NAXÇIVAN CƏBHƏÇİSİ AZADLIQDA
Tarix: 14-05-2012, 12:16 |
Çap et
ONUN CƏZASI ŞƏRTİ İŞLƏ ƏVƏZLƏNDİ
Bu gün NMR Ali Məhkəməsində yerli müxalifət fəalı Zeynal Bağırzadənin apellyasiya şikayətinə baxılması başa çatıb.
Məhkəmə 310-cu maddə üzrə ittihamı (vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi) onun üzərindən götürüb.
Digər iki maddəyə - 178.3.2 (dələduzluq) və 320.2 (saxta sənədlərdən istifadə) gəlincə, məhkəmə cinayət cəzasının təyin edilməsi haqda CM-in 70-ci maddəsini tətbiq edib.
Yekunda birinci məhkəmə instansiyasının Z.Bağırzadənin 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü həmin müddətə şərti cəza ilə (4 il sınaq müddəti olmaqla) əvəzlənib.
Qeyd edək ki, cümə günü keçirilən iclasda məhkəmə onun Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasının iştirakçısı kimi aldığı 18,7 min manat məbləğində qanunsuz pensiyanın dövlətə qaytarılması barədə qərar çıxarıb. Bu 18 il ərzində toplanmış məbləğdir. Z.Bağırzadənin qohumları və həmkəndliləri bu məbləği toplayıblar.
Z.Bağırzadə ötən ilin sonlarında həbs olunub və martın 2-də Naxçıvan məhkəməsi tərəfindən dələduzluqda ittiham olunaraq 7,5 müddətə azadlıqdan məhrum edilib. O, Çernobıl AES qəzasının iştirakçısının sənədini saxtalaşdırmaqda ittiham olunur. Z.Bağırzadə ittihamı rədd edərək onu siyasi motivli sayır.