Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycan hansı yolla olursa-olsun, ərazilərini azad edibsə, halal olsun!”
“Azərbaycan hansı yolla olursa-olsun, ərazilərini azad edibsə, halal olsun!”31-08-2022, 08:37 |
Azərbaycan Demokratiya və Rifah Partiyasının lideri, iqtisadçı alim Qubad İbadoğlu sensasiya sayılacaq iddia ilə çıxış edib. O, sosial şəbəkə hesabında yazıb: “Azərbaycan rəsmilərindən Laçın yolunun çəkilişinə sərf olunan büdcəni, Laçından çıxarılan ermənilərə ödədiyi təzminat məbləğlərini açıqlamağı, şəffaf və hesabatlı olmağı tələb edir, Qarabağda korrupsiyaya son qoymağa çağırıram!” Qeyd edək ki, onun bu paylaşımı dərhal erməni sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Erməni jurnalist Roman Baqdasaryan Q.İbadoğlunun paylaşımını skrin edərək, rusca oxucuları ilə bölüşüb. Belə bir iddia sosial şəbəkədə yayıldıqdan sonra bir sıra siyasi fəallar da məsələyə reaksiya verib. “Azərbaycan dövləti xüsusilə Zabuxda evləri salamat vermək qarşılığında ermənilərə kompensasiya ödəyib? Ümid edirəm ki, bu iddia yalandır! Əgər həqiqətən belə bir şey edilibsə, bu, hər mənada çox ciddi yanlışdır!” - statusların birində deyilir. Qeyd edək ki, iddia ilə bağlı rəsmi açıqlama hələ ki yoxdur. dia-az.life-ın məlumatına görə, mövzu ilə bağlı “Yeni Müsavat”a danışan millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, Qarabağ və korrupsiya sözünün bir yerdə işlədilməsi Qarabağın 30 il davam edən işğaldan azad olunması və tarixi zəfərimiz kontekstində çox cılız görünür: “Bu eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən böyük işlərə, tarixi qayıdışımıza kölgə salır. Hesabatlılıq və şəffaflıq, əlbəttə, çox yaxşı amildir. Elə isə gəlin millət olaraq özümüzə hesabat verək, görək biz belə çətin beynəlxalq şərtlər içərisində və belə mürəkkəb regionda Qarabağı necə azad edə bildik. Hesablayaq görək biz 44 günlük müharibədə erməni işğalçı ordusunun silah və sursatını, döyüş texnikasını, hava hücum vasitələrini, tank və artilleriya qurğularını, şəxsi heyətini və. s məhv etməklə Ermənistana nə qədər maddi və mənəvi ziyan vurduq. Hesablayaq ki, 30 illik işğal dövründə ermənilər kənd və şəhərlərimizi, tarixi abidələrimizi, dini və mədəni tikililərimizi dağıtmaqla bizə nə qədər ziyan vurublar. Savadlı və xarici dil bilən iqtisadçılarımız bunları hesablasın və elə Avropanın müvafiq qurumları qarşısında bütün bunlarla bağlı Ermənistana qarşı iddia qaldırsınlar. Bu gün milli maraqlarımız bunu tələb edir. Biz tarix qarşısında bir xalq olaraq milli hesabatımızı 44 günlük müharibədə verdik və alnıaçıq çıxdıq, postmüharibə dövründə də eyni prinsipiallıq və əzmkarlıqla davrandıq. Cəmisi bir neçə gün bundan öncə Laçına , Zabuxa, Susa qayıtdıq. Qarşıda bütün ərazilərimizdə qanunlarımızın tətbiqi və işləkliyini təmin etmək kimi vəzifələrimiz var. Laçının azad olunması bu istiqamətdə açar rolunu oynayırdı. Əsas məsələ budur. Görünür, bunlar kimlərisə narahat edir, kimlərinsə xoşuna gəlmir. İndiki vəziyyətdə özümüzü təftiş edib olub-olmayan məsələlərlə bağlı süni gündəm yaratmaqdansa enerjimizi ictimai mənafelərimiz baxımından daha faydalı olan işlərə sərf edək. Ermənilərə əleyhimizə istifadə üçün fürsətlər yaratmayaq". Millət vəkili Fazil Mustafa isə bunları söylədi: “Azərbaycanda iki cür azərbaycanlı var: ağlı başında olanlar, olmayanlar. Ağlı başında olanlar məsələyə bu cür yanaşır ki, kiminlə istəyirsən danışıq apar, istəyirsən pulla, istəyirsən hərb yolu ilə, ərazilərimiz azad olunsun. Digərləri isə məsələyə sanki bu cür yanaşır ki, bu torpağı niyə azad etmişiniz, bizim nəyimizə lazımdır. Ümumiyyətlə, bizə, Azərbaycana nə lazımdır? Lap tutaq ki, ərazilərimizi azad edib, əlavə 10-20 milyon pul xərcləmişik. Nə olsun? Bu, maliyyə xərclərimizdən daha böyük vəsait deyil ki. Onda belə çıxır ki, Azərbaycan bütün sirlərini açıb ortaya qoymalıdır ki, torpaqlarını necə azad edib? Bizə torpağın azad olunması lazımdır. Bu torpağın azad olunmasına da ağıllı Azərbaycanın hamısı sevinir. Bəli, Azərbaycan bunun üçün qeyri-rəsmi yollarla müxtəlif addımlar atır. İndi bunların hamısı açıqlanmalıdır? Bəlkə onu da açıqlayaq ki, Ermənistanın daxilində nə qədər agentimiz var, onlara nə qədər pul xərcləmişik? Nə qədər Qarabağın içərisində agentimiz var, bəlkə onların şəkillərini çəkib şəffaf şəkildə göstərək, zati-aililəri də onu paylaşsınlar? Əlbəttə ki, ermənilər bu cür məlumatları göydə qapacaq. Ona görə heç bunu müzakirəyə çıxartmağın mənası yoxdur. Beləliklə, həmin yersiz ittihamlar məni o qədər təəccübləndirdi ki, sanki ərazilərimizin azad olunmasını narazılıqla qarşılayırlar. Əgər dövlətimiz bu məsələdə hansısa pulla nəyəsə nail olubsa, halal olsun dövlətimizə, dövlətimizin rəhbərinə! Hansı yolla Qarabağı azad ediblərsə, halal olsun! Ən başlıcası odur ki, həmin ittihamları deyənlərin kəndini Azərbaycan Ordusu işğaldan azad edib. Heç olmasa, onlar bu məsələyə daha həssas yanaşmalı idilər”. Geri qayıt |