Əsas Səhifə > Partiya, Güney Press > “Vasif Talıbov həzrətləri nə istəyibsə, onu edib”
“Vasif Talıbov həzrətləri nə istəyibsə, onu edib”2-02-2023, 11:03 |
Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvanda keçirdiyi əməliyyatlardan sonra ciddi faktlar ortaya çıxarılıb. Bu əməliyyatların nəticəsində Naxçıvanın ləğv edilmiş Dövlət Gömrük Komitəsinin şöbə rəisi Mənsur Əsgərov, muxtar respublikanın maliyyə naziri Rafael Əliyev və Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib. Bu şəxslərin 500 milyon manata yaxın vəsaiti mənimsədiyi açıqlanıb. Araşdırmalar dərinləşdirildikcə, daha ciddi faktlar, böyük məbləğlər ortaya çıxıb. Məlum olub ki, Vasif Talıbovun yaxın ətrafına məxsus şirkətlər həm vergidən yayınıblar, həm də bu şirkətlərin Naxçıvana idxal etdiyi məhsullardan gömrük rüsumu alınmayıb. Bundan başqa, Naxçıvana ayrılan dotasiyadan tikinti-quruculuq işləri üçün nəzərdə tutulan vəsaitlər də mənimsənilib. Büdcədən oğurlanan, qeyri-leqal yollarla əldə edilən vəsaitlər hesabına böyük şirkətlər yaradılıb, bahalı əmlaklar alınıb. Son məlumata görə, Naxçıvanın Penitensiar Xidmətinin rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov da həbs edilib. General vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almada şübhəli bilinib. DİA.AZ-ın məlumatına görə, Naxçıvanda aparılan təmizləmə prosesini "Şərq"ə dəyərləndirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib ki, Naxçıvanda Vasif Talıbovun 28 illik fəaliyyəti araşdırılarkən məlum olur ki, Azərbaycanın dövlət büdcəsinə milyardlarla manat vəsait vurulub, dotasiya pulları yeyilib. Partiya rəhbəri qeyd edib ki, gömrük rüsumlarından, vergilərdən ciddi yayınmalar aşkarlanıb: ""Gömrük" və "vergi" adı altında toplanan vəsaitlər dövlət büdcəsinə keçirilməyib. İş adamlarının əmlaklarına əl qoyulub. Biznes sahələri monopoliyaya götürülüb. Naxçıvan sözün həqiqi mənasında muxtar, hətta müstəqil, əlahiddə zona kimi idarə olunub və Bakıdan asılılığı sıfıra endirib. Özü də monarxiya, krallıq, şeyxlik kimi yönəldilib. Vasif Talıbov həzrətləri nə istəyibsə, onu edib. Cəmi üç vəzifəli şəxsin mənimsədiyi vəsait yarım milyon manat həcmindədir. Təbii ki, mənimsənən bütün vəsait dövlətə geri qaytarılmalıdır. Dövlətə vurulan ziyan ödənilməlidir. Talıbovlar ailəsinə məxsus bütün əmlaklara birmənalı həbs qoyulmalıdır. Qanunsuz əməl sahibləri mütləq və ən sərt şəkildə cəzalandırılmalıdır ki, digərlərinə də görk olsun. Qanunun aliliyi sübut olunmalıdır, hamı bilməlidir ki, insanlar qanunlardan üstün ola bilməz. Bu, həm də dövlətçilik sütunlarının formalaşması üçün lazımdır. Əgər kimsə cəzasız qalsa, törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunmasa, onların əməlləri digərləri üçün "stimul" olacaq. Belə halda hansısa korrupsioner məmurun başqa bir rüşvətxorla əvəzlənməsi heç nəyi dəyişməyəcək. Məsələn, son zamanlar müşahidə edirik ki, bəzi rüşvətxor məmurların üzərinə həbs qoyulmuş əmlakları bir müddət sonra onlara geri qaytarılır. Bu, təhlükəli və çox ziyanlı tendensiyadır". T.Abbaslı vurğulayıb ki, büdcədən mənimsənilən hər bir manat müsadirə olunmalıdır: "Necə olur ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin araşdırmaları nəticəsində əlilliyi "saxta" elan olunmuş vətəndaşdan illərlə aldığı müavinət qəpiyinədək geri alınır, amma milyardlarla manat oğurlamış generalların, icra başçılarının pulu onlarda qalır?! Bu, onların halal malı deyil ki, toxunulmasın. Korrupsiyanın kökünü kəsmək istəyiriksə, qanunsuz yolla əldə olunmuş bütün mal-mülk müsadirə olunaraq büdcəyə qaytarılmalıdır". Geri qayıt |