Əsas Səhifə > Cəmiyyət, Manşet > Naxçıvan səhiyyəsinin AĞRISI...

Naxçıvan səhiyyəsinin AĞRISI...


18-05-2018, 09:24
Naxçıvan səhiyyəsinin AĞRISI...
Ötən saylarımızın birində qeyd etdiyimiz kimi, hazırda Naxçıvan Muxtar Respublikasında digər bir çox sahələr kimi səhiyyə sistemi də özünün acınacaqlı günlərini yaşayır. Məhz elə bu səbəbdəndir ki, Valid Kazımov kimi qeyri-peşəkar, təcrübəsiz, işinə laqeyd yanaşan cərrahlar hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında "at oynadır"lar. Nəzərinizə çatdıraq ki, əlimizdə adıçəkilən cərrahın məsuliyyətsizliyini, həkim peşəsinə qara ləkə gətirəcək əməllərə yol verdiyini, o cümlədən Hippokrat andına sadiq olmadığını sübuta yetirən kifayət qədər faktlar mövcuddur.

Belə ki, bu yaxınlarda Naxçıvan sakinlərindən biri qolundakı şüşə kəsiyi ilə bağlı Naxçıvan Muxtar Respublika Xəstəxanasına üz tutub. Orada isə cərrah Valid Kazımovun qəbulunda olub və sonda həmin vətəndaşın qolundakı vətərlər, sinirlər tikilmədən, eyni zamanda qolundakı şüşələr təmizlənilmədən, yalnız üzdən, həm də olduqca səliqəsiz şəkildə tikiş atmaqla evinə buraxıblar. Cərrahiyyə əməliyyatından bir neçə gün keçdikdən sonra xəstə barmaqlarının işləmədiyi, yavaş-yavaş qaralmağa başladığını müşahidə edib. Elə buna görə də vəziyyətin nə yerdə olduğunu öyrənmək məqsədiylə yenidən cərrah Valid Kazımovun qəbulunda olur. Adıçəkilən qeyri-peşəkar cərrah isə narahatlığa lüzum olmadığını deyərək, pasiyentini arxayınlaşdırıb evinə yola salıb. Lakin gün keçdikcə xəstənin vəziyyəti daha da ağırlaşır, qolu az qala tam yararsız vəziyyətə düşüb. Bu səbəbdən də xəstənin yaxınları onu müayinə olunmaq üçün paytaxta gətirirlər.

Bakıdakı xəstəxanaların birində müayinə zamanı bəlli olub ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının cərrahı Valid Kazımov əməliyyat zamanı nə xəstənin qolundakı şüşələri təmizləyib, nə də vətərləri, sinirləri tikib. Yəni sadəcə yaranın ağzını sıxıb bağladıqdan sonra xəstəni evə yola salıb. Bir sözlə, Naxçıvan Muxtar Respublika Xəstəxanasında xəstədən külli miqdarda pul alınmasına rəğmən, onu taleyin ümidinə buraxıblar.

Qeyd edək ki, həmin vaxtdan etibarən, yəni əməllərinin üstü açıldıqdan sonra cərrah Valid Kazımov sanki qeybə çəkilib və xəstənin yaxınlarının qarşısına çıxmağa səcarət etməyib. Halbuki o, etdiyi qeyri-peşəkar cərrahiyyə əməliyyatı ilə bir insanı qolundan edə, onu ömürlük şikəst qoya bilərdi. Buna görə də sözügedən xəstə və onun yaxınları cərrah Valid Kazımov barəsində müvafiq ölçü götürülməsi məqsədiylə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə müraciət edib. Muxtar Respublikanın səhiyyə naziri Niyazi Novruzovun imzası ilə 4 may 2018-ci il tarixdə vətəndaşa ünvanlanmış cavab məktubunda isə deyilir ki, guya tikişdən əvvəl və sonra xəstənin barmaqları işlək vəziyyətdə olub: "Həkim Valid Kazımovun izahatına görə, tikişdən əvvəl və sonra xəstənin əlində barmaqlar işlək vəziyyətdə olub. Təkrar xəstəxanaya müraciət zamanı həkim Valid Kazımovun sizə qarşı etdiyi kobudluğa görə cəza tədbirinin görülməsi məqsədiylə xəstəxananın rəhbərliyinə tapşırıq verilmişdir".

Gördüyünüz kimi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi yol verilən həkim məsuliyyətsizliyinə məhz bu cür qeyri-ciddi reaksiya sərgiləyib. Belə ki, Muxtar Respublikanın səhiyyə naziri Niyazi Novruzov cərrah Valid Kazımovun qeyri-peşəkar cərrahiyyə əməliyyatından şikayətçi olan vətəndaşın dediklərini, təqdim olunan faktları bir kənara qoyaraq, nəyinsə naminə, kim bilir, bəlkə də kim(lər)insə göstərişinə əsasən adıçəkilən həkimi “aydan arı, sudan duru” kimi qələmə verməyə çalışıb. Halbuki ortada konkret həkim məsuliyyətsizliyi var və məhz cərrah Valid Kazımovun düzgün əməliyyat etməməsi nəticəsində Naxçıvan sakini qolundan ola bilərdi.

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, əməliyyat zamanı xəstənin qolundakı vətərlərin, sinirlərin tikilmədən, şüşələr təmizlənilmədən, üzdən səliqəsiz şəkildə tikiş atıldığını sübuta yetirən video görüntü də mövcuddur. Və həmin görüntü "Hürriyyət" qəzetinin saytında da yerləşdirilib. Ancaq buna baxmayaraq, Naxçıvan Muxtar Respublikanın səhiyyə naziri həm nazirliyə təqdim olunan, həm də qəzetimiz vasitəsiylə ictimailəşdirilən faktlara əhəmiyyət vermədən cərrah Valid Kazımovun guya düzgün əməliyyat apardığını bildirib. Və onun yalnız vətəndaşa qarşı etdiyi kobudluğa görə cəzalandırılacağını vurğulayıb.

Fikir verin, cərrah Valid Kazımovun etdiyi kobudluğa görə cəzalandırılacağı qeyd olunsa da, həkim-cərrah kimi məsuliyyətsizliyinə, qeyri-peşəkarcasına etdiyi əməliyyata görə, ona "gözün üstə qaşın var" deyən yoxdur. Görəsən, bu, hansı məntiqə, hansı qanuna sığır?..

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Hurriyyet.org

Naxçıvan səhiyyəsinin AĞRISI...

Geri qayıt