Əsas Səhifə > Partiya, Güney Press > Fars-molla rejimi BU ÜSULLA HARA QƏDƏR GEDƏCƏK?
Fars-molla rejimi BU ÜSULLA HARA QƏDƏR GEDƏCƏK?28-12-2022, 08:11 |
İranda hakimiyyət əleyhinə olan etirazlar hələ də səngimir. Rejim isə etirazçılara qarşı sərt cəzalar tətbiq edir. İranın hökumət mollaları etirazçılarla bağlı növbəti qorxunc qərarı veriblər. Onlar etirazçıların əl və ayaqlarının kəsilməsinə nail olmaq istəyirlər. “Azad İran” Telegram” kanalının məlumatına görə, Qum Elmi-Dini Hövzəsinin Müəllimləri Birliyi, o cümlədən İranın şər rejimini dəstəkləyən bir qrup radikal molla İranda etirazları yatırtmaq üçün “İslam qanunlarına əsasən” etirazçıların əl və ayaqlarının kəsilməsini tələb edib. Etirazlar xalqın ayrılmaz hüququdur, etirazçıların öldürülməsi və onlara ölüm hökmünün verilməsi isə beynəlxalq cinayətdir. Etirazçıların edamını tələb edənlər bu cinayətdə iştirak edirlər və buna görə məsuliyyətə cəlb edilməlidirlər. Qeyd edək ki, İranda edam hökmlərinin icrasının sayı ötən illə müqayisədə 88 faiz artıb. İranda İnsan Hüquqları Müdafiə Agentliyinin (HRANA) illik hesabatında bildirilib ki, agentlik cari ildə 267 xəbər mənbəyi tərəfindən yayımlanan insan hüquqlarının vəziyyəti ilə bağlı 13 342 hesabatı toplayaraq təhlil edib. Bildirilib ki, ötən il ərzində İran vətəndaşları fundamental hüquqlarının kobud şəkildə pozulması ilə üzləşiblər. Yeri gəlmişkən, ABŞ İranı ölkədəki bütün etirazçıları qeyd-şərtsiz azad etməyə çağırıb. Bunu Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Ned Prays deyib: “Biz İranda azadlıqlarının dinc şəkildə həyata keçirilməsi üçün həbsdə olan bütün insanların qeyd-şərtsiz azad edilməsinə çağırırıq. Onların hüquqları uğrunda mübarizə davam edir”. DİA.AZ-ın məlumatına görə, İrandakı vəziyyəti dəyərləndirən politoloq Natiq Miri isə “Şərq”ə açıqlamasında deyib ki, hazırda rejim özünün ən təhlükəli dönəmini yaşayır: “Mollakratiya rejiminin güzəştə getməməsi Ali rəhbəri Xameneyi özünü Allahın yerdəki nümayəndəsi sayması ilə əlaqədardır. Özlərini alim sayan mollalar etirazçıları cahil gözündə görür deyə tələblərinin mümkünsüz olduğunu bəyan edirlər. İran rejiminin geri çəkilmək niyyətində olmadığını vurğulayan politoloq deyib ki, radikal cəzalarla insanların gözünü qorxutmağa çalışırlar. Zənn edirlər ki, edamların sayı artsa, etirazçılar öz tələblərindən əl çəkəcək və aksiyaları dayandıracaqlar. Əslində isə cəzaların sərtləşdirilməsi, edamların artması mollaların gözləntilərinin əksi olaraq etirazları daha da alovlandırır. Bu cəzaların fonunda molla rejiminə nifrət artır və qorxu sindromunu aşan etirazçılar, sadəcə, şər qüvvələri məhv etmək barədə düşünür. Əvvəllər etirazlar kor-təbii olurdu. İndi isə İranda milli oyanış və milli azadlıq hərəkatı var. Bu da İranın qondarma rejimini ciddi şəkildə təhdid edir. İran rejimi etirazları yatıra bilmir. Ona görə də etirazçılara qarşı güc strukturları daha amansız davranır, hətta küçələrdə, hamının gözü qarşısında insanları güllələyirlər. Etirazçılara qarşı belə münasibət İrana faydadan çox ziyan vuracaq. Güc tətbiqinin artırılması əks-təsirə səbəb olacaq. Biz bunun təzahürlərini görməkdəyik. İrana qarşı iqtisadi sanksiyalar artıb. Xüsusən də Ukrayna ilə müharibə şəraitində olan Rusiya ilə hərbi tərəfdaşlıqdan sonra onsuz da ağır vəziyyətdə olan İran iqtisadiyyatını çökdürəcək. Nəticədə bu gün nədənsə qorxub etirazlara qoşulmayan insanların da küçələrə axın etməsinə səbəb olacaq”. Artıq İrandakı rejimin perspektivi olmadığını vurğulayan N.Miri deyib ki, şəriətdə əli-qolu kəsmək kimi cəzalar ancaq oğrulara tətbiq olunur. Küçələrə çıxan insanlar isə özlərinin haqlarını tələb edir: “Sərt cəzalar, güc tətbiqi həm də ona görə işə yaramayacaq ki, İranı din pərdəsi altında idarə etmək istəyən molla rejiminə zərrə qədər inam qalmayıb. Çünki molla rejimi İranı islamlaşdırmaqdansa, islamı iranlaşdırıb və fransızlaşdırıb. Məhz buna görə də İranın gələcəkdə molla rejimi tərəfindən idarə edilməsi ehtimalı sürətlə sıfıra yaxınlaşır. İrandakı etirazlarda iştirak edənlərin əksəriyyətinin əsasən tələbə və gənclərdən ibarət olması hazırkı rejimin sürətlə çökməsinə təkan verə biləcək. Çünki etirazın önündə gedənlər ölkənin gələcəyi hesab olunan tələbələr, gənclərdir. Təkcə 35-40 milyonluq Azərbaycan türkləri deyil, türksoylu etnoslar, ərəblər, kürdlər İran rejiminə qarşı etiraza qalxıb. Düzdür, İranda bu zamana qədər də müxtəlif səbəblərlə etirazlar olub, amma budəfəki etirazların miqyasının genişliyi və uzunmüddətli olması bu 3 faktorun birləşməsindəndir. Yəni etiraz edənlər həm rejimdən bezib, həm ağır sosial-iqtisadi vəziyyətdədirlər, həm də etnik kimlikləri, hüquqları ciddi şəkildə pozulur. Sadəcə olaraq aksiyalar vahid mərkəzdən idarə olunan struktur halında deyil. Əsas problem də burdadır. Gələcək perspektivdə etirazçı toplum vahid siyasi liderlərini müəyyənləşdirə bilsə, artıq o zaman İrandakı rejimin çöküşündən danışmaq mümkün olacaq”. Geri qayıt |