Əsas Səhifə > Partiya, Güney Press > “Müsavat, AXCP və REAL qeydiyyata alınacaq”
“Müsavat, AXCP və REAL qeydiyyata alınacaq”21-07-2023, 08:48 |
“Yeni Azərbaycan Partiyası "Siyasi partiyalar haqqında" yeni qanunun tələbinə uyğun olaraq üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim etmişdi. Artıq nazirlikdən bizə müsbət cavab gəlib. 750 min üzvümüzlə yenidən dövlət qeydiyyatına alınmışıq". Bunu Gununsesi.info-ya açıqlamasında YAP sədrinin birinci müavini, partiyanın Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov deyib. Ədliyyə Nazirliyi əməkdaşlarının siyahıda üzv kimi təqdim olunan YAP-çılara telefon açıb-açmamasına gəlincə, Tahir Budaqov deyib ki, nazirlik bunu dəqiqləşdirmə üçün edib: “Bəli, bizim də adlarını təqdim etdiyimiz üzvlərimizə zənglər edilib. Burada qeyri-adi nəsə yoxdur”. Qeyd edək ki, Ədliyyə Nazirliyi REAL və Müsavat partiyalarına, həmçinin AXCP-yə mənfi cavab verib. Müsavat başqanı Arif Hacılının iyulun 19-da yaydığı məlumata görə, nazirlikdən partiyaya göndərilən məktubda sənədlərdə qüsurlar olduğu vurğulanıb, o cümlədən qeyd edilib ki, reyestrdə adı göstərilmiş 5212 nəfərin 2766-sı barədə bilgilər dəqiq deyil, 250 nəfər telefon zənginə cavabında partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb. Çatışmazlıqları aradan qaldırmaq üçün partiyaya 30 gün vaxt verilib. 1911-ci ildə yaradılan Müsavat Partiyası sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda keçirilən qurultayda bərpa olunaraq dövlət qeydiyyatına alınıb. AXCP-nin də təqdim etdiyi üzvlər siyahısı araşdırılıb və 5 min üzvdən az sayda partiya üzvünün dəqiq olduğu məlum olub. Ədliyyə Nazirliyi AXCP-yə də çatışmazlıqları aradan qaldırmaq üçün 1 ay vaxt verib. İyulun 17-də isə REAL-a Ədliyyə Nazirliyindən mənfi cavab daxil olub. Bildirilib ki, siyahıdakı 986 nəfər partiyanın üzvü deyil, 1058 nəfərin telefon nömrəsi yerinə partiyanın ofisinin telefon nömrəsi göstərilib, 2527 nəfərin adı, soyadı və doğum tarixləri dövlət reyestrində təsdiqini tapmayıb, 68 nəfərin adı təkrar göstərilib, 16 nəfər isə vəfat etmiş şəxslərdir. Yalnız 463 nəfər barədə bilgilərə hər hansı irad olmayıb. REAL sədri İlqar Məmmədov isə Ədliyyə Nazirliyinə məktub göndərib. O, partiya üzvlərinin reyestrinə dair iradları konkret göstərməyi xahiş edib. REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb. İyulun 20-də REAL Partiyasının rəhbərliyi məsələ ilə bağlı mətbuat konfransı keçirib. Partiyanın icraçı katibi Natiq Cəfərli deyib ki, REAL-ın qeydiyyatını əsassız olaraq ləğv etsələr, dərhal Erkin Qədirli deputat mandatından imtina edəcək: “Bu, REAL-ın qərarıdır. Partiyaya qarşı təzyiqə, qeydiyyatımıza əngələ bu yolla cavab verəcəyik. Bununla da Erkin bəy Avropa Şurasındakı təmsilçiliyini itirəcək. 20 ildən sonra ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyasında səsverməyə iqtidar nümayəndələri ilə eyni yanaşmayan deputatımız var. Məsələn, Ukrayna məsələsində Rusiyanın əleyhinə səs verən Erkin bəy idi. Hansı ki, bu, Avropada geniş əks-səda yaratmışdı. Bundan başqa, AŞ PA-da kvotalara görə yox, Erkin özünün fəaliyyətinə görə Prosedurlar Komissiyası kimi çox vacib komissiyaya sədr müavini seçilib. Bu, uzun illərdir Azərbaycanın nail olmaq istədiyi məsələ idi ki, Erkin bunu bacardı. REAL-ın bir deputatının fəaliyyəti Azərbaycana əlavə dividentlər qazandırıb. Erkinin deputat mandatından imtina etməsi kimi məsələnin riskini hakimiyyət gözə almalıdır. Əgər REAL-ın qeydiyyatını saxlamasalar, mandatdan imtina Avropa və dünya mediasında geniş ajiotaja səbəb olacaq”. Bəs əgər Müsavat, AXCP kimi köklü partiyalar, həmçinin REAL Partiyası qeydiyyata alınmasa, bu, cəmiyyətdə hansı gərginliklərə səbəb olacaq? Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna hansısa mənfi təsirləri ola bilər? DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, Müsavat və AXCP kimi köklü müxalifət partiyalarının, o cümlədən parlamentdə təmsilçisi olan, təmsilçisi AŞ PA-da olan REAL Partiyasının qeydə alınmaması Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən narazılıqla qarşılanar və Azərbaycanın beynəlxalq nüfuzuna mənfi təsirləri olar. Həmin partiyaları hökumət istəsə də, istəməsə də, beş mindən çox üzvü var: “Mən buna əminəm. Həmin partiyaların və digər müəyyən qədər nüfuzu olan partiyalar var ki, onların qeydə alınmaması problem yaradacaq. İndiki həssas vaxtda bu, Azərbaycana lazım deyil, Azərbaycanın maraqlarına cavab verməz. Ona görə də əminəm ki, adını çəkdiyiniz üç partiya dövlət qeydiyyatına alınacaq. O partiyalara üzümü tutaraq deyirəm ki, narahat olmalarına ehtiyac yoxdur. Sadəcə, sənədlərini daha da dəqiqliklə hazırlayıb təqdim etsinlər. Müvafiq rəsmi qurumlara isə demək istəyirəm ki, partiyaların üzvlərinin araşdırılmasının telefonla zəng etməklə həyata keçirmək yanlışdır və yaxşı effekt verməyəcək. Bəzi insanlar onlara nazirlikdən zəng gələndə və "müxalifət partiyasının üzvüsünüz" sualı ünvanlananda ehtiyatlanır, qorxurlar ki, görəsən nə üçün araşdırma aparılır, işimə-filana problem yarana bilər və s. Ona görə də bu qorxunun təsiri altında bir sıra insanların partiya üzvü olduğunu danması halları ola bilər. Bəzi insanların isə telefonu olmaya bilər. Bu və digər məsələləri nəzərə alsaq, hesab edirəm ki, partiyaların üzvlərini telefonla araşdırmaq düzgün deyil, reallığı ortaya çıxarmayacaq. Vətəndaşı qorxuya salmayan başqa araşdırma, sorğu formasını tətbiq etmək lazımdır". Geri qayıt |