Əsas Səhifə > Partiya, Güney Press > "Qərb ölkələri birbaşa və İran vasitəsilə Azərbaycana ciddi təzyiq göstərir"

"Qərb ölkələri birbaşa və İran vasitəsilə Azərbaycana ciddi təzyiq göstərir"


24-03-2023, 10:21
"Qərb ölkələri birbaşa və İran vasitəsilə Azərbaycana ciddi təzyiq göstərir"
DİA.AZ Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Paşinyan əldə olunmuş yazılı razılaşmalar əsasında sülh sazişi imzalanacağı barədə nikbin bəyanatla çıxış edib. Onun dediklərinə inanırsınızmı?

- Rusiya razı olmadıqca qərbyönümlü siyasətçi olduğunu hər addımbaşı nümayiş etdirməyə çalışan “sorosçu” Paşinyanın Azərbaycanla sülh sazişi imzalayacağı az inandırıcı görünür. Putinin isə həm Valday klubunda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan çıxışı, həm də 10 noyabr 2020-ci il üçtərəfli sazişin yerinə yetirilməsi üçün Ermənistana təzyiq etməməsi Rusiyanın iki qonşu ölkə arasında sülhün olmasını istəmədiyini nümayiş etdirir. Sülh üçün Azərbaycan Ermənistanla yox, Rusiya ilə intensiv danışıqlar aparmalı, paralel olaraq Ermənistana təzyiqləri ciddi şəkildə artırmalıdır. Açıq-aydın görünür ki, Qarabağdakı mövcud status-kvonun qorunub saxlanması, yəni işğalçı rejimin de-fakto müstəqil ölkə kimi yaşaması üçün Qərb ölkələri birbaşa və İran vasitəsilə Azərbaycana ciddi təzyiq göstərir, bizə dövlət sərhədlərimizi bərpa etməyə imkan vermir, bizi Ermənistanla uzunmüddətli mənasız danışıqlara sövq edib özləri üçün əlverişli zamana qədər vaxt qazanmaq istəyirlər.

- Belə çətin geosiyasi vəziyyətin olduğu bir zamanda Azərbaycanın Qarabağda suveren hüquqlarını bərpa edəcəyi mümkün görünürmü?

- İlham Əliyev qlobal miqyaslı siyasi fiqurdur. O, bu günə qədər Qərblə Rusiya arasında balanslaşdırılmış siyasət aparmağa nail olub. İndi Qərb ölkələri bizdən Rusiya ilə münasibətlərə yenidən baxmağı tələb edir. Onlar fikirləşirlər ki, Azərbaycanın Rusiya ilə münasibətlərinin gərginləşməsi həm Rusiyanı zəiflədər, həm də birinci Qarabağ savaşında olduğu kimi Rusiyanın Ermənistanı açıq müdafiə etməsinə səbəb olar. Amma İlham Əliyev dəfələrlə bəyan edib ki, ciddi dövlət adamı hər cür təzyiq qarşısında heç vaxt milli maraqlardan geri çəkilməməlidir. Biz beynəlxalq qanunlara əsaslanan hüquqlarımız uğrunda, işğala qarşı mübarizə aparırıq. Hamımız bilirik ki, xalqımızın Qarabağ problemindən də böyük dərdi var. Geosiyasi vəziyyət həqiqətən ağırdır, amma ciddi qərarların qəbulu, ağır problemlərin həlli bir qayda olaraq çətin və mürəkkəb dövrlərdə mümkün olur. Görünən odur ki, İlham Əliyev dünyanın və regionun böyük oyunçuları ilə təkcə Qarabağ məsələsəni yox, xalqımızın gələcəyi ilə bağlı daha ciddi məsələləri də müzakirə edir. İnşallah, ədalətli tərəf kimi sonda qalib gələcək, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan regionun böyük güclərindən birinə çevriləcək.

- Qüdrət bəy, sizə elə gəlmir ki, bəzən biz özümüz islahatları genişləndirməməklə Qərbə bizə təzyiq üçün bəhanələr, əsaslar veririk?

- Bütün istiqamətlərdə islahatların dərinləşdirilməsi üçün iqtidara mütəmadi olaraq çağırışlar edirəm. İqtidar düşünür ki, xalqımızı onun indiki durumu qane edir. Xalqımız aşağıdan islahatların zəruriliyi barədə iqtidara ciddi siqnallar ötürə bilmir. Gələn siqnallar isə islahatların xeyrinə deyil, əksinə, iqtidarı qorxudur ki, böyük dəyişikliklər ölkədə sabitliyi pozar, xaosa yol açar, “qaş qoymaq istədiyimiz yerdə vurub gözü də çıxardarıq”, əldə etdiklərimizi də itirərik. Gəncə qiyamı, Elçibəyin devrilməsi, Heydər Əliyevin prezidentliyi zamanı hərbi çevriliş cəhdləri çox da uzaq keçmişdə baş verməyib. Mən iqtidarın islahatları yubatmasına haqq qazandırmıram, amma onların bu istiqamətdə fəaliyyətsizliklərinin motivlərini başa düşməyə çalışıram. Xalqımız inkişafın yeni mərhələsinə keçməyə, demokratik dəyişiklikləri müdafiə etməyə hazırlığını nümayiş etdirəndə, bölgədə geosiyasi vəziyyət islahatların ölkəmizi zərbə altında qoymayacağına əminlik yaratdıqda İlham Əliyev çevik siyasətçi kimi islahatların başında dayanacaq. Hamımızı qane etməsə də, hələlik cəmiyyətin dəyişikliklərə hazırlanması prosesi gedir.

- “Siyasi məhbus” məsələsi, insan hüquq və azadlıqlarının mövcud durumu barədə nə deyə bilərsiniz?

- Hər zaman hökumətə insan hüquq və azadlıqlarını qoruyan beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus hesab olunan, şəxsiyyət və dövlət əleyhinə ağır cinayətlər törətməmiş şəxslərin azadlığa buraxılması, müstəqil və güclü məhkəmə hakimiyyətinin formalaşdırılması üçün müraciət etmişəm - beynəlxalq təşkilatların onları maliyyələşdirənlərin sifarişlə işlədiyini, bəzən ədalətsiz olduqlarını bildiyim halda belə…

Çünki bizim istəyib-istəməməyimizdən asılı olmayaraq, ölkəmizdə insan hüquqları və qanunun aliliyi ilə əlaqədar vəziyyətin necəliyi barədə beynəlxalq ictimai fikri onlar formalaşdırır. Bizə isə Qarabağ məsələsinin ədalətli həlli üçün beynəlxalq dəstək, iqtisadiyyatımızın inkişafı üçün isə investisiya lazımdır. Ümid edirəm böyük dövlət adamı Heydər Əliyevin 100 illiyi ilə əlaqədar siyasi məhbus hesab olunanların hamısı əhv olunacaq və onlar da reallıq hissini itirməyəcək, davranışlarında etik çərçivəni aşmayacaq, başa düşəcəklər ki, onların müxalif fəaliyyəti onlar üçün toxunulmazlıq immuniteti yaratmır.

Geri qayıt