Əsas Səhifə > Cəmiyyət, Manşet > Eldar Mahmudovun “brilyant ovçuları”nın gizlinləri

Eldar Mahmudovun “brilyant ovçuları”nın gizlinləri


27-03-2017, 09:04
Eldar Mahmudovun “brilyant ovçuları”nın gizlinləri
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qiymətli daş-qaşlara, brilyanta xüsusi sevgisi olub. Sabiq nazirin sevgisi ilə tamahı ölkəyə qiymətdə ağır, çəkidə yüngül mallar gətirənlər üçün əməlli-başlı başağrısına çevrilib.

Sabunçu Rayon Məhkəməsində Həbib Həsənovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Monitorinq Mərkəzinin rəisi, general Teymur Quliyev və digərlərinin cinayət işi üzrə keçirilən proseslərdə brilyant alverçilərinin ifadələri bu baxımdan qiymətlidir. Məlum olur ki, onlar dünyanın dörd bir tərəfindən ölkəyə ən müxtəlif yollarla qiymətli daş-qaş daşıyıb gətiriblər. Sərhədləri aşan brilyantlar Eldar Mahmudovun “brilyant ovçuları”ndan ibarət xüsusi dəstəsindən yan keçə bilməyiblər.

Məhkəmədə üzə çıxan ifadələrdən məlum olur ki, “mahmudovçular” ixtiyarlarına verilmiş, dövlətin, millətin maraqlarına xidmətlərində yardımçı olmağa hesablanan xüsusi vasitələrdən - xüsusi nəqliyyat vasitələri, agentura şəbəkəsi və şəbəkənin saxlanılması üçün büdcədən ayrılan pul vəsaitlərindən tutmuş xüsusi dinləmə qurğularına qədər - ölkəyə qaçaq və leqal yolla brilyant gətirənlərə qarşı istifadə ediblər. Azərbaycan sərhədlərini rahatca aşa bilən brilyant alverçiləri elə hava limanının qarşısındakı avtodayanacaqda qandallanıblar. Bundan sonra illərlə işlək vəziyyətdə olan ssenari işə düşüb. MTN-in girişindəki xüsusi buraxılış məntəqəsinə aparılan brilyant alverçiləri qaçaqmal yolu ilə ölkəyə brilyant gətirməkdə ittiham olunublar.
Sübahir Qurbanov və digərlərinin işi üzrə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan brilyant alverçilərindən biri də Mübariz Paşayevdir. Bir müddət əvvəl onun istintaq zamanı verdiyi ifadələr üzə çıxmışdı. Zərərçəkən göstərib ki, 2008-ci ildən zərgərlik məmulatlarının alveri ilə məşğul olmağa başlayıb, Hindistandan və Dubaydan brilyant daş-qaş alıb Bakıya gətirərək, Bakı Mərkəzi və “Moskva” univermaqlarında icarəyə götürdüyü ticarət məntəqələrində satışını həyata keçirib. Bildirib ki, 2010-cu ilin təxminən noyabr ayında növbəti dəfə daş-qaş almaq üçün təyyarə ilə Dubaya gedib oradan 580 min ABŞ dolları dəyərində brilyant daş-qaşlar alıb.

“Həmin daşlar 2 min karat olmaqla əksəriyyəti xırda və ucuz, orta şəffaflı daşlar idilər. Bu işlə mütəmadi məşğul olduğum üçün hindistanlıların firmasında etibar qazanmışdım. Bu səbəbdən də 580 min ABŞ dolları dəyərində brilyant daş-qaşları nisyə vermişdilər ki, Bakıda satdırıb pullarını hissə-hissə ödəyim. Dubayda olan zaman orada zərgərlik fəaliyyəti ilə məşğul olan Araz adlı şəxslə görüşərək, 580 min ABŞ dolları dəyərində brilyantın rüsumunu ödəməyə gücüm çatmadığını bildirdim. Araz təklif etdi ki, brilyantların bir hissəsini özüm aparım, qalan hissəsinin də Bakıya çatdıracaq.

Dubaydan aldığım brilyant daş-qaşın 300 min ABŞ dolları dəyərində olan hissəsini özümlə götürüb təyyarə ilə Bakıya gəldim. Təxminən 20 gün keçəndən sonra axşam 23 radələrində özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim edən şəxs mənə zəng edərək şam yeməyi yemək adı ilə küçəyə çağırdı. Həmin vaxt mən, Mərdəkanda, bağda idim. Fizulinin danışığından başa düşdüm ki, mənim yerimi dəqiq bilir. Belə ki, tam əminliklə mənə ”biz trasda səni gözləyirik" dedi. Əvvəllər Fizuli Əliyevlə heç vaxt rastlaşmamışdım, lakin barəsində “zərgərlərin qan içəni” kimi eşitmişdim.

Zəngdən sonra qaynım Ramin Nəzərov ilə birlikdə yola çıxdım. Yolda evimin qarşısında ağ rəngli “Toyota Prado” markalı avtomaşının dayandığını, avtomaşına yaxınlaşdıqda isə içərisində iki nəfər tanımadığı şəxsi gördüm. Sükan arxasında oturan özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim etdi və şam yeməyi yemək üçün onlarla birlikdə getməyimizi istədi. Yolda gedərkən Fizuli Dubay şəhərində fəaliyyət göstərən Arazın işçisi Azər adlı şəxsi başqa bir şəxslə birlikdə brilyant gətirəndə metronun “Koroğlu” stansiyasının qarşısında tutduqlarını və ona görə də MTN-nə getmək lazım olduğunu bildirdi. MTN-nə çatandan sonra qaynım Ramini geri qaytardılar.

Mənim özümü isə girişdən sağda olan komendaturanın 2-ci mərtəbəsinə qaldırdılar. Orada Dubaydakı tanışım Arazın işçisi Azəri də gördüm. Məlum oldu ki, Dubaydan alıb Bakıya gətirmək üçün Araza verdiyim brilyantları o, Azərə verib. O da Fizuli Əliyevin işçiləri tərəfindən saxlananda, həmin brilyantların mənə məxsus olduğunu bildirib. Fizuli, Natiq və Fizulinin adını bilmədiyim digər işçiləri izahatımı alanda məni həbslə hədələyirdilər, lakin məni döymədilər.

Mən də onlara hər şeyi olduğu kimi danışdım. Həmin gecə məni komendaturanın bir otağında, Azəri isə başqa otaqda saxladılar. Gecə həyəcandan və qorxudan yata bilmədim, kabinetə saldıqlarından yatmağa şərait də olmadı. Ertəsi gün saat 9-10 radələrində Fizuli mənimlə təklikdə olan zaman sərbəst buraxılmağım üçün 1 milyon manat pul və Dubaydan gətirdiyim 580 min ABŞ dollar dəyərində olan brilyant daşlarını verməyimi tələb etdi. Əks təqdirdə həbs olunacağımı və malların müsadirə ediləcəyini bildirdi. Ona bu məbləğdə maddi imkanım olmadığını söylədim, malları borca götürdüyümü dedim. Fizuli Əliyev otaqdan çıxıb rəhbərliklə məsləhətləşəcəyini deyərək bir müddət keçəndən sonra yenidən qayıtdı.

Hər dəfə qayıdıb gələndə ona istədiyi məbləğdə pulu və brilyantları verməyimi deyirdi. Uzun müddət ərzində alver söhbəti apardıqdan sonra Dubaydan gətirilən 280 min ABŞ dolları dəyərində brilyantın müsadirə olunması, özüm tərəfindən qanuni yolla gətirilmiş 300 min ABŞ dolları dəyərində brilyantları da onlara verəcəyim təqdirdə buraxılacağım barədə razılaşdıq. Bundan sonra Fizuligil mənim işlədiyim, Kukla Teatrı ilə üzbəüz olan Bakı Univermağındakı ticarət obyektinə getdilər. Həmin ticarət obyektinin seyfində saxlanılan 300 min ABŞ dolları dəyərində olan brilyantları Fizuliyə və yanında olmuş Natiq Alıyevə verdim. Həmin vaxt Fizuli kiminləsə telefonla danışdı və danışandan sonra seyfdən götürdüyü brilyantları geri qaytarıb çıxıb getdilər" deyə, zərərçəkən istintaqa verdiyi ifadəsində qeyd edib.

“Mahmudovçu”ların işi üzrə oxşar ifadələr az deyil. Belə aydın olur ki, ölkəyə qaçaq yolla brilyant gətirənlər daim və xüsusi nəzarət altında olublar. Sadəcə, onlara imkan verilib ki, ölkəyə brilyant gətirsinlər və çoxlu pul qazansınlar. Sonradan isə bir əməliyyatla onları saxlayıb brilyantlarını da, pullarını da əllərindən alıblar. Diqqət çəkən digər məqam isə “brilyant ovçuları”ndan ibarət “mahmudovçu” qrup üzvlərinin rəhbərliyinin sabiq “OBXSS”-çilərdən ibarət olmasıdır. Bu da ondan irəli gəlir ki, sabiq nazirin özü də sovetlər dönəmində OBXSS-in rəisi olub. Köhnə işçilərini sonradan MTN-ə transfer etməklə onlar üzərində brilyant sevgisini qarşılayıb.

Bu sevginin qurbanları sırasında xeyli brilyant qaçaqçıları var. Onların bir çoxları bu gün də üzə çıxmaqdan çəkinirlər. Bilirlər ki, əməlləri qanuna uyğun deyil. Üstəlik aralarında döyülənləri, təhqir olunanları olub. Bir çoxları ölkəyə gətirdikləri brilyantlarla vidalaşaraq oranı tərk edə biliblər. Bəzilərinin isə vəziyyəti lap pis olub - bir neçə yüz min manat, hətta milyon manatla ölçülən qiymətli daş qaşları ilə bərabər bir neçə yüz min xərac verməklə canını “mahmudovçular”dan qurtara biliblər. Bununla belə elələri də olub ki, aylıq xərac qarşılığında illərlə ölkəyə qaçaq yolla brilyant gətirməkdə davam ediblər. Brilyant alveri Eldar Mahmudovun şifahi göstərişi ilə tam olaraq nəzarətə götürülüb. Brilyant alverçiləri bu gün də Sübahir Qurbanovun işçisi, polkovnik Füzuli Əliyevin adı gələndə özlərini yaxşı hiss etmirlər. Onun rəhbərliyi ilə illərlə xüsusi brilyant ovçuları fəaliyyətdə olub. Ölkəyə daş-qaş, qızıl və digər zinət məmulatlarını gətirənlər MTN-ə aparılıb, aylıq haqq verməyə məcbur ediliblər. Xüsusilə brilyant qaçaqmalçıları daim nişangahda saxlanılıb. “Ovlanmış” brilyant qaçaqçılarından bəziləri Eldar Mahmudova brilyant daşımağa məcbur ediliblər.

Füzuli Əliyevin bu cür fəaliyyəti nazir Eldar Mahmudov tərəfindən bəyənilib. Onun vəzifəsi tez bir zamanda yüksəldilib. Brilyant qaçaqçılarını inhisarda saxlayan qrupa rəhbərlik edən Füzuli Əliyev qısa müddət ərzində IV Baş İdarədə məsul vəzifələrə təyin olunub. Eldar Mahmudov onu 2011-ci ildə 2-ci idarənin rəis müavini, 2012-ci ildə 1-ci idarənin rəisi, 2015-ci ildə Baş İdarənin rəis müavini vəzifəsinə qədər irəli çəkdirib. 2013-cü ildən başlayaraq həmin qrup brilyant qaçaqçıları ilə yanaşı qara pulların leqallaşdırılması ilə məşğul olan, büdcə pullarının nağdlaşdırılması və sonradan mənimsənilməsini gerçəkləşdirən ayrı-ayrı şəxslərə də qarmaq atmağa başlayıb. Eldar Mahmudovun brilyant sevgisi, pul hərisliyi onun yaratdığı qrupun fəaliyyəti ilə təmin olunub.

Qeyd edək ki, hazırda məhkəmə qarşısına çıxarılan Sübahir Qurbanov və digərlərinə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb.
\\musavat.com\\
Geri qayıt