Əsas Səhifə > Cəmiyyət, Manşet > Naftalan KTİB-də biri kartan pul çıxarırdı, digəri isə tenderlərdən silir
Naftalan KTİB-də biri kartan pul çıxarırdı, digəri isə tenderlərdən silir17-08-2021, 11:48 |
Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyinin rəisi Rüfət Həsənov və Birliyin Baş mühasibi Zəfər Mamedov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 12 mart 2021-ci ildə həbs olundular. Onlar Birliyə işçi qəbul etmək adı ilə saxta müqavilələr bağlayaraq ümumilikdə 87 şəxsin adına olan plastik kartlara köçürülmüş cəmi 121 min 520 manat məbləğdə pul vəsaitini müxtəlif bankomatlardan məxaric etməklə mənimsəmişlər. Hazırda Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyinə Eyvaz Nəcəfov rəislik edir. Onu bu vəzifəyə 04 dekabr 2019-cu il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinə başçı təyin edilmiş Vüqar Novruzov gətirib. Amma Eyvaz Nəcəfov buna qədər Naftalanda ad çıxarmış biridir. Onu zonada çox böyük imkanları olan biri kimi tanıyırlar. Regionlarda Birləşmiş Sukanal İdarələri yaradılana qədər Eyvaz Nəcəfov uzun müddət Naftalanda Su kanalizasiya idarəsinin müdiri olub. Burada onun yol verdiyi qanunsuzluqların sayı-hesabı olmadığı bildirilir. Daha sonra Eyvaz Nəcəfov Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər Şöbəsinin müdiri olub. Aktualinfo.org-a verilən məlumata görə Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyində rəhbərliyə keçən kimi Sukanal idarəsində tətbiq etdiyi metodlardan istifadə etməyə başlayıb. Belə ki, bütün nəqliyyat vasitələrinə ayrılan yanacağı azaltmaqla bərabər bir sıra ehtiyyat hissələrinin alınmasını da sürücülərin boynuna qoyub. Amma apardığımız araşdırmalar zamanı Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyi hər il nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin alınması məqsədi ilə xeyli vəsait ayırdığı bəlli oldu. Məlumatlara görə Eyvaz Nəcəfov bu malların satınalmasını kağız üzərində təşkil edir. Onun rəis təyin edilməsindən sonra Birlik tərəfindən keçirilmiş tenderlər də bunları görməmək mümkün deyil və şübhələnməyə də əsas verir. Mal materialin alınması üzrə 66 906.24 manat məbləğində satınalma müqaviləsi 10.08.2021-ci il tarixdə “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 12.06.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, NƏSİMİ, ev 8 B, qanuni təmsilçisinin isə Mirzəyeva Elnurə Sabir qızı olduğu göstərilir. Qeyd edək ki, Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyi tərəfindən mal-materialların satınalması üzrə keçirilən bütün tenderlərdə, mənimsəmə üstündə həbs olunmuş əvvəlki rəisin dövründə də belə,qalib “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” MMC olub. Mal-materialın alınması üzrə 21.09.2020-ci il tarixdə keçirilmiş tenderdə də 145 116.11 manat məbləğində satınalma müqaviləsi də bu MMC ilə bağlanılıb. Təbii ki,bunun bəhrəsini Eyvaz Nəcəfov görməyib. Barəsində heç bir məlumat olmayan, bir qadının adına formal olaraq yaradılmış bu MMC-nin əsas funksiyası məlumatlara görə tenderin şərtlər toplusunda göstərilən mal-materialların qiymətlərini şişirtmək və daha çox pul silməkdən ibarətdir. Naftalan şəhərində abadlıq işləri üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 142 905.71 manat məbləğində satınalma müqaviləsi 28.07.2021-ci il tarixdə “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsində 10.12.1992-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10.60 manat olan MMC-nin hüquqi ünvanı GƏNCƏ ŞƏHƏRİ, ASFALT ZAVOD, qanuni təmsilçisinin isə Məmmədov Nazim Fuad oğlu olduğu göstərilir. Bu MMC-nin də apardığımız araşdırmalara görə heç bir maddi texniki bazası yoxdur. Elə Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyinin işçi qüvvəsinin hesabına aparılan abadlıq işləri kağız üzərində “ƏRDAGI” MMC-nin adına rəsmiləşdirilir. Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyinin tenderlərin keçirilməsi zamanı yol verdiyi saxtakarlıq halları açıq aydın görsənir. Belə ki, maaş kartlarından pul çıxaran əvvəlki rəisdən fərqli olaraq, Eyvaz Nəcəfov tenderlərdən pul çıxarır. Eyvaz Nəcəfovun Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyində idarəetməsinə gəlincə. İdarəetmədə elementar qaydalara nəzarət edə bilməyən bir rəisdir. Birliyin elektron poçtuna ünvanladığımız sorğu məktubuna cavab verilmədi. Telefon nömrələrinin heç biri ya işləmir, ya da işçilər yerində yoxdu. Hətta İcra başçısının müavinindən aldığımız telefon nömrəsinə İsehsalat Birliyində cavab verən olmadı. Bütün bunlardan da gənc kadr olaraq Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun xəbəri təbii ki,yoxdur. Aktualinfo.org Geri qayıt |