Əsas Səhifə > Partiya, Güney Press > Müsavatda “atəşkəs”: narazıların sayı azalır

Müsavatda “atəşkəs”: narazıların sayı azalır


26-11-2014, 10:24
Müsavatda “atəşkəs”: narazıların sayı azalır
Müsavat Partiyasının 23 noyabrda keçirilən ümumrespublika müşavirəsi partiya Divanında müzakirə olunub və müşavirə yüksək qiymətləndirilib. Bildirilib ki, müşavirə kütləvilik, partiyanın qarşısında duran vəzifələrin müzakirəsi, partiyadaxili demokratiyanın nümunəsi olmaq baxımından yüksək qiymətləndirilməlidir.

Ümumrespublika müşavirəsinin prosesə xeyli dərəcədə təsir göstərdiyi aradan keçən iki gündə özünü göstərir. Belə ki, artıq müşavirədən əvvəlki səviyyədə ajiotaj, hay-küy müşahidə olunmur, artıq mediada da və sosial şəbəkədə cəmi 2-3 nəfərin üsyankar mövqelərinə rast gəlmək olur.

Müşavirədən sonrakı günlərdə başqan Arif Hacılı ilə başqanlığa sabiq namizəd Tural Abbaslı arasında görüş olması, digər sabiq namizəd Qubad İbadoğlunun əvvəlki mövqeyinin nisbətən yumşalması müsbətə doğru dəyişikliyin əlamətləri hesab edilə bilər.

Müşavirədən keçən iki gün ərzində ən diqqətçəkən hadisə isə Müsavatın sabiq başqanı İsa Qəmbərin Almaniyada yaşayan qardaşı Rövşən Qəmbərin dünən özünün facebook səhifəsində başqan Arif Hacılıya müraciəti oldu. Müraciətdə deyilir: “Arif bəy, Müsavat Partiyasının qurultayında mənə on dəqiqəlik çıxışıma imkan yaranmadı. Hətta partiyadan çıxarıldığım inboksuma yazıldı. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi. Bir daha partiya rəhbərliyindən suallarımın cavablandırılmasını istəyirəm. Bir daha bilmək istəyirəm ki, Skype və ya WhatsApp-la danışaraq mənim Müsavat Partiyasının üzvü olmağıma, təzadlı vəziyyətin aydınlaşmasına, partiyanın bölünməməsi istiqamətində ədalətsevər müsavatçıların legitim işbirliyinə aid suallarıma nə zaman cavab ala bilərəm?”

R.Qəmbər isə deyib ki, Müsavat Partiyasının bir neçə saatlıq qurultayında ona on dəqiqəlik çıxış etmək imkanı versəydilər, qurultay nümayəndələrini Qubad İbadoğluna səs verməyə çağıracaqmış. Qeyd edək ki, R.Qəmbər qurultaydan öncə müsavatçılara Qubad İbadoğluna səs vermələri üçün çağırış etmişdi.

R.Qəmbər onu da deyib ki, onu partiyaya bərpa etsəydilər başqanlığa namizədliyini verəcəkmiş: “Kimlərinsə mənim fikirlərimi eşitməkdənsə, partiyadan kənarlaşdırılmağımı izah etməyə çalışması məni məyus etdi. Təəssüf ki, nə zaman və hansı legitim qərara əsasən partiyadan çıxarılmağım haqda yazdığım məktublara cavab verilmədi”.

İsa Qəmbərin keçmiş müşaviri Hüseyn Məlik isə ümumrespublika müşavirəsindən sonra İsa Qəmbərə narazılığının artdığını özünün facebook səhifəsində yazıb. Bundan başqa, indiki başqana qarşı çıxış edən H.Məlik qeyd edib ki, həbsxanaya qədərki Arif Hacılı ilə həbsxanadan sonrakı Arif Hacılı tamam fərqlidir.

10 gün öncə Müsavat üzvlüyündən çıxarılan Səxavət Əlisoy isə qarşılaşdığı durumla barışa bilmədiyini bir daha facebook yazısında nümayiş etdirib. S.Əlisoy bu dəfə İsa Qəmbərə sual ünvanlayıb. S.Əlisoy İsa Qəmbərə sualında bildirib: “Arif Hacılıya Müsavat cameəsinin münasibətinin necə olduğunu gözəl bildiyiniz halda, nədən, siyasi reytinqinizi zərbə altına qoyaraq, onu müdafiə etdiniz? Siz vicdanınıza və şərəfinizə and içərək desəniz ki, Arif Hacılı seçkiləri halallıqla udub, cümlə Azərbaycan xalqının qarşısında şəxsinizdən üzr istəyərək, siyasətdən biryolluq çəkiləcəyimi bəyan edəcəm”.

Müsavat Partiyasından isə Səxavət Əlisoyun partiya üzvü olmadığı, onun və onun kimilərinin qiymətinin İsa Qəmbər tərəfindən verildiyi əsas göstərilərək ona heç bir cavab verilmədi.
Müsavat Məclisinin üzvü Vurğun Əyyubun isə müşavirədən sonra da İsa Qəmbərə və partiya rəhbərliyinə qarşı davranışlarını davam etdirməsinə partiya başqanının müavini Elman Fəttah münasibət bildirib. E.Fəttah deyib ki, Vurğun Əyyubun davranışı Müsavatın nüfuzuna zərər vurur və yaxşı hal deyil: “Vurğun Əyyubun Müsavatın strukturlarını legitim hesab etməməsi məsuliyyətsiz yanaşmadır. O, uzun müddət Müsavat rəhbərliyində təmsil olunmuş və partiya strukturlarının qərarlarına əməl olunmasının önəmini bilən bir şəxsdir.

Bütün bunlara baxmayaraq, onun Müsavatın nüfuzuna zərbə vuracaq davranışlarını davam etdirməsi xoş hal deyil. Biz bu kimi fəaliyyətlərin davam etməsini istəmirik. Ancaq kimliyindən, nüfuzundan asılı olmayaraq, hər hansı bir üzv partiya qərarlarının icrasına sistemli maneçilik törədəcəyi, ona əməl etməyəcəyi halda nizamnamə qərarlarının qəbul edilməsinə zərurət yaranacaq. Müsavat rəhbərliyi partiya üzvlərinə qarşı tədbir görməyi planlaşdırmır, ancaq narazıların fəaliyyətləri sistemli şəkildə nizamnamə ilə ziddiyyət təşkil edəcəksə, bunlar bir gün müəyyən qərarlara səbəb ola bilər. Nizamnaməni, partiya rəhbərliyinin və ya strukturlarının qərarlarını tanımamaq, israrlı şəkildə bu məsələ ilə bağlı fəaliyyət Müsavatı parçalamaq istiqamətindəki fəaliyyət kateqoriyasına daxildir. Ona görə də partiya rəhbərliyi bu kimi halların qarşısını almaq istiqamətində, zərurət yaranarsa, nizamnamə çərçivəsində qəti qərarlar qəbul edəcək”.

Başqan müavini Qubad İbadoğlunun partiyada hər hansı vəzifədə təmsil olunmaq arzusu olacağı halda müzakirə ediləcəyini dedi: “Qurultaydan sonra Qubad İbadoğlu bəyanat vermişdi ki, nəinki özü, hətta tərəfdarları da heç bir seçkili orqanlarda iştirak etməyəcəklər. Əgər indi Qubad İbadoğlunun hər hansı vəzifədə təmsil olunmaq arzusu olarsa, istənilən vaxt Müsavat başqanı ilə görüşüb, bunu müzakirə edə bilər.

Qurultaydan sonra yaranmış narazılıqlarla bağlı kompromisin əldə olunmamasının əsas səbəbkarı qarşı tərəfdir. Müsavat rəhbərliyində təmsil olunanların şəxsinə yönələn təhqirlər heç bir halda cavablandırılmır. Yalnız partiyanın ümumi mənafeyinə yönəlmiş ittihamlar Müsavat rəhbərliyi tərəfindən cavablandırılır və bu davranışların dayandırılması tələb olunur. Kimlər ki, partiya nizamnaməsini sistemli şəkildə pozurlar və bunu davam etdirirlər, sözügedən şəxslərlə bağlı nizamnamə çərçivəsində qərarlar qəbul edilir".
\\ musavat.com \\
Geri qayıt