RAFİQ ƏLİYEV VAXTINDAN 3 İL TEZ AZAD OLUNUR
Tarix: 15-06-2012, 12:49 |
Çap et
YENİ ƏFV FƏRMANI İLƏ DAHA KİMLƏR ÜÇÜN AZADLIQ YOLU GÖRÜNÜR?
DİA.AZ: - Məlum olduğu kimi, dünən əfv komissiyasının iclası keçirilib. Və bu gün prezident İlham Əliyevin növbəti əfv fərmanını imzalayacağı gözlənilir.
Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu əfv fərmanı ilə 2 aprel məhbuslarının hamısının buraxılma şansları var: «Siyasi müxalifətin nümayəndələri azad oluna bilər. Eyni zamanda zamanda bir-iki dini dindar məhbus da azadlığa çıxacaq».
Mənbəmiz bildirir ki, Arif Hacılının azadlığa çıxmasına artıq «yuxarılar» müsbət reaksiya verib: «Ən ilginci isə odur ki, keçmiş «OMON»çulardan bəzilərinin də adlarının yer aldığı yeni əfv siyahısında populyar isimlər arasında keçmiş «Azpetrol» şefi, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin adı da var»
Xatırladaq ki, 2005-ci ilin 17 oktyabr tarixində həbs edilmiş Rafiq Əliyevə 2007-ci ildə 10 il cəza kəsilib ki, onun azadlığa çıxa bilməsi üçün üç il müddət qalıb.
Onu da bildirək ki, dünən həmçinin sabiq səhiyyə naziri Əli İnsanovun da azadlığa çıxa biləcəyi haqda məlumatlar yayılmışdı.
Onu da bildirək ki, əfv fərmanının ümumiyyətlə imzalanmayacağını iddia edənlər də var.