Əsas Səhifə > Partiya, Güney Press > “İran xarabalıqda konsulluq açır, ruslar Xankəndidə mitinq keçirirsə...”

“İran xarabalıqda konsulluq açır, ruslar Xankəndidə mitinq keçirirsə...”


1-11-2022, 12:23
“İran xarabalıqda konsulluq açır, ruslar Xankəndidə mitinq keçirirsə...”
Teleqraf.com iki ay əvvəl səhhətində problemlər yaranan, Azərbaycan və Türkiyədə müalicə aldıqdan sonra vətənə qayıdan və hazırda durumu normallaşan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə günün aktual məsələlərini müzakirə edib.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Ağa, necəsiniz, hazırda özünüzü necə hiss edirsiniz?

- Çox sağ olun. Sosial şəbəkələrdə paylaşım etmişəm, mətbuat nümayəndələrinə, millət vəkillərinə, dövlət və hökumət xadimlərinə, Azərbaycan və Türkiyə həkimlərinə, əməyi keçən hər kəsə, o cümlədən dua edənlərə təşəkkür edirəm. Artıq qayıtmışam, evdəyəm və müalicəm üç ay müddətində ev şəraitində davam edəcək.

- Səhhətinizdə nə problemi yaranmışdı?

- İnsult olmuşdum və hər şey bərpa olunmaqdadır.

- Siyasi fəaliyyətinizi bərpa etmisinizmi?

- Bəli, işə çıxmışam, partiyanın məclisinin və idarə heyətinin iclasında iştirak etmişəm. Ara-sıra da işə çıxacağam. Şükürlər olsun ki, hər şey yaxşıdır.

- İranla bağlı gərginlik müşahidə olunur, Tehran hökuməti faktiki Ermənistana açıq dəstək verir, Azərbaycana ad çəkmədən təzyiqlər edir, sərhədlərin dəyişməsini “qırmızı xətti” adlandırır. Buna münasibətiniz necədir?

- Güneylə bağlı bizim dediklərimizi indi cəmiyyətimiz də deməyə başlayıb. Bunu zamanında söyləmişik. Şükürlər olsun ki, indi hökumətimizlə cəmiyyətimizin fikirləri üst-üstə düşür. Sevindirici odur ki, bu mövzuda vahid mövqe var.

Amma pisi odur ki, İran anti-islam cümhuriyyəti olaraq türkə, qonşuluğa, dinə xəyanətdə davam edir. Bu da onun xislətindən gələn məsələdir.

- Sizcə, İranın bu ədalətsiz mövqeyi heç vaxt dəyişməyəcək?

- Qonşuların təzyiqi, zamanın gedişi, dəyişiklik onlara təsir edəcək, ağıllanacaqlar. Şübhəsiz ki, bu, uzun sürməyəcək. Dünyanın və cəmiyyətimizin vahid mövqeyi olduğu halda bu, mümkün olacaq. BMT-nin yarandığı gün onun ilk sessiyasında Güney Azərbaycan məsələsi olub. Bu günə qədər o məsələyə baxılmayıb. İndi Azərbaycan daxil olmaqla bütün dünya İran və onun qonşulara xəyanəti haqqında danışır. Dünyanın ədaləti onda olacaq ki, BMT və bütün dünya ədalətli addım atacaq və Güney Azərbaycan məsələsini müzakirə edəcək. Bax, onda hər şey düzələcək, insanlar inanacaq ki, bəyanatlar boğazdan yuxarı deyil.

- Bir neçə gün əvvəl İran ordusu həm də Azərbaycanla sərhəddə təlim keçirib, guya Arazı keçərək Zəngəzura daxil olmaları ssenarisini oynayıblar...

- Bu, molla rejiminin xislətindən gəlir. Bunu da gizlətmir. Gedib xarabalıqda konsulluq açıblar. Biz də xalq, cəmiyyət və dövlət olaraq nəzərdə tutduqlarımızı və razılaşdırmalarımızı yerinə yetirməliyik. Şuşada Türkiyə Cümhuriyyətinin konsulluğu açılmalıdır. Prezidentlər Ərdoğan və İlham Əliyevin imzaladığı razılaşma reallaşmalıdır. Digər məsələlər var. 44 günlük müharibə zamanı da molla rejimi bacardığı qədər türkə xəyanət və düşmənçiliyini göstərib. Bunun nəticəsində biz Araz boyu bir sutka dayanmalı olduq, onlar da ermənilərin çıxmasına şərait yaratdı. Sonda vəziyyət müharibə şəraitinə gəldi və onlar 24 saatdan sonra geri çəkilməli oldular. Amma bacardıqları qədər də ermənilərə köməklik etdilər. Ötən il də belə təlimlər keçirmişdilər, Tehrandan hədələr gəlirdi, hətta özlərini hansısa dördayaqlı heyvana oxşadıb deyirdilər ki, quyruğumuzla işiniz yoxdur. Biz də bilməliyik ki, bu məsələlərlə bağlı bir olduqca və gücümüzü cəmləyəndə hər şey öz yerində oturacaq. Narahatlıq ona görədir ki, Azərbaycanın bütövləşməsi zamanla gerçəkləşir. Buna görə hətta Bakıda da narahat olanlar var. Onlar da fərqində olmalıdır ki, bu, baş verəcək. Kim günəşi görmək istəmirsə, gözünü yumsun, kor olsun. Amma günəş mütləq doğacaq. Allah, din, coğrafiya bir olduğu kimi millət də bir olacaq, Azərbaycan da bütöv olacaq. Kim bundan narahatdırsa, dəngəsi pozulursa, özü bilər.

- Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulması mövzusunda fəal danışıqlar gedir. Brüsseldə, Praqada, Vaşinqtondan sonra Soçidə də üçtərəfli görüş baş tutdu. Qiymətləndirməniz necədir?

- Dünyanın bu məsələyə diqqət yetirməsi bizim üçün əhəmiyyətlidir. Bunu yenidən Rusiyaya bağlamaq və ondan nəsə gözləmək doğru deyil. Dünən KXCP faşist Rusiyasının vasitəçi ola bilməyəcəyini bəyan edib, bizim hakimiyyətdən də bunu tələb edib. Bütövlükdə Qarabağda hərbi-siyasi vəziyyəti Rusiya ilə müzakirə etmək doğru olmazdı. Rəhmətlik Dudayevin Rusiya ilə bağlı məşhur fikri var - Rusiya ilə bağlanan hər hansı bir saziş su üstündə imzalanan razılaşmaya bənzəyir. Biz də, hökumət də bunun fərqində olmalıyıq. Əlbəttə, arqument belədir ki, Rusiya böyükdür, nəhəngdir. Amma məncə, Rusiyanın böyüklüyündən, qəddarlığından və faşistliyindən qorxmaq lazım deyil. İşğaldan azad etdiyimiz torpaqları əlimizdə saxlamağı bacarmalıyıq. Xocalıda törədilən soyqrımından, 44 günlük müharibənin nəticəsindən sonra Xocalıda əsgərinə abidə qoyursa, Rusiya necə sülhməramlı ola bilər?... Halbuki Xocalıda heç vaxt qeyri-millət olmayıb, orada türk toplumu yaşayıb. Amma orada rus kilsəsi tikirlər və ya Xankəndidə mitinq keçiriblər. Bütün bunların fonunda Soçidə problemin həll ediləcəyini düşünmək doğru olmazdı. Əlbəttə, ora getmək lazımdır, təmsilçilik mütləqdir. Məncə, ora Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşını göndərmək lazımdır.

- Təşəkkür edir, sağlamlıq arzulayırıq.

- Təşəkkür edirəm, oxucularınıza, media nümayəndələrinə bir daha təşəkkürümü ifadə edirəm.

Geri qayıt