Əsas Səhifə > Partiya, Güney Press > "Əbülfəz Elçibəy Xomeyni haqqındakı sözünü geri götürdü"

"Əbülfəz Elçibəy Xomeyni haqqındakı sözünü geri götürdü"


28-11-2014, 10:08
"Əbülfəz Elçibəy Xomeyni haqqındakı sözünü geri götürdü"
"Tövbə" Cəmiyyətinin sədri Hacı Əbdül əməkdaşımızla söhbətində 1988-ci ilin payızında başlanan Meydan hərəkatında özünün və rəhbəri olduğu təşkilatın iştirakı barədə maraqlı açıqlamalar verib. O, bəzi məqamlar barədə ilk dəfə danışdığını vurğulayıb. Hacı Əbdülün sözlərinə görə, hələ noyabrın 17-də indiki Azadlıq meydanında mitinqlər başlanmamışdan öncə Sabir bağındakı ilk mitinqi o, dostları ilə birgə təşkil edib:

"Hələ Meydan hərəkatı başlanmamışdı. Dəqiq tarixi unutmuşam. Amma xatirimdədir ki, bir axşam dostlarımla birgə bizim evdən bütün üzdə olan lider və fəallara zəng etdik ki, filan vaxtı, filan saatda Sabir bağına toplaşın. Hatəmi, Sabir Rüstəmxanlı, Zərdüşt, rəhmətlik Əbülfəz bəy, Nemət Pənahlıya və b. də biz zəng etmişdik və onlar mitinqə gəlmişdilər. Amma heç biri bilmirdi ki, onlara zəng edib çağıran kim olub. Bunu ilk dəfə sizə deyirəm. Mitinqə çağırışla bağlı kiçik bəyanat yazmışdıq. Əsas söhbət Qarabağdan, erməni təcavüzündən, yerli hakimiyyətin və Moskvanın ikiüzlü mövqeyindən gedirdi. Telefonda həmin bəyanatı həyəcanlı səslə oxuyub camaatı mitinqə çağıran indi də həyatda olan dostumuz Hacı Kərəm olmuşdu. Bəyanatı isə hazırda Rabitə Nazirliyində işləyən digər dostum Hacı Teymurla birgə yazmışdıq...

- Bəs Sabir bağında birinci kim çıxış etdi?
- Dəqiq yadımda deyil. Birinci Sabir Rüstəmxanlı, ya Zərdüşt, ya da Hatəmi danışdı. Amma əvvəlcə heç kəs danışmağa risk etmirdi. Hamı gözləyirdi ki, mitinqə kim dəvət edibsə, yəqin, ilk çıxışı da özü edəcək... Sonra biz o vaxtkı Mərkəzi Komitə, indiki Prezident Aparatının qarşısına getdik, orda da çıxışlar oldu. Sonrasını unutmuşam: ordan Azadlıq meydanına getdik, yoxsa yox. Amma noyabrın 17-də artıq güclü mitinqlər başlayanda Meydana nəzarət edən əsas qüvvələrdən biri biz idik. Hamı şahiddi ki, Meydanı qoruyan, saxlayan tövbəkarlar idi. Yüzlərlə cavan "Tövbə" üzvü əl-ələ verib meydanı dairəyə alırdılar və içəri keçənlərin kimliyi ilə maraqlanır, şübhəli adamları buraxmırdılar. Vəzifəmiz Meydanı dağıtmaq, qarşıdurma, qarışıqlıq yaratmaq istəyən təxribatçıların qarşısını almaq idi. O zaman "Tövbə" çox güclü və nüfuzlu cəmiyyət idi. Yeganə təşkilatlanmış, nizam-intizamlı təşkilat, qüvvə idi. Hətta yadımdadı ki, meydanda Zərdüşt Əlizadə qardaşı Arazla birgə yanıma gəldi ki, sizin uşaqlardan verin, Xalq Cəbhəsi yaradaq...

- Hansı bayraqla girmişdiniz meydana?
- Biz İslam rəmzi olan böyük yaşıl bir bayrağın altında girmişdik meydana. Yadımdadır ki, bir çıxışında rəhmətlik Elçibəy İran dini lideri Xomeyninin əleyhinə danışdı. Onda mən tərəfdarlarıma dedim ki, artıq bunlar həddini aşdılar, getdik. Beləliklə, biz getdik, Meydan nəzarətsiz qaldı. Sonra Etibar Məmmədov, Rəhim Qazıyev və digərləri yanıma gəldilər ki, Əbdül bəy, xahiş edirik, qayıdın Meydana. Cavab verdim ki, yalnız bir şərtlə gələ bilərik; Əbülfəz bəy Xomeyni haqqında dediyi sözü geri götürsün. Razılaşdılar və biz qayıtdıq meydana, Əbülfəz bəy də həqiqətən Xomeyni haqqındakı sözünü geri götürdü.

Meydanda birinci çadırı da biz qurmuşduq. Hər gün mitinq başlamamışdan öncə bizim palatkada yığıncaq olur və mitinqin ssenarisi müəyyənləşirdi; birinci çıxışa kim başlayacaq, nədən danışacaq, sonra kimlər çıxış edəcək və s. Bu işə də əsasən Məhəmməd Hatəmi nəzarət edirdi. Ancaq bəzən "Tövbə"nin özünün məxfi yığıncağı olanda heç Hatəmini də içəri buraxmırdıq. Deyim ki, o vaxt Hatəmi ilə çox yaxın olmuşuq...

- Həmin məxfi müşavirələrdə nədən danışırdınız?
- "Tövbə"nin öz mübarizə xətti var idi. Meydanda təxribatların qarşısını almaq, Meydanın mühafizəsini, təhlükəsizliyini təmin etmək və s. barədə müzakirə aparırdıq.

- O vaxt Meydanın əsas liderlərindən olan Nemət Pənahlı ilə münasibətləriniz necə idi?
- Nemət ilk günlər meydanda görünmürdü, sonradan fəallaşdı. Amma artıq rus qoşunlarının meydana girməsi barədə xəbər yayılan kimi Nemət qaçdı. Bunu biləndə uşaqlara tapşırdım ki onu tapın, tutun gətirin bura. Onu tutub gətirdilər və ona tapşırdıq ki, axıra kimi otur burda, Meydanı çətin vəziyyətdə qoyun qaçmaq olmaz...

- Bəs 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə sovet əsgərlərinin Meydanı dağıtdığı vaxt orda olmuşdunuzmu?
-Xeyr. Həmin gecə möhkəm yorulmuşdum yatıb qalmışdım.

- "Tövbə" üzvlərindən qalmışdı meydanda?
- Bəli, üzvlərimizdən meydanda qalan, həbs edilənlər də olmuşdu...

- Hacı, hadisələrdən sonra Moskvadan gəlmiş Baş Prokurorluq və DTK müstəntiqləri Meydan hərəkatı ilə bağlı istiintaq apardılar. Sizi çağırmamışdılar ki?
- Xeyr, məni istintaqa çağırmamışdılar...

Geri qayıt