Şamaxının icra başçısı mətbuatın əlindən yorulub - Vəzifə başında bir ildir…
Tarix: 3-03-2014, 12:52 |
Çap et
DİA.AZ: - Şamaxı rayon icra hakimiyyətinin başçısı postunda bir ilini fevral ayının 15-də tamamlayan Asif Ağayev artıq yorulub. Hər halda, DİA.AZ-a rayondakı qaynaqların verdiyi informasiyadan belə anlaşılır.
Məlumatı verən mənbə bildirir ki, icra başçısı keçən şənbə günü yerli məmurların bir qrupunun iştirakı ilə məclisdə iştirak edib. Mənbənin söylədikləri: «Həmin məclisdə başçı daha çox mətbuatdan şikayət edib və bildirib ki, Şamaxıda pişik də asqıra bilmir. Hamısı qəzetlərdə, saytlarda dərhal yazılır».
Daha sonra başçı bildirib ki, bir ildir vəzifə başındadır, amma yorulub: «İcra başçısı yorulduğunu etiraf etməklə yanaşı, həm də deyib ki, Şamaxı camaatının bu qədər mətbuatla «dost» olduğunu bilmirmiş: «İndi öyrənirəm ki, qəzetlərdə işləyən şamaxılıların sayı çoxdur. Onlar da hər gördüklərini yazırlar». Başçı daha sonra yerli məmurlara diqqətli olmaları barədə də tapşırıq verib».