Əsas Səhifə > Partiya, Güney Press > "Anti-terror əməliyyatı qaçılmazdır"

"Anti-terror əməliyyatı qaçılmazdır"


23-02-2023, 07:51
"Anti-terror əməliyyatı qaçılmazdır"
Ermənistan silahlı qüvvələri sərhəddə və Qarabağda növbəti dəfə təxribata əl atıblar. Erməni tərəfi Ordumuzun Tovuzun Ağdam yaşayış məntəqəsi və Naxçıvanın Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərimizi snayperdən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə məruz qoyub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər, Şuşa və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqelərimizə atəş açıblar.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb və düşmən susdurulub. Ekspertlərin fikrincə, Avropa İttifaqının "mülki missiyası"nın Ermənistana gəlişi fonunda silahlı qüvvələrin aktivləşməsi təsadüfi deyil. Görünür, təlimat Kremldən deyil, Fransa Prezidenti Emmanuel Makronun ofisindən verilib. Hesab edilir ki, Ermənistan təxribatlar həyata keçirməklə, Avropa İttifaqının anti-Azərbaycan bəyanatlar hazırlamasına nail olmağa çalışır. Yəni hərbi yolla Azərbaycana təzyiq edə bilməyən rəsmi İrəvan Fransa ilə birgə siyasi yolla təzyiq planını işə salmaq istəyir.
DİA.AZ-ın məlumatına görə, erməni təxribatını "Şərq"ə dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev bildirib ki, eko-fəalların Laçın yolunda təşkil etdikləri və aylardır davam edən aksiyalarda şüarları dəyişməyin zamanıdır. Partiya rəhbərinin sözlərinə görə, Xankəndidən qovulmuş 15 min insan aksiyada yeni şüarlar səsləndirməlidir: "Onlar "biz evimizə qayıdırıq" şüarını dilə gətirməlidir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sazişin 4-cü bəndinə əsasən, erməni silahlılarının bölgədən çıxarılması və 9-cu bəndə görə, oradan qovulmuş Azərbaycan türklərinin geri dönüşü iddialarını təmin etmək üçün təzyiqlərimizi artırmalıyıq. Əvvəlcədən demişdim ki, Avropa İttifaqının, Fransanın polis və hərbçilərinin Azərbaycan sərhədinə göndərilməsi ilə vəziyyət mürəkkəbləşəcək. Bu təxribatlar gözlənilən idi. Ona qədər müəyyən addımlar atılmalıydı. Ancaq indi də gec deyil. Vurğuladığım məsələlərin üzərinə gedilməlidir. Qarabağdakı proseslərin yenidən 1988-ci il səviyyəsinə qayıtmasına imkan verməməliyik. Bölgədə ona bənzər proseslər gedir. Ermənilər təhlükəli şüarlarla çıxış edirlər və təxribatlar törədirlər. Atəşin pozulmasında həm Rusiyanın, həm də Qərbin əli var. Daha doğrusu, ortaq maraqları var. Rusiya Ermənistana təzyiq göstərir ki, Moskvanın başı üstündən bölgəyə kənar qüvvələr gətirməsin. Ona görə də özünə bağlı qüvvələri motivasiya edərək təxribata əl ata bilər. Digər yandan, təxribat Qərbə də sərf edir. Bunlar iddia edir ki, "baxın, regiona gəlməyimiz zərurətdir, çünki orada vəziyyət gərgindir və s". Söhbət ondan gedir ki, indi bölgədə yaranmış status-kvo həmin güclərə sərf etmir. Oyundan kənarda qaldıqları üçün təzyiq metodlarını işə salırlar, yəni qüvvələr bir-biri ilə oynayır. Ermənistandan daha çox bu ölkəni oynadanlar meydanda oynayır".
F.Quliyev hesab edir ki, çox soyuqqanlı şəkildə rusların və ermənilər imza atdığı üçtərəfli sazişə istinad edərək ərazilərimizdən dərhal erməni silahlılarının çıxarılmasını reallaşdırmalıyıq: "Daha sonra əhalimizin ora geri qayıtmasını təmin etməliyik. Məskunlaşma olmadan Qarabağda problemləri həll etmək çətin olacaq. Çünki əhalimiz orada olarsa, onları qorumaq üçün polisimiz, hərbçimiz də bölgəyə daxil olmalıdır. Mülki idarəetmə bizə keçməli və öz ərazilərimizdə suverenliyimiz bərpa edilməlidir. Bu məsələlərdə cəld tərpənməliyik. Anti-terror əməliyyatı qaçılmazdır. Nəzərə alaq ki, anti-terror əməliyyatı dünya üçün sürpriz olmayacaq. Çünki Münhendə dövlət başçımız tərəfindən bildirildi ki, Ermənistan kapitulyantdır və Qarabağda baş verənlər Azərbaycanın daxili işidir. Hətta Prezident irad tutdu ki, beynəlxalq təşkilatlar "Dağlıq Qarabağ" ifadəsini işlətməsinlər. Bizim inzibati ərazi bölgümüzdə belə söz yoxdur. Azərbaycanın daxili işinə heç kim qarışa bilməz. Bu mesajlardan sonra işimizi görə bilərik. Çəkinməyə ehtiyac yoxdur. Rusiyanın başı kifayət qədər qarışıqdır. Fransa və Almaniyanın 5-10 polisi də bizə təsir göstərə bilməz. Əgər təhdid olunuruqsa, təhdid nöqtələri bizim üçün legitim hədəflərdir. Kim nə deyirsə, desin, artıq sərt üzümüzü göstərməyin vaxtıdır. Boş buraxsaq, ermənilər 1988-ci il sindromunu diriltməyə çalışacaq".

Geri qayıt