MTN-DƏ SAXLANILARIN DURUMU ARAŞDIRILIB
Tarix: 9-06-2012, 12:16 |
Çap et
OMBUDSMAN MƏHBUSLARA BAŞ ÇƏKİB
İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına baxış keçirib.
Ombudsman Aparatının mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, ombudsman orada saxlanılan şəxslərlə görüşüb, onların saxlanma şəraiti və vəziyyətini araşdırıb.
Söhbət zamanı həmin şəxslər tutulma zamanı heç bir zorakılığa məruz qalmadıqlarını, istintaq təcridxanasında saxlanma şəraiti və burada onlara qarşı rəftarla bağlı şikayətlərinin olmadığını, vaxtlı-vaxtında qida ilə təmin edildiklərini, müvafiq rejim üzrə gəzintiyə çıxarıldıqlarını bildiriblər.
Eyni zamanda istintaq təcridxanasının tibb məntəqəsinə baxış keçirilib, məntəqənin müasir tibbi avadanlıq və dərman preparatları ilə təchiz olunduğu müəyyən edilib.
Ərzaq anbarına baxış zamanı buradakı ərzaq məhsullarının keyfiyyətli, saxlanılma şəraitinin və istifadə müddətinin yararlı olduğu aşkarlanıb.
Təcridxananın kitabxanasının ədəbiyyatla təmin olunduğu və saxlanılan şəxslərin kitabxana fondundan istifadə etdikləri müəyyənləşdirilib.