Əsas Səhifə > Cəmiyyət, Manşet > MTN generalı baş redaktora "ksiva" yolladı...

MTN generalı baş redaktora "ksiva" yolladı...


12-04-2016, 11:06
MTN generalı baş redaktora "ksiva" yolladı...
«Təzadlar»ın ötən saylarında «Texnikabank»a əmanət qoyduqları halda, sonradan bu bankın Bakı filialının işi ilə bağlı MTN-də aparılan cinayət işində istintaqa cəlb olunub şantajlarla üz-üzə qaldığını bildirən bir qrup zərərçəkmişlərin şikayət məktubları əsasında yazı dərc olunmuşdu… Həmin yazıda şikayətçilər Xəqani Əzimov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və başqalarının adından MTN-nin Baş İstintaq İdarəsinin rəisi olmuş general-mayor Mövlam Şıxəliyevin və onun şöbə rəisi olmuş, hazırda həbsdə olan Vüsal Ələkbərovun əmanətçilərin başına gətirdikləri müsibətlərdən Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanlı şikayət edildiyi qeyd edilirdi… Hətta şikayətçilərdən Respublika Əmanət Bankın sədri olmuş, iş adamı Hüseyn Səfərovun Mövlam Şıxəliyev tərəfindən necə aldadılması və həbs etdiriləcəyi hədəsi ilə ondan külli miqdarda pulunu alması və s. də yazıda qeyd edilmişdi… Redaksiya olaraq məktubda adı hallanan H.Səfərovla telefon əlaqəsi saxlamışdıq. H.Səfərov 2 milyon dollar pulunun şantaj edilərək əlindən alınması məsələsinə gəlincə, demişdi ki, “…Bəli, həmin iş üzrə mən zərərçəkmiş kimi tanınmışam… Külli miqdarda pulumu mənimsəyiblər, bu işdə əsas günahkar kimi MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevi və onun “danışan dili”, tapşırıqlarını icra edən, bizi həbslə hədələyib pullarımızı şantaj yolu ilə ələ keçirən Vüsal Ələkbərovu bilirəm, ifadəmdə də belə yazmışam… Lakin istintaq getdiyindən başqa heç nə deyə bilmirəm… Əslən Ağdaşdan olan Mövlam Şıxəliyevin Ağdaşda çoxsaylı obyektləri, Novxanıda dənizə açılan milyonlarla dəyəri olan villası, Sirkin yanındakı “AFSENTR”də bir neçə mənzilləri var, “Sahil” ticarət Mərkəzinin üstündəki binada bir mərtəbəni bütövlükdə alıb, orda bütün ailə üzvlərinin ayrıca mənzilləri var, burada yaşayırlar… “Gənclik”də 10-a yaxın mənzillərinin olduğunu bilirik… Əvvəllər Yasamalda “Xuruşşovka”da yaşamış bir adam birdən-birə bu qədər sərvətə necə nail olub??? Hətta o, Nizami Kino Mərkəzinin yanında Musa Nağıyevin olmuş arxitekturalı qədim binada 2 milyona mənzil alıb, amma orada yaşamır. Onun bu əmlakları satılaraq biz zərərçəkənlərə qaytarılmalıdır… Əgər Mövlam Şıxəliyev yaxın günlərdə şantaj yolu ilə məndən aldığı 2 milyon dollar pulu qaytarmasa, özümü onun “Sahil” Ticarət Mərkəzinin üstündəki mənzilinin qarşısında yandıracağam… İndidən mətbuat vasitəsilə bəyan edirəm ki, onun şantajlarından neçə ildir xəstəlik tapmışam, müflis vəziyyətə düşmüşəm. Dəfələrlə bu barədə özünə demişəm, pulumu qaytarmağa söz verib, amma hər dəfə aldadır, qaytarmır. Artıq belə yaşamaqdan bezmişəm… Bu yaxınlarda isə zəng edərək bir də xəbərdarlıq etmişəm, söz verib ki, qaytaracaq. Amma bir gün sonra mobil telefonlarını söndürüb…”.
H.Səfərov daha sonra bildirmişdi ki, əgər Mövlam Şıxəliyev pulunu qaytarmasa, o, M.Şıxəliyevin «Sahil»dəki mənzilinin qarşısında özünü yandıracaq və s.

Mövlam Şıxəliyev Hüseyn Səfərovun söylədiklərini şər və böhtan adlandırdı…

Ötən yazıda da qeyd etdiyimiz kimi, «təzadlar»ın əməkdaşları məsələyə dair mövqeyini öyrənmək üçün dəfələrlə Mövlam Şıxəliyevin şikayətçi Hüseyn Səfərov tərəfindən bizə təqdim edilmiş bahalı mobil telefon nömrələrinə dəfələrlə zənglər etsələr də telefon zəngləri cavabsız qalmışdı… Nəhayət, sonuncu cəhdlərimiz nəticəsini verdi… Belə ki, neçə gün əvvəl MTN-nin sabiq generalı Mövlam Şıxəliyevin səlahiyyətlisi kimi özünü təqdim edən şəxs (özünün xahişi ilə hələki adını yaza bilmirik) əməkdaşımıza zəng etdi… Biz həmin şəxslə görüşdük və o, Mövlam Şıxəliyevin onun mobil telefonuna göndərdiyi mesajını bizə oxudu… Sonra özümüz də həmin mesajı diqqətlə oxuduq… M.Şıxəliyev məktubunda yazırdı ki, N.Səfərovun onun barəsində söylədikləri şər və böhtandır: «…Qəzetdə («Təzadlar»da.RED.) yazılanlar barədə bircə onu deyə bilərəm ki, mən heç kimdən pul almamışam… İstintaq «Texnikabank»ın işi ilə bağlı obyektiv araşdırma aparıb, qanuni nəticəyə gəlib, günahkarlar həbs edilib, məhkəmə də qanuni hökm çıxarıb… O ki qaldı Hüseyn Səfrov adlı şəxsdən 2 milyon dollar pul alınmasına, bu şər və böhtandır, heç bir əsası olmayan iddiadır…».
Onu da xatırladaq ki, H.Səfərovun məlum açıqlaması dərc edildiyinə görə
“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrılıb, həmin qalmaqallı yazı ilə bağlı sorğu-sual edilib, ifadəsi alınmışdır.
Mövzuya mütləq qayıdacağıq.
“Təzadlar”ın Araşdırma Qrupu

Geri qayıt