Aylardır ki, Bakı Beynəlxalq Avtovağzalına gələn hər kəsin diqqətini adıçəkilən mühim dövlət obyektinin adındakı hərflərin yarımçıq olması faktı çəkir. Bakıya gəlib nabələd olan hər kəs Avtovağzalı axtarır. Təxmini tapdıqları bu məkanın adında isə böyük yanlışlıq var. Bakı Beynəlxalq Avtovağzalının tam girişində «Xoş gəlmişsiniz» sözlərindən sonra arkodan içəri daxil olan istənilən şəxs Bakı Beynəlxalq Avtovağzalı sözlərini oxumağa çalışır. Amma «Bakı» və «Beynəlxalq» sözlərindəki hərflərin yarısı yoxdur. Və buna görə də,buranın hansı məkan olduğunu sadəcə təxmin etmək qalır.
GUNDEMİNFO.AZ-ın əməkdaşları aylardır ki, davam edən bu böyük biabırçılığın Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində aradan qaldırılacağını güman etsələr də, hələ də düzəldilmədiyinin şahidi olublar. Düzdür avtovağzalın ətrafından Bakı Dairəvi Yolu istiqamətinə, həmçinin Bilçəcəri dairəsinin ətrafında qonaqları qarşılamaq üçün böyük bir abadlıq işləri aparılıb. Lakin bu hazırlıqların avtovağzala heç bir aidiyyatı yoxdur. Hər zamankı kimi düzənsiz, səsli-küylü, kobud rəftar tam məkanıdır - Bakı Avtovağzalı. Lakin kiçik bir yenilik diqqətimizi çəkdi. Avtovağzalın içində dispetçer məntəqəsindən ara-sıra diktorun səsi gəlirdi - «Hörmətli bakılılar və şqəhərimizin qonaqları, avtovağzalın 1-ci mərtəbəsində yeraltı keçid fəaliyyət göstərir. Xahiş edirik, dayanacaqdan istifadə edəsiniz».
GUNDEMİNFO.AZ-ın əməkdaşları Bakı Beynəlxalq Avtovağzalının adında olan bu böyük yanlışlığın nə zaman aradan qaldırılacağına aydınlıq gətirmək üçün bu gün səhər saatlarında adıçəkilən təşkilatın rəhbərliyi ilə görüşmək istəsələr də, rəhbərliyin «ərazidə» olduğu cavabını alıblar. Bununla belə Bakı dünyanın dörd yanından qonaqlar qəbul etməyə başladığı bu günlərdə və bütün dövlət qurumları mühim bir tədbirə hazırlaşdıqları bir zamanda Bakı Beynəlxalq Avtovağzalının rəhbərliyinin niyə bir neçə hərfi yerinə qaytarmaması ilə bağlı mövqeyini dinləməyə hazırıq.
Onu da əlavə edək ki, Bakıya gələn əcnəbi qonaqların əksəriyyətində tərcümə proqrammı ilə təchiz edilmiş xüsusi mobil qurğular olacaq. Lakin əcnəbi qonaq Bakı Beynəlxalq Avtovağzalını tapmaq üçün Azərbaycan türkcəsində çatışmayan hərfləri necə daxil edəcəksə, artıq bu bəlli deyil..