Azərbaycan Milli Elmlər Akademiyasının alimlərini aldadıblar.
"Qarabağ 3" konfransının 470 nəfər iştirakçısı Şuşaya getmək üçün qeydiyyatdan keçsə də, onlardan yalnız 100 nəfəri seçilib və Şuşa şəhərinə gedə bilib.
DİA.AZ cebhe.info-ya istinadla xəbər verir ki, bu barədə akademiyanın alimləri sosial şəbəkə hesablarında yazaraq etiraz ediblər. Onlardan bu səfər üçün 70 manat pul alındığı və getməyən 370 nəfərin hələ də pulunun geri qaytarılmadığı iddia olunub.
İKSAD-ın Azərbaycan üzrə Baş təmsilçisi Əlvan Cəfərov konfrans iştirakçılarının Şuşaya ekskursiyası üçün AMEA-nın Rəyasət Heyətinin Prezident Adminstrasiyasına rəsmi şəkildə müraciət etdiyini və razılıq alındığını qeyd edib.
Lakin etirazlardan sonra paylaşım silinib.
Seçimdən narazı olanlar Şuşaya gedən 100 nəfərin içərisində bir ailədən 4 nəfərin olduğu, alim olmayanların da həmin səfərdə iştirak etdiklərini vurğulayıblar. İyun ayının 10-da 470 nəfər AMEA alimlərinin Şuşaya səfəri gözlənilsə də, səfər ayın 8-i yalnız 100 nəfərin iştirakı ilə baş tutub. 100 nəfəri kim və hansı şərtlərlə seçməyi bəlli deyil.