Əsas Səhifə > Partiya, Güney Press > "Paşinyan başda olmaqla, erməni rəsmilərin dünən söylədikləri ilə bu gün dedikləri üst-üstə düşmür"

"Paşinyan başda olmaqla, erməni rəsmilərin dünən söylədikləri ilə bu gün dedikləri üst-üstə düşmür"


3-06-2023, 09:48
"Paşinyan başda olmaqla, erməni rəsmilərin dünən söylədikləri ilə bu gün dedikləri üst-üstə düşmür"
İyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri arasında qeyri-rəsmi formatlı görüş keçirilib. Görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron da iştirak ediblər.
Beştərəfli, qeyri-rəsmi formatlı görüşün pozitiv müstəvidə keçdiyi bildirilib.

Görüşdə əsasən sülh müqaviləsi ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyi danışılıb. İyulun 21-də Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək. Buna qədər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda növbəti görüşü baş tutacaq. Vaşinqtondakı danışıqlarda əsas müzakirə mövzusunun sülh müqaviləsi olacağı barədə məlumat verilib. Qeyd olunub ki, Brüssel formatında Şarl Mişelin vasitəsilə aparılan danışıqlar daha çox koordinasiya xarakteri daşıyır və əsas müzakirələrin bu üçtərəfli görüşdə aparıldığını qeyd eləmək mümkündür. Şarl Mişel deyib ki, mayda Brüsseldə toxunulan bütün mövzular yenidən müzakirə predmeti olub: "Kişineu görüşü iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüş üçün çox yaxşı hazırlıq oldu. Bu, o deməkdir ki, biz çox çalışırıq və əlaqələrin normallaşması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik. Eyni zamanda bu da bəyan edildi ki, Prezident Əliyev və Baş nazir Paşinyanı, kansler Şolts və Prezident Makronu İspaniyada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində bir daha dəvət etmək niyyətindəyik". Məlumat üçün deyək ki, bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Aİ liderlərinin daha bir beştərəfli görüşü keçiriləcək. Prezidentin köməkçisi Hikmət Hacıyev də qeyri-rəsmi görüşlə bağlı paylaşım edib: “Prezident Şarl Mişel tərəfindən üçtərəfli formatda, həmçinin Almaniya və Fransanın iştirakı ilə Avropa Siyasi İcması çərçivəsində keçirilən görüş qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçdi. İyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi razılaşdırılıb”.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqların növbəti raundu iyunun 12-də ABŞ-də başlayacaq. Ekspertlərin sözlərinə görə, Kişineuda beştərəfli formatda keçirilən qeyri-rəsmi görüşdə heç bir nəticə əldə olunmayıb. Mişelin bəyanatından aydın olur ki, masada indiyə qədərki gündəlik yenidən müzakirə olunub və növbəti beştərəfli görüşün keçirilməsi razılaşdırılıb. Növbəti beştərəfli görüşlə bağlı razılıq Bakı-İrəvan münasibətlərinin qurulması prosesində oyunçuların sayının çoxalması deməkdir və formatın böyüməsi maraqların da çoxalması ilə nəticələnəcək. İrəvan bunu prosesdən yayınmaq üçün manevr imkanı olaraq görür.

DİA.AZ-ın məlumatına görə, Kişineu görüşü ilə bağlı "Sherg.az"-a danışan millət vəkili Elman Məmmədov deyib ki, beynəlxalq vasitəçilər və Ermənistan məqsədyönlü şəkildə vaxtı uzatmağa çalışırlar. Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsindən ötən 3 ilə yaxın zaman ərzində çoxsaylı görüşlər keçirilib:

"Həm Rusiyanın, həm də ABŞ və Avropanın vasitəçiliyi ilə görüşlər baş tutub. Həmin görüşlərlə bağlı müsbət yanaşmalar da olub, mənfi rəylər də. Kişineu görüşü haqqında verilən bəyanatlardan, açıqlamalardan aydın olur ki, müəyyən irəliləyiş var. Ancaq əfsuslar ki, bunlar sözdə irəliləyişlərdir, əməldə, reallıqda irəliyə doğru heç nə müşahidə olunmur. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Qarabağdakı qeyri-qanuni silahsız dəstələr torpaqlarımızdan çıxmalı idi. Baş nazir Nikol Paşinyan da bu sənədə qol çəkib. Lakin iki il yarım zaman ötsə də, qanunsuz dəstələr hələ də çıxarılmayıb, separatçılar zərərsizləşdirilməyib. Heç bu istiqamətdə hansısa addım da atılmır. Sərhədlərin delimitasiya və demarkasiyası prosesində də ancaq söz-söhbət var, ortada əməli addımlar yoxdur. Zəngəzur dəhlizi məsələsi də ara-sıra gündəmə gəlsə də, İrəvan bununla bağlı konkret mövqe ortaya qoymur. Əlbəttə, Ermənistan özbaşına deyil, Rusiya İrəvana imkan vermir ki, hansısa məsələlərlə bağlı addımlar atsın. Moskva Azərbaycan-Ermənistan arasında dayanıqlı sülhün imzalanmasında maraqlı deyil. Bunun da səbəbi gün kimi aydındır. Sülhün imzalanması o deməkdir ki, ondan sonra bölgədə Rusiyanın varlığına ehtiyac qalmayacaq. Kreml öz mövcudluğunu qorumaq üçün İrəvanın sülh danışıqlarında, müzakirələrdə irəliyə doğru addımlamasına mane olur. İstənilən görüş təşəbbüsü zamanı, hətta görüşlər vaxtı dərhal sərhəddə, Qarabağda təxribatlar gündəmə gəlir. Müvəqqəti olaraq ərazimizə yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti də bu məqsədə qulluq edir. Nəticədə Paşinyan başda olmaqla, erməni rəsmilərin dünən söylədikləri ilə bu gün dedikləri üst-üstə düşmür. Sözləri ilə əməlləri ziddiyyət təşkil edir. Ona görə də Vaşinqton və Brüssel görüşlərindən ciddi nəticələr hasil olmur".

Parlament üzvü vurğulayıb ki, avantürist Minsk qrupuna bənzər yeni formatları ortaya atmağa çalışırlar:

"Ermənistan yenə də əvvəlki hiyləgər, məkrli siyasətlə məşğuldur. Görünən odur ki, vasitəçilər də qalib və məğlub dövlət arasında fərq qoymadan Ermənistanın nazı ilə oynayırlar. 15-20 min erməninin taleyindən "narahat" olan beynəlxalq vasitəçilər 30 il blokadada qalmış Naxçıvanla maraqlanmayıblar. Azərbaycan öz işini görür, haqq davasını aparır. Əgər mənasız görüşlər nəticə verməzsə, BMT-nin 4 qətnaməsini savaş meydanında icra etdiyimiz kimi Ermənistanla münasibətləri də özümüz həll edəcəyik. Qarabağda separatçılığa son qoyaraq, erməni quldurlarını torpaqlarımızdan rədd edəcəyik".

Geri qayıt