"Rüşvət verməyən xəstələrə doğuş ağır keçsin deyə, xüsusi iynələr vururmuş..." - ŞOK İTTİHAM
Tarix: 20-04-2023, 11:07 |
Çap et
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad edilib. Bu haqda əmri Naxçıvan səhiyyə naziri vəzifəsini icra edən Samir Sadıxov imzalayıb. Baş həkim vəzifələrinin müvəqqəti icrası onun müavini Nəzakət Quliyevaya həvalə olunub.
Mərkəzdəki rüşvət və xəstələrə qarşı qeyri-insani münasibət haqda “Gündəlik Naxçıvan” bir neçə araşdırma yazıları hazırlayıb, paylaşmışdı. Araşdırmalarımız zamanı üzə çıxmışdı ki, mərkəzin baş həkimi Kəmalə Qurbanova rüşvət verməyən xəstələrə doğuş ağır keçsin deyə, xüsusi iynələr vururmuş. Belə iynələr, bəzi hamilə qadınlar və onların bətnindəki uşaqların ölümünə səbəb olmuşdu.
Araşdırmalardakı faktlar və zərərçəkənlərin şikayəti əsasında Kəmalə Qurbanova və mərkəzin bəzi həkimlərinə qarşı üç ay öncə bir neçə maddə ilə cinayət işi açılmışdı. İttihamlardan biri də vəzifə səhlənkarlığlna görə ölümə səbəb olmaqdır. Cinayət işinin gedişi ilə bağlı ətraflı məlumat verilmir.
Baş həkimin vəzifəsini icra edəcək Nəzakət Quliyevanın da adının rüşvətxorluq və digər qanun pozuntularında hallandırıldığı bildirilir. //“Gündəlik Naxçıvan”//