Əsas Səhifə > Partiya, Güney Press > "Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar"
"Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar"25-01-2023, 08:53 |
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qurumun son qurultayının nəticələrinin Ədliyyə Nazirliyində qeydə alınmasının uzadılmasından şikayətlənir. 1999-cu ildən dövlət qeydiyyatında olan Azərbaycan Xalq Partiyası 2022-ci il dekabrın 11-də Bakıda 5-ci qurultayını keçirib, nizamnamə və proqram yenilənib, Pənah Hüseyn yenidən sədr seçilib. Partiya sədri yazır ki, 5-ci qurultayın nəticələrinin Ədliyyə Nazirliyində hüquqi fakt kimi qeydə alınması süni şəkildə uzadılır: “27 dekabr 2022-ci ildə yazılı şəkildə iki texniki çatışmazlıq - təqdim edilən sənədlərə nizamnamənin ilk redaksiyada əslinin əlavə edilməməsi, nizamnamənin yeni redaksiyasının titul səhifəsində qeydiyyat ili kimi 1999-cu il əvəzinə 1992-ci ilin getməsi əsas göstərilib. Bunlar düzəldilərək sənədlər yenidən təqdim olunub. 5 yanvar 2023-cü ildə sənədlər titul səhifəsində vəzifəli şəxsin düzgün göstərilməməsi və nizamnamədə sıralama uyğunsuzluğu qeydi ilə geri qaytarılıb. Bu çatışmazlıqlar düzəldiləndən sonra, 23 yanvarda “Siyasi partiyalar haqqında” yeni qanuna istinad olunaraq tamamilə qanunsuz tələb irəli sürülüb. Tələbin yazılı şəkildə təqdim olunmasını gözləyirəm və alandan sonra nədən qanunsuz olduğunu göstərəcəm". Yanvarın 11-də prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzalayaraq onun tətbiqinə fərman verib. Qanuna görə, dövlət qeydiyyatı üçün partiyanın azı 5000 üzvü olmalıdır. Əvvəlki qanun əsasında dövlət qeydiyyatına alınmış siyasi partiyalar 180 gün müddətində üzvlərinin sayını 5000 min nəfərə çatdırmalı, üzvlərinin reyestrini hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməlidir. Dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayı 4500-dən aşağı düşdükdə qurum məhkəmə qərarı əsasında ləğv edilə bilər. 1992-ci ildən partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idi. Hazırda ölkədə 60 partiya dövlət qeydiyyatındadır. AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, AXP-nin qeydə alınmaması böyük ehtimalla anlaşılmazlıqdır. AXP-nin qurultayı yeni “Siyasi Partiyalar haqqında” Qanun qüvvəyə minməmişdən öncə keçirilib. Burada yeni qanunla əlaqəli bir şey yoxdur, partiyanın qurultayı öz vaxtında keçirilib: “Yəni qurultayı ona görə keçirməyiblər ki, yeni qanun qüvvəyə minmədən keçirib məsələni həll etmiş olsunlar. Ola bilsin ki, Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində düşünüblər ki, AXP-nin qurultayının nəticələri qeydə alınacaqsa, partiya artıq 5 min imza təqdim etməli olmayacaq. Nazirlikdə bu cür düşünüblərsə, yanılırlar. Çünki sonuncu qurultayın nəticələri qeydə alınsa belə, AXP də digər partiyalar kimi yeni qanunun tələbinə uyğun olaraq 5 min üzvün imzasını reyestrə təqdim etməlidir. Yeni qanunun qüvvəyə minməsindən öncə qurultayların keçirilməsi partiyaları bu öhdəlikdən azad eləmir. Ola bilsin Ədliyyə Nazirliyi siyasi qərar gözləyir. Yeni qanun, şübhəsiz, partiyalar üçün yeni vəziyyət, yeni problemlər ortaya çıxaracaq. Partiyalar hər il nazirliyə hesabat təqdim etməlidir. Bir sözlə, partiyaların işi-gücü hesabatlar hazırlamaq və təqdim eləmək olacaq”. T.Abbaslı qeyd etdi ki, qanunda partiyalara heç bir ciddi imtiyaz verilmir: “Partiya yaratmaq, onu inkişaf etdirmək işi daha əlverişsiz hala gəlib və gələcək. Beş min imza toplamaq isə xüsusilə bir çox partiyalar üçün ciddi problemlər meydana çıxaracaq. Odur ki, bu gün Azərbaycanda siyasi partiya kimi fəaliyyət göstərmək siyasi anlamda sərfəli deyil. Əminəm ki, bir sıra partiyalar bununla bağlı qərar verəcək ki, bundan sonra siyasi partiya kimi fəaliyyət göstərmək siyasi anlamda faydalıdır yoxsa yox. Partiyalar seçim qarşısında qalacaq. Kimin imza toplayacağını, kimin toplamayacağını, kimin ümumiyyətlə toplamaqdan imtina edəcəyini, kimin kimlə birləşmə qərarı verəcəyini zaman göstərəcək. Ola bilsin, üç-beş partiya birləşib bir partiya kimi çıxış edəcək. Amma partiyaların sayının azalması problemin həlli deyil. Partiyalara büdcədən vəsait ayrılacağına gəlincə, maliyyə ayrılmasında da qəribə qaydalar var. Partiya əgər parlamentdə təmsil olunmursa, ay ərzində dövlət büdcəsindən 350-400 manat pul alacaq. Təsəvvür edin, bir partiya qeydə alınmaq üçün ən azı 5 min üzvün imzasını təqdim edir, deməli, bu partiyanın ən azı beş min üzvü var. Belə çıxır ki, büdcədən ayrılacaq vəsait hər üzv üçün təxminən 1 qəpik olacaq”. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə hesab edir ki, AXP-nin sənədləşmə ilə bağlı problemi tezliklə həll olunacaq: “Bəlkə yeni qanunla bağlı hansısa dəqiqləşməyə ehtiyac var. Bütün hallarda problemin çözüləcəyinə inanıram. O ki qaldı 5 min üzvün imzalı sənədləşməsi məsələsinə, bəli, biz hamımız bu işin üstündə çalışırıq, sənədləşmə yeni qanunun tələblərinə uyğun yenilənir, partiyaya yeni üzvlər qəbul olunur. Qanunun tələblərinə riayət etməyən partiyaların məhkəmə vasitəsilə fəaliyyətinin dayandırılması, ləğvi barədə yeni qanunda müddəa var. Hakimiyyətin partiyalarla bağlı hansı planının olmasından xəbərim yoxdur. Amma siyasi partiyaların sıradan çıxması və ya təmərküzləşməsi prosesinə fərqli yanaşıram. Yalnız demokratik seçkilər nəticəsində partiyalar təsnifata bölünməlidir. Seçkilərdə uğur qazanmayanlar ya sıradan çıxır, ya da kiminləsə birləşir. Təbii və demokratik yol budur”. “Yeni Müsavat” Geri qayıt |