Əsas Səhifə > Cəmiyyət, Manşet > Rövşən Rzayev də təsərrüfata girişib...

Rövşən Rzayev də təsərrüfata girişib...


1-03-2021, 09:16
Rövşən Rzayev də təsərrüfata girişib...
Ekologiya və Təbii Sərvətlər Nazirliyi təcili surətdə öz diqqətini Samux rayonuna yönəltsə yaxşı olar. Bir müddətdir ki, Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində, ən önəmlisi də dövlət tərəfindən xüsusi mühafizə olunan təbiət əraziləri hesab edilən və Göygöl Milli Parkının ərazisi sayılan 200 hektardan artıq meşə sahəsi şumlanaraq əkin sahəsinə çevrilib. Meşə örtüyünü və təbiətin təbii özəllikləri qəsdən məhv edən şəxslər milli parkın ərazisinin qanunla qorunan hüquqlarına və ekoloji maraqlara təcavüz edərək özlərinə günəbaxan əkirlər.
"Demokratik.Az"-a verilən məlumatlara görə, Samux rayonunun Narlı bulaq, şəhər burnu və Daşlı burun kimi tanınan ərazilərində təbiətə böyük miqyasda ziyan vurulub.
"Günəbaxan mafiası" bitki örtüyü ilə yanaşı çay yataqlarının bitki zənginliklərindən ibarət olan park ərazisindəki söyüd, qovaq, saqqız və digər qiymətli ağac cinslərini ağır texnika ilə kökündən çıxararaq yerində taxıl da əkiblər.
Məlumata görə, qoruq ərazisini özlərinə əkin plantasiyasına çevirənlər ağır texnika-traktorlarla əkdirdikləri sahədə əsasən arpa-buğda səpinini artıq yekunlaşdırıblar. Günəbaxan sahəsi də şumlanaraq hazır vəziyyətə gətirilib.
Kür çayının sağ sahilində 2 km uzunluğunda, 2 metr dərinliyində qazılmış iri xəndəklər ərazidə mal-qara saxlayan fermerlərin də hərəkətini xeyli məhdudlaşdırıb. Ərazidəki insanların baş verənlərə narazılıqları isə heç bir nəticə verməyib.
Mənbənin qeyd etdiyinə görə, özbaşınalıq Göygöl Milli Parkına (Dövlət Təbiət Qoruğuna) məsul olan şəxs və şəxslər tərəfindən normal hal kimi qarşılanır. Dövlət büdcəsindən ildə milyonlarla vəsait alan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ərazi Ekologiya İdarəsinin rəhbəri cənab Rəhim Qafarov və tabeçiliyindəki əməkdaşların da məsələdən hali olmaları iddia olunur. Lakin, əkinin arxasında mötəbər şəxsin dayanması iddiası Ekologiya Nazirliyinin səlahiyyətlilərinin susqunluğuna, hərəkətsizliyinə səbəb olub.
Meşə massivinin və xüsusi təlimat və qaydalarla qorunmalı olan milli park ərazisinə operativ nəzarətsizliyin həcmi “işbaz”ların cinayət tərkibli əməllərinə açıq şərait yaradıb. Nəticədə də Göygöl Dövlət Qoruğunun balansında yaradılan Milli Parkının həmin ərazisinə külli miqdarda zərər-ziyan dəyib.
Sözügedən ərazidə əkinə birbaşa Göygöl Dövlət Təbiət Qoruğunun rəisi ilham Məmmədovun da "xeyir-dua" verdiyi bildirilir. Qeyri-rəsmi iddialara görə, bunun üçün İ. Məmmədov işbazlardan hər hektarına 50 manat olmaqla (ümumilikdə 10 min) rüşvət alıb.
"Demokratik.Az" saytının rüşvət alma iddiası barədə sualına cavabında Milli Parkın rəsmisi deyilənləri təkzib edib. Sadəcə olaraq adıkeçən idarənin Göygöl rayonu ərazisində olmasını əsas gətirərək guya vaxtlı-vaxtında qoruğa tabeli uzaq ərazilərə nəzarətin mümkün olmadığını bildirib. Bundan başqa, dövlət qoruğunun ərazisinə Ekologiya və Təbii Sərvətlər Nazilriyinin 10 saylı Ərazi Ekologiya İdarəsinin mühafizə və nəzarət etməli olduğu da gün kimi aydındır. Telefon zənglərimizə cavab verilmədiyi üçün Rəhim Qafarovun məsələyə münasibətini ifadə edə bilmirik.
Milli park-dövlət qoruğu ərazisinə dəymiş ziyanla əlaqədar hər iki qurumun əslində niyə heç bir tədbir görməmələrinin daha bir cavabı isə aşağıdakı kimidir.
Bildirilir ki, həmin ərazidə əvvəlki illərdə heç vaxt belə özbaşınalıq halı qeydə alınmayıb. Bunun səbəbi Göygöl Milli Parkının yeni direktoru İlham Məmmədovla əlaqədardır.
Belə ki, adının çəkilməsinin istəməyən mənbənin dediyinə görə, İlham Məmmədov hazırki vəzifəyə Göygölün sabiq deputatı, Qaçqınkom rəhbəri cənab Rövşən Rzayevin dəstəyilə təyin edilib. Adıçəkilənləri bir-birinə yaxın dostluq telləri bağlayır. Bu minvalla İlham Məmmədovun qardaşı İlqar Məmmədov da hazırda Göygöl İcra Hakimiyyətində başçının müavini vəzifəsini daşıyır.
Beləliklə, şokedici iddiaya inansaq, Milli Parkın ərazisində 200 hektardan artıq ərazidə arpa-buğdanı, günəbaxan plantasiyasını qaçqınkom şefi cənab Rövşən Rzayev saldırıb ki, bu özbaşınalığın qarşısının alınması da Qərb bölgəsində nazir Muxtar Babayevi təmsil edənlərin səlahiyyətləri daxilində olsa da, gücləri və iradələri daxilində deyil...
İnanırıq ki, sözügedən özbaşınalığın durdurulması "dövlət baba"nın daha səlahiyyətliləri, elə ekonazir Muxtar Babayev üçün daha önəmli və mümkün iş olacaq!
Demokratik.Az

Geri qayıt