Əsas Səhifə > Partiya, Güney Press > "Yeni Müsavat"da Əli Kərimliyə qarşı sərt ittihamlar...

"Yeni Müsavat"da Əli Kərimliyə qarşı sərt ittihamlar...


30-07-2015, 09:30
"Yeni Müsavat"da Əli Kərimliyə qarşı sərt ittihamlar...
Əli Kərimli öz qəzetində Akif imzası ilə “Yeni Müsavat” və Rauf Arifoğlu haqda məqalələr yazmaqdadır. Yeri gəlmişkən, adı “Azadlıq” olan, amma heç bir azadlığı, müstəqilliyi, müxtəlifliyi tanımayan, qəbul etməyən qəzet hər sayında barəmizdə bir neçə məqalə dərc edir. Dünənki sayında da ən azından 3 məqalə həsr edib bizə. Məqalələrdən birində yazılıb ki, kim Əli Kərimli haqda tənqidi məqalə yazırsa, deyirsə, həmin adamlar hakimiyyətdən mükafata umurlar. Guya camaat işini-gücünü atıb Ə.Kərimli haqda yazır ki, iqtidardan mükafat alsın.

Burda deyirlər, “adımı sənə qoyum, səni yana-yana”. Əli Kərimli hakimiyyətdən mükafat – mandat, ev, pul və s. – almaq üçün nəyi vardısa satışa çıxarıb zamanında. Bu üzdən də elə bilir hamı onun kimidi. AXCP-nin sədri Əbülfəz Elçibəy Kələkidə məcburi sürgündə olanda ona yaşadığı kənddən kənara çıxmağa icazə vermirdi hakimiyyət. Kəndi üzük qaşı kimi mühasirədə saxlayırdı polis və hərbçilər. Amma Əli Kərimli Bakıda rahat kabinetdə otururdu. Üstəlik ürəyi istədiyi vaxt Avropaya, Amerikaya, Türkiyəyə gedirdi. 1993-cü ildə AXC iqtidarının məmurlarına verilmiş evlər YAP iqtidarı tərəfindən qanunsuz olaraq qəsb edildi. Prezident Administrasiyasının işçiləri üçün tikilən binadan Əli Kərimliyə də ev verilmişdi. Bu “fərasətli oğlan” hakimiyyətlə separat danışıqların içində olduğundan onun evinə toxunmadılar. Bu gün də o mənzildə yaşayır.

1995-ci ilin payızı. Əbülfəz Elçibəy Kələkidə ən ağır şərtlər altında yaşayır. Cəbhənin bir çox üzvləri, funksionerləri həbsdə, mühacirətdə. Belə bir şəraitdə ölkə parlament seçkisinə hazırlaşır. AXC-nin adını dəyib, arxasına bir P artırıblar. Təşkilatı partiyaya çeviriblər, çünki qanunvericiliyə görə, hərəkat şəklində seçkiyə gedə bilməzdi. Repressiyaya məruz qalmış bir təşkilat seçkiyə buraxılır. Əli Kərimli və onun “Yurd” təşkilatının əsas fiqurları parlamentə düşür. Tam saxta yolla hakimiyyətdən mandat alan Əli Kərimli Milli Məclisdə müxalifəti təmsil edir.

Bu, 5 il sonra yenidən təkrarlandı. 2000-ci ilin parlament seçkilərində də hakimiyyət Əli Kərimliyə yenidən mandat verdi. Sonradan hakimiyyət qarşısında nə səhvi, günahı oldusa, heç kimin, hətta özünün belə gözləmədiyi halda onu təhqir edib parlamentdən qovdular.

Əli Kərimli hakimiyyətdən təkcə mandat almamışdı o zamanlar. Tapşırıqlar da alırdı. Ən əsas tapşırıqlardan biri də müxalifətin mümkün birliyinə mane olmaq idi. AXCP-ni dağıtmaq, gerçək hərəkatçıları, vicdanlı partiya funksionerlərini təşkilatdan didərgin salıb onların müxalifətdəki təsir imkanlarını azaltmaq da onun qarşısına qoyulan vəzifələrdən idi. Bütün bu xidmətin müqabilində hakimiyyət ona geniş biznes şəbəkəsi yaratmışdı. O da boş dayanmırdı, biznesdən əldə etdiyi pullarla özünə az qala media-holdinq yaratmışdı. O vaxt “Yurd”a xeyli qəzet açmışdı Əli Kərimli. Jurnalist ordusu saxlayırdı – hər birinə də paket-maaş verirdi.

Siyasi tərcümeyi-halı separatçılıqla, satqınlıqla, xəyanətlə zəngin olan biri indi kim xoşuna gəlmirsə, ona satqın damğası vurmağa çalışır. Və həyasızcasına deyir ki, məni söyüb iqtidardan para, mandat alırlar. Sən elə dəyərlisənsə, özünə gün ağla də. “Ətəyimi buraxmırlar, çünki mənim ətəyimdən ruzi qazanır məni söyənlər”. Sənin ətəyin elə bərəkətli, bol ruzilidirsə öz dostların, qohum-əqrəban yapışsın. Xeyli insan sənin üzündən türmələrdədir, canını repressiyadan qutaranlar da vətəndən didərgin düşüblər. Əli Kərimli, sən ruzi verən yox, ruzi, çörək kəsənsən. İnsanların halal haqqına girib onları özünə düşmən edənsən. Biz Allahın ətəyindən yapışmışıq, Yaradanın verdiyi ruziyle yaşayırıq. Səndən fərqli olaraq bu iqtidardan nə ev almışıq, nə deputat mandatı. Nə də sənin kimi satqınlıq edib özümüzə biznes şəbəkəsi qurmuşuq.

Özünü çox da əhəmiyyətli bilmə. Sənə baş qoşmaq fikrimiz yoxdu - sadəcə hər gün öz zombilərinə bizi söydürdüyün üçün arada cavabını veririk. Əslində sən bizim hesabımıza dolanırsan, başını girləyirsən. Şəxsən sənin və AXCP rəhbərliyinin başqa işi yoxdu. “Hakimiyyətlə mübarizə aparırıq” deyib, əslində hakimiyyətə xidmət edirsiz. İctimai diqqəti yayındırmaq üçün Rauf Arifoğlunu, “Yeni Müsavat”ı söyürsüz, təhqir edirsiz. Sənin bu ölkəyə, bu millətə verə biləcəyin şey budur – söyüş, təhqir, şər-böhtan... Bu xalq niyə sənin arxanca gəlsin ki?! Belə bir idbar “lideri” Azərbaycan insanı haqlı olaraq boykot edir – tədbirlərinə gəlməməklə, arxanca getməməklə.

Geri qayıt