəskin reaksiya verən siyasi təşkilat görmədim. Ola bilsin, kimsə reaksiya verib, lakin mənim diqqətimdən yayınıb. Digər məsələlərdə də Qərbin atdığı addımlara bu cür yanaşma var. Burada ən təhlükəli odur ki, hər an Azərbaycana qarşı hakimiyyət dəyişikliyinə cəhd göstərilə bilər. Qərb məqam gözləyir ki, “5-ci kolon”unu bu iş üçün hərəkətə gətirsin. Hələlik Rusiya-Ukrayna müharibəsi bir az bu məsələni arxa plana keçirib. Ancaq Qərb bu planından imtina etməyib. Qərb Ermənistanda bu planını 2018-ci ildə həyata keçirdi və məqsədinə çatdı. Ukraynada istədiyi adamı hakimiyyətə gətirdi və Moldovada da Qərbin namizədi seçkilərdə qalib gəldi. Qərb eyni addımları Azərbaycanda da atmaq istəyir. Qərb bununla daha asan idarə olunan hakimiyyət yaratmaq istəyir. Bu da təbii ki, Azərbaycanın maraqlarına qətiyyən xidmət etmir. Əlimizdən gələni etməliyik ki, o cür cəhdlərin qarşısını alaq. Heç kimin kənarda durmağa, Qərbin Azərbaycanda törətmək istədiyi təxribatlara göz yummağa haqqı yoxdur". Politoloq Azad Məsiyev isə bildirdi ki, hər kəsin ölkə qanunlarını və maraqlarını pozmamaq şərtilə öz fikrini, mövqeyini ifadə etmək haqqı var: “İstər rusiyayönümlü, istər qərbyönümlü insanlar olsun, hər kəs öz fikrini qanunlar çərçivəsində ifadə etmək haqqına sahibdir. Azərbaycan hüquqi demokratik dövlətdir və insanlara düşüncə azadlığı verilir. Hər kəsi düşüncəsinə görə ”5-ci kolon" adlandırmaq düzgün olmazdı. Amma bu gün dünyada Soros Fondu deyilən bir mərkəz var və dünyanın bir sıra ölkələrində oturuşub, kök atıb və ölkələrə təsir edir. Həmin fond insanları Amerikanın maraqlarına xidmət edəcək şəkildə formalaşdırır, yönləndirir. Bu iş xüsusi proqram əsasında həyata keçirilir. Soros Fondu ilə əlaqəli olan, işləyən insanları müəyyən mənada Qərbin “5-ci kolon”u hesab etmək mümkündür. Əgər onların fəaliyyəti ölkənin maraqlarına qarşı olarsa, müvafiq orqanlar həmin şəxslər barəsində ölçü götürməlidir. İstər Gürcüstanda, istər Ukraynada, istər Belarusda Sorosun adamlarının çox böyük şəbəkə yaratdığı və hansı addımlar atdığı məlumdur. Bu addımlar sırasında dövlət çevrilişləri, çevrilişə cəhdləri də qeyd edə bilərik. Azərbaycanda belə hadisələrin yaşanmaması üçün ehtimal edilən “5-ci kolon” barəsində ciddi nəzarət tədbirləri olmalıdır. Mən hesab edirəm ki, “5-ci kolon” gizli fəaliyyət göstərən agentura şəbəkəsidir. Hazırda ABŞ demokratiya adı altında dünyada öz imperatorluğunu yaradıb. Bütün dövlətləri bu imperatorluğa tabe etdirmək üçün ölkələrin daxilində öz şəbəkəsini formalaşdırıb. Azərbaycanda da həmin şəbəkənin uzantılarının olması şübhəsizdir. Ona görə də tədbirli olmaq lazımdır". Geri qayıt |