[b]
Mətbuatda daha çox sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova yaxın bank kimi tanınan “AGBank”ın (əvvəlki adı “Azəriqazbank” Açıq Səhmdar Cəmiyyəti-red.) maliyyə durumunun nisbətən stabilləşdiyi məlum olub. “AzPolitika”nın məlumatına görə, bankın 2018-ci ilin nəticələrini əks etdirən hesabatı “AGBank”ın ili 5.4 milyon manat xalis gəlirlə başa vurduğunu göstərir.
Bununla yanaşı, bankın məcmu kapitalı 52,4 milyon manata çatdırılıb. Hansı ki, 2017-ci ilin yekunlarına görə, bu göstərici 44 milyon 573 min manat olub. Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum həddi 50 milyon manat müəyyən edilib. Son bir neçə ildə “AGBank” bu göstəriciyə nail ola bilmirdi.
Maraqlıdır ki, 2016-cı ildə 35 milyon 630 min manat, 2017-ci ildə 6 milyon 688 min manat ziyan edən “AGBank”ın ümumilikdə yığılmış zərəri 67 milyon 178 min manata çatmışdı. Ancaq ötən ilin yekununa görə, bank 5.4 milyon manat qazanc əldə edib və məcmu kapitalını da təxminən 8 milyon manat artırıb.
Hesabatdan aydın olur ki, bank il ərzində səhmlərin iki emissiyasını həyata keçirərək, nizamnamə kapitalını 1,6 milyon manat artırıb və 103,8 milyon manata çatdırıb.
Bankın rəsmi məlumatına görə, xərclərin optimallaşdırılması strategiyasına uyğun olaraq, 2017-ci illə müqayisədə inzibati xərclər 1,1 milyon manat, işçilərə çəkilən xərclər isə əvvəlki illə müqayisədə 10 faiz azaldılıb.
“AGBank”ın rəsmi göstəricilərinin nisbətən yaxşılaşdırılmasının nəyin hesabına əldə olunduğu məsələsinə toxunmaq istəmirik. Ancaq onu qeyd edə bilərik ki, görünür bankın rəhbərliyi göstəriciləri Mərkəzi Bankın tələblərinə uyğunlaşdıraraq, “AGBank”ın iflasın astanasında olması, bağlanacağı, yaxud başqa bankla birləşdiriləcəyinə dair xəbərlərin təsirini önləməyə çalışır.
Xüsusilə də 2015-ci ilin oktyabrında bankın Müşahidə Şurasının sədri və əsas səhmdarlarından biri olan Çingiz Əsədullayevin deputat mandatının ləğv olunması, daha sonra mətbuatda onun havadarı kimi göstərilən Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması bu bankın başını “qara buludların” aldığından xəbər verirdi.
Xatırladaq ki, Ç.Əsədullayevin sabiq nazir E. Məhmudovla qohum olduğu xəbəri yayılsa da, o bunu təkzib edib. Ancaq dost olduqlarını gizlətməyib. Sitat: “Mən Eldar Mahmudovun qohumu deyiləm. Hərçənd Eldar Mahmudovun bacısı Elmira xanımla – Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dostuq. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxumuşuq.
Yeri gəlmişkən, bəzi KİV-lər belə məlumat yaymışdı ki, Eldar Mahmudovun həyat yoldaşı bizim bankda guya bir neçə il ərzində məsləhətçi işləyib. Bu məlumat da həqiqətə uyğun deyil. Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi…”
Ç.Əsədullayev özünü Mahmudovun dostu kimi təqdim etsə də, çoxları onun sabiq nazirin himayəsinə sığınan bankir olduğuna inanırlar. Hansı fikir doğrudur, bilmirik.
Ancaq Ç.Əsədullayevin adının MTN-də yığılan “qara pulların” xarici banklara ötürülməsi məsələsində, həmçinin daha sonra Beynəlxalq Bankdakı proseslıərlə bağlı hallandırılması, hətta onun istintaqa cəlb edilməsinə dair xəbərlər bankın reputasiyasına və maliyyə durumuna təsirsiz ötüşə bilməzdi. Ancaq bütün bunlara rəğmən, ötən ilin yekunlarına dair hesabatda göstəricilərin yaxşılaşması E.Mahmudovun adamı kimi təqdim olunan Ç.Əsədullayevin bankının qismən də olsa dirçəlməyə başladığı təsəvvürünü yaradır.
Bununla yanaşı, “AzPolitika”da olan məlumata görə, bu ilin əvvəlindən etibarən bir çox dövlət qurumları və təhsil müəssisələri “AGBank”la əməkdaşlığı dayandırıb. Belə ki, maaş kartları bu banka aid olan bir çox qurumlar artıq başqa bankların xidmətlərindən istifadə etməyə başlayıblar və kartlar dəyişdirilib. Bu isə sözügedən banka münasibətin hansı vəziyyətdə olduğunun bariz nümunəsidir. Həmçinin, bu onu göstərir ki, yeni ildə “AGBank”ın öz göstəricilərini yaxşılaşdırması, yaxud heç olmasa maliyyə stabilliyini saxlaması asan olmayacaq.[b][/b]