Əsas Səhifə > Partiya, Güney Press > Müxalif partiya lideri İlham Əliyevə təşəkkür etdi...

Müxalif partiya lideri İlham Əliyevə təşəkkür etdi...


24-04-2023, 08:18
Müxalif partiya lideri İlham Əliyevə təşəkkür etdi...
Dünən Laçın - Xankəndi yolunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarət - keçid məntəqəsi yaradılıb.
Rəsmi informasiya verilməsə də, KİV-lər bu barədə məlumat yayıb və inanıram ki, bu belədir.
Laçın-Xankəndi yolunun tam nəzarətimizə keçməsi elə Şuşanın, Laçının, Kəlbəcərin, Füzulinin, Ağdamın, Zəngilanın, Qubadlının, Cəbrayılın, Hadrutun və onlarla digər yaşayış məntəqəsinin işğaldan azad olunmasına bərabər və hətta onlardan üstün qələbədir.
Bu dövlətin öz sərhədlərinə nəzarətidir, bu müstəqilliyin və suverenliyin ən başlıca şərtidir.
Müstəqilliyimizin bərpasından bu günə kimi atılan ən böyük və cəsarətli addımlardan biri, bəlkə də birincisidir.
Təşəkkür edirəm Azərbaycan ordusunun əsgər və zabitlərinə, Dövlət Sərhəd Xidmətinin kollektivinə, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarına, bu işdə əməyi keçən hər kəsə.
Təbii ki, Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevə...
2020-ci ildə başlayan uğurlu əks-hücum əməliyyatına birbaşa rəhbərlik edən, təhdid və hədələrdən çəkinməyərək Şuşaya qədər gedən Azərbaycan hərbçilərinin Ali Baş Komandanı kimi Cənab İlham Əliyev yeni tarix yazdı.
Necə ki, ölkədəki neqativlər barədə tənqid birbaşa iqtidarın rəhbəri kimi ona ünvanlanır, qalibiyyət həm də məhz onundur. Haqqını vermək lazım.
Bir müxalif partiyanın sədri kimi, sosial-iqtisadi vəziyyətin ağırlığından, korrupsiyadan, rüşvətxorluqdan, məmur özbaşınalığından, insan haqlarının pozulmasından, məhkəmə hakimiyyətinin azad olmamasından, seçki pozuntularından danışıb tənqiq etdiyimiz kimi, qələbəni də öyüb təbrik etməyi bacarmalıylq.
Həm də təkcə təbrik etməklə görəvimizi bitmiş hesab etməməliyik.
Milli məsələ, sərhədlərin bağlanması və keçid məntəqəsinin yaradılması iqtidarın vəzifəsidirsə və vəzifəsinin öhdəsindən gəlibsə, qorumaq və təzyiqlərə qarşı durmaq, sinə gərmək hamımızın işidir - iqtidarın da, müxalifətin də, vətəndaş cəmiyyətinin də, mətbuatın da, vətəndaşlarımızın da...
Burda mən, sən yoxdur, iqtidar-müxalifət yoxdur, demokrat-avtoritar, millətçi-liberal yoxdur.
Burda biz varıq - Azərbaycan və özünü azərbaycanlı hesab edən hər kəs.
Rusiya da, İran da, Avropa da, demokratik dediyimiz dünya da üstümüzə gələcək. Bizdən haqqımızdan və hüququmuzdan əl çəkməyimizi istəyəcəklər.
Bir addım da geri qoymamalıyıq. Bu savaşda iqtidarı da, onun rəhbəri Prezident İlham Əliyevi də heç bir bəhanə ilə yalnız buraxmamalıyıq.
Bu demokratiya, insan haqları, korrupsiya, seçki davası deyil.
Bu Azərbaycan davasıdır, milli davadır.
Kimsə qeyri-demokratlığı, nə bilim daha nəyi bəhanə gətirərək Azərbaycan davasından yaxasını kənara çəkməsin.
"Ay Ermənistanda demokratiya bizdən üstündür", "hardasa uşaq pulu verirlər, bizdə yox", "Qarabağda yaşayan ermənilər bizə niyə birləşsin" deyənlər, sadəcə unutmasınlar ki, bu neqativlərin olması kiməsə separatçılıq etməyə haqq vermir, siz isə düşmən dəyirmanına su tökməməlisiniz. Onlar da Azərbaycan vətəndaşı kimi buyursunlar, demokratik cəmiyyət quruculuğu istiqamətində hamılıqla mübarizə aparsınlar. Daha nəsə yoxdursa, Vətən bölməyə kimsənin haqqı yox...
Unutmayın, iqtidarın siyasətini qəbul etməyənlər müxalifət, Vətən, milli məsələlərdə yanlış edənlər xain adlanır...
P. S. Bu qələbənin əsasını 44 günlük savaşın şəhidləri və qaziləri qoyublar. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Şəhid ailələrinə səbir və mətanət arzulayıram.
Onların haqqı ödənilməz!!!

İqbal Ağazadə
Ümid Partiyasının sədri

Geri qayıt