Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağstafada baş həkim əsl bazarkomdur...
Ağstafada baş həkim əsl bazarkomdur...31-05-2021, 10:10 |
Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Göstərilən maddənin III hissəsinə müvafiq olaraq, sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Bu nöqteyi-nəzərdən, vətəndaşların sosial təminat hüququnu həyata keçirmələrinə mane olan, süni əngəl yaradan vəzifəli şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Hökumət belə halların qarşısını almaq üçün hansı yeniliklər tətbiq edirsə, korrupsiya fenomeni həyasız alaq otu kimi daşı belə yarıb altından boy verir. Gəlin əvvəlcə əlillik dərəcəsinin təyin olunması prosedurunun mövcud qaydalarına nəzər yetirək: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərlə vətəndaşların onlara əlilik dərəcələrinin təyin edilməsi məqsədilə Tibbi-sosial ekspert komissiyalarına (TSEK) müvafiq sənədlərlə müraciət etmələri və TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub. Dəyişikliklərə əsasən, əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür. Göndərişin aid olduğu şəxsə (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşa) dair elektron sənəddə həmçinin əks olunan, yəni göndərişi verən səhiyyə müəssisəsinin adını, onu təsdiq edən şəxslərin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə hər hansı TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Əlillik vəziyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq qəbul edilmiş qərar, habelə onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş və əmək zəmanətinə dair məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklər əsasında tətbiq olunan bu yeni prosedur əlilliyin qiymətləndirilməsi prosesinin məmur-vətəndaş təmasları olmadan, elektron ifrastruktur üzərində tam obyektiv və şəffaf şəraitdə aparılmasına xidmət edir. Nazirliyin “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, eləcə də autentifikasiya vasitəsinə ehtiyac olmadan istifadə edilən “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” (https://www.e-gov.az/az/services/read/3493/0) e-xidmətləri vətəndaşlara əlilliklərinin qiymətləndirilməsinin nəticəsi barədə elektron qaydada, yəni heç bir vəzifəli şəxsə müraciət etmədən elektron formada məlumat almağa imkan verir. Vətəndaşlar əlilliklərinin qiymətləndirilməsinin nəticəsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi 142 “Çağrı mərkəzi”nə zəng edərək şəxsiyyət vəsiqəsinin nömrəsini və doğum tarixini daxil etməklə nazirliyin mərkəzləşdirilmiş informasiya sistemindən məlumat əldə edə bilərlər. Deryaz.az-a Qazax rayonunun Yuxarı Əskipara kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Alı Dursun oğlu redaksiyamıza müraciət edərək, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının baş həkimindən şikayətlənmişdir. Vətəndaş Hüseynov bildirir ki, 2000-ci ildən revmatoid-artrit xəstəliyinə tutulmuşdur. Ona ilk əvvəl II qrup əlillik statusu təyin olunmuş və bir neçə il həmin dərəcəyə uyğun müavinət almışdır. Vətəndaş Hüseynov verdiyi məlumatların KİV-də ictimailəşdirilməsini xahiş etmişdir: “Sonra qərar dəyişdi. Dedilər ki, ya işləməlisən, ya da əlillik statusundan məhrum olunacaqsan. Mən də işləməyə üstünlük verdim. Amma vaxt keçdikcə əmək qabiliyyətim yetmədi, bacarmadım. 2015-ci ildə yenidən tibbi sosial ekspert komissiyasından keçdim və mənə II qrup əlillik təyin edildi. 2016-cı ildə daha bir dəfə komissiyadan keçmişəm. Növbəti komissiya 2021-ci ilin noyabr ayının 17-nə təyin olunub. Amma səhhət durumum çox ağırdır. Bütün oynaqlarımda, dizlərimdə, çiyinlərimdə, barmaqlarımda tutulma var. Ürəkdöyünmə, təngnəfəsliyim var. Bu üzdən I dərəcəli əlillik statusu almaq üçün müraciət etmək qərarına gəldim və 2019-cu ilin yanvar ayından süründürməçiliklə üzləşmişəm. Bakıda ak. Mirqasımaov adına Respublika Xəstəxanasında da yatmışam, rayon mərkəzi xəstəxanasında da satasionar qaydada yatmışam. Vacib sənəd olan “Forma-88”-in yenilənməsi tələb olunur. Ən axırıncı dəfə 25 dekabr 2020-ci il tarixdə fərqli əllillik dərəcəsi almaq üçün müraciət etmişəm. Mərkəzdən rayon komissiyasına cavab gəldi ki, bəs məlumatları düzgün yazın, tam doldurun. Xeyli get-gəldən sonra aprel ayının 29-na söz vermişdilər ki, sənədlərim sistemə vurulacaq. Bu günlərdə əlaqə saxlamışıq, deyiblər ki, işimiz çoxdu, sizin sənəd hələ vurulmayıb”. Ümumiyyətlə, Ağstafa RMX-nin baş həkimindən və onun sədrlik etdiyi komissiyadakı süründürməçilik, korrupsiya hüquqpozmalarından şikayətlənənlər çoxdur. Bildirilir ki, baş həkim Ağstafa səhiyyəsinə rəhbər vəzifəyə təyin olunandan işi-gücü yalnız şəxsi maraqlarını təmin etmək olub. Əlillik statusunu da alver predmetinə çevirib. Kim ki, onun şərtləri ilə razılaşıb 2-3 min manat rüşvət tələbini ödəyir, həmin şəxsin sənədləri, məlumatları sürətlə sistemə oturdulur, Hüseynov kimi imkansız, həqiqi əlillərin işi isə ləngidilir, aydan-aya, ildən-ilə adladılır. Baş həkimin süründürməçilik siyasətini həyata keçirən Həcər həkimdən, operator Esmira xanımın adı çox hallanır. Doğrudan da düşündürücüdür: Görəsən, Alı Hüseynov kimi xəstələrə “işimiz çoxdur” deyən bu səhiyyə işçilərinin işləri nədən ibarətdir? Onların işlərini “çox” edən, amma növbədə qabağa düşən digər əlillərin Hüseynovdan nəyi artıqdır ki, həmin o “çoxluğa” düşməyə müvəffəq olublar? Bu suallarla İlham həkimin özünə də müraciət etmək istədik. Amma mövzudan hali olar-olmaz cavab verməkdən imtina etdi, özü də sakit tərzdə yox, elə kobud ifadələrlə qarşıladı ki, onunla telefon üzərindən təmasa girməyimizə peşman olduq. Baş həkimin kobudluğunun və tərbiyəsizliyinin bu cür ötkəm tərzdə olması belə düşünməyə əsas verir ki, “yuxarılar” onun özündən də hesab tələb edirlər və həmin hesabı çatdıracağı təqdirdə vətəndaşlarla kobud, sayğısız rəftarına görə cəzasız qalacağına zəmanət veriblər. Mövzuya qayıdacağıq. Deryaz.az Geri qayıt |