Əsas Səhifə > Cəmiyyət, Manşet > "İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu..."
"İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu..."23-02-2021, 10:11 |
Şəmkir rayonunun Ağlavaşlı kəndində yaşayan Qarabağ müharibəsi veteranları bələdiyyə sədrindən və icra başçısından narazıdır. Deyirlər ki, əkinçiliklə məşğul olmaq üçün torpaq sahəsi icarəyə götürmək istəsələr də, onlara imkan verilmir. DİA.AZ-ın məlumatına görə, 47 yaşlı Naib Həsənov deyir ki, özü Birinci Qarabağ Müharibəsində, oğlu Qafur da İkinci Qarabağ Müharibəsində ölkənin ərazi bötövlüyü uğrunda döyüşüb. Kənddəki əksər ailələr kimi, onlar da dolanışıqda maddi baxımdan əziyyət çəkirlər. Ona görə də Ağlavaşlıdan olan digər Qarabağ müharibəsi veteranları ilə birlikdə qərara gəliblər ki, icarəyə torpaq götürüb, əkin-biçinlə məşğul olsunlar: “Vəziyyət yaxşı deyil, əməlli-başlı ehtiyac içində yaşayırıq. Dolanışığımızı təmin eləmək üçün əkinçiliklə məşğul olmağı qərarlaşdırdıq. Əkinçiliklə məşğul olmaq üçün də torpaq lazımdır axı... Əvvəl 10 nəfər müharibə iştirakçısı toplaşıb, icarəyə torpaq götürmək üçün bələdiyyəyə müraciət elədik. Sonra sayımız artdı, 17 nəfər olduq. Aramızda müharibədə əlil olanlar da vardı”. Naib Həsənovun sözlərinə görə, Ağlavaşlı Kənd Bələdiyyəsindən rədd cavabı alıblar. O iddia edir ki, bələdiyyə sədri Elşən Mehdiyev icarəyə torpaq ayrılması üçün pul istəyib. Tələb olunan vəsaiti verə bilmədiklərinə görə Qarabağ müharibəsi veteranlarına torpaq sahəsi ayrılmayıb: “Bizim kənddə bələdiyyənin mülkiyyətində 700 hektar torpaq sahəsi var, amma vermir. 22 ildir bələdiyyə sədridir, ondan əvvəl də 10 il kolxoz sədri işləyib. Nə istəyir, onu da eləyir. Kəndin nəyi varsa, onun sərəncamındadır. Kommunizm vaxtında yerin altından keçən borulara qədər satıblar. Torpaq sahələrini özünə yaxın olanlara paylayır. Deyir ki, “torpağın hektarı 2500-3000 mindir”. Açıq-açığına bildirir ki, “bələdiyyə sədri olmaq havayı deyil, hər dəfə 5 il üçün mən də pul verirəm, onu çıxarmalıyam”. Aramızda elə yoldaşlarımız var ki, təhqir edir...” İcarəyə torpaq götürmək üçün müraciət etmiş müharibə veteranlarından 48 yaşlı Yalçın Rzayev deyir ki, bələdiyyə sədrinin qanunsuz tələblərinə görə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Mehdiyev onu təhqir edib: “Məni “vətən xaini” adlandırır. Halbuki, onun kimilərin harada olduğu bilinməyəndə mən həyatımı təhlükəyə atıb, bu ölkə uğrunda vuruşurdum. Mənim dörd övladım var, ailəmi necə dolandırım? Nə istəyirik, deyirik ki, hamı kimi, bizə də icarəyə torpaq ayrılsın, əkib-biçək, birtəhər dolanaq. Heç kimin şəxsi əmlakını istəmirik ki. Özü qardaşları ilə birlikdə 100 hektara qədər ərazini götürüb. Canımızla qoruduğumuz torpaqlardan bir hissə bizə verilmir ki, dolanaq”. Yalçın Rzayev “vətən xaini” ittihamına görə də hüquq-mühafizə orqanlarına şikayət edib. Bələdiyyə sədrindən rədd cavabı alan veteranlar Şəmkir Rayon İcra Hakimiyyətinə üz tutublar. İcra başçısı Alimpaşa Məmmədovla görüşsələr də, məyus qayıdıblar. “İcra hakimiyyətinə bir neçə dəfə getmişik. Xeyri olmadı. İcra başçısı görüşdə sanki baxışlarıyla bizi qovurdu...”, - Naib Həsənov belə deyir. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |