Əsas Səhifə > Cəmiyyət, Manşet > Salyanın məşhur iş adamı hədəfdə: Hacı Qurban Azərbaycandan qaçmaq istəyir
Salyanın məşhur iş adamı hədəfdə: Hacı Qurban Azərbaycandan qaçmaq istəyir7-04-2015, 12:17 |
DİA.AZ: - Salyanda uşaqdan tutmuş böyüyə qədər Hacı Qurbanı ən varlı adam kimi tanıyırlar. Vurğulayaq ki, iş adamının biznes fəaliyyətindəki qanun pozuntuları ilə bağlı ötən saylarımızda geniş yazılar dərc etmişdik. Bu gün isə apardığımız araşdırmaların davamında əldə etdiyimiz növbəti ilginc faktları sizinlə paylaşmaq istəyirik. Əldə etdiyimiz məlumatlara görə, özünü xeyriyyəçi kimi təqdim edən iş adamı əslində, Salyanda sadə vətəndaşların hüquqlarını tapdalayan biri kimi tanınır. DİA.AZ-a daxil olan məlumata əsasən, onun şirkətində işləyən Salyan və qonşu rayonların sakinlərinə qarşı xoşagəlməz münasibət göstərilir, əmək hüquqları pozulur, bəzi hallarda isə şəxsiyyətlərinə toxunan sözlərdən istifadə olunur. İş adamının biznes şəbəkəsinə «İlkin N», «XXI-əsr», «CSM Nix», «Sevinc 96», «Nigar LTD», «Halal İnşaat MMC», “A+B OİL Servis” kimi böyük şirkətlərin daxil olduğu bildirilir: «Sözügedən şirkətlərin illik maliyyə dövriyyəsi çox böyük məbləğlərlə ölçülür. Şirkətlər hər ay ona külli miqdarda gəlir qazandırsa da, biznesmen dövlətə düz-əməlli vergi keçirmir. Hacı Qurbanın Salyan rayonunun Qarabağlı kəndində 90, Kərimbəyli kəndində 60, Təzəkənd kəndində 120, 5-ci şöbə adlanan ərazidə 250, Qırxçıraq kəndində isə 120 hektar torpaq sahəsi var. Bu torpaqlar bir zamanlar əhalinin örüş sahəsi olub. Lakin iş adamı hansısa yollardan istifadə edərək həmin torpaqları özəlləşdirib. Bu adam rayonda kənd təsərrüfatının inkişafına birbaşa mane olur. Harda boş torpaq sahəsi görürsə, dərhal oranı ələ keçirir. Hacının fermer təsərrüfatlarında işləyən şəxslər bəzi hallarda problemlə üzləşirlər. İş adamı ya onların maaşını vermir, ya da ağır şəraitdə işlədir». Araşdırmalar nəticəsində aydın oldu ki, Qurban Abbasovun oğlunun adını daşıyan “İlkin N” şirkəti “Qarasu Oil” və “Salyan Oil”a podratçı xidmət göstərir. “İlkin N” şirkəti Salyanın Qarabağlar kəndində yerləşir və 350 nəfər işçisi var: «İş adamının həmçinin Salyanda beton zavodu, çoxlu sayda texnikası, Cəlilabad, Şirvan və Yasamal rayonlarında avtobazaları var. Hacının sahibi olduğu şirkətlər Salyanda həyata keçirilən tikinti işlərinin əsas podratçısıdır. Onun adı dəfələrlə tender əməliyyatlarında hallandırılıb. Belə ki, iş adamının rəhbəri olduğu şirkət bir müddət əvvəl «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin xətti ilə dəyəri 350 min manatdan çox olan tenderlərin qalibi olub. Bu tenderlərdən biri sözügedən dövlət qurumunun Salyan Suvarma Sistemləri İdarəsinin işlərini görmək məqsədi ilə keçirilib. Elektrik mühərriklərinin əsaslı təmirini həyata keçirmək üçün Hacı Qurbanın nəzarətində olan «İlkin N» şirkətinə 56760 manat pul ayrılıb. Yenə həmin dövlət qurumu Salyan Suvarma Sistemləri İdarəsi üçün mexanizmlərin ehtiyat hissələrinin satın alınması məqsədilə «İlkin N» firmasına 44321 manat pul verib. Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin alınmasına «İlkin N» firmasına ayrılmış məbləğ isə bir qədər çox, yəni 128610 manat olub. ASC-nin sonuncu belə əməliyyatı yenə Salyan Suvarma Sistemləri İdarəsi ilə bağlı olub. Bu dəfə idarəyə təmir-tikinti işləri üçün tikinti materiallarının alınması məqsədi ilə «İlkin N» firmasına 115162 manat pul verilib. Amma bu vəsaitlərin müəyyən hissəsi nəzərdə tutulan işlərin icra edilməsinə sərf olunmayıb. Aidiyyəti üzrə yoxlama aparıb büdcə vəsaitlərinin hara xərcləndiyini üzə çıxarmaq lazımdır». Araşdırmalara görə, biznesmenin Qarabağlı kəndində “Samir” kənd təsərrüfatı məhsulları, çörək və çörək məmulatları istehsal edən müəsissəsi fəaliyyət göstərir: «Çörək zavodunda işləyən şəxslərin əmək hüquqları tez-tez pozulur. Bu müəssisədə vergi ilə bağlı çoxsaylı problemlər mövcuddur. Onun həmçinin Şirvan şəhərində ümumilikdə sahəsi 6 hektar olan «Qarasu» Əməliyyat Şirkətinin yaxınlığındakı qaraj və tikililəri, Lənkəran rayonunda istirahət kompleksi var». Salyanlı iş adamının haqqında yayılan maraqlı məlumatlardan biri də bir neçə ay öncə Şirvan Milli Parkında baş verən yanğınla bağlıdır. Xatırladaq ki, “Salyan Oil” şirkətinə məxsus olan aqreqatın nasazlığı ucbatından parkda yanğın baş vermişdi. İddialara görə, həmin aqreqata da dolayı yolla Hacının oğlunun adını daşıyan “İlkin N” şirkəti nəzarət edir. Əldə etdiyimiz məlumatlara əsasən, Qurban Abbasov bütün imkanlarından istifadə edərək aidiyyəti qurumlardan gələn ekspertlərə nəysə verib rəyi dəyişib ki, guya yanğına səbəb ehtiyatsızlıq olub. Araşdırmalar zamanı guya parkdan kibrit və içərisində neft məhsulu olan şüşə də tapılıb. Bununla da Hacı Qurban məsuliyyətdən yayına bilib. Qeyd edək ki, yanğın nəticəsində parka 300 min manata yaxın ziyan dəyib. Bayaq da qeyd etdiyimiz kimi, iş adamının rəhbərlik etdiyi şirkət və müəssisələrdə külli miqdarda vəsaitin vergidən yayındırıldığı deyilir. Məlumatlara görə, Qurban Abbasovun sahibi olduğu şirkətlərdə bu günə qədər vergi yoxlamalarının aparılmamasına səbəb onun 5 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Pənah Qurbanovun dayısı oğlu olmasıdır. Belə ki, iş adamı dayısı oğlunun himayəsi altında vergi yoxlamalarından yayınmağı bacarır. DİA.AZ-a rayondakı qaynaqlardan verilən son xəbərdə isə ilginc məqamlar açıqlanır. Belə ki, məlumatlı mənbə artıq Hacı Qurbanın şirkətlərində vergi yoxlamalarının başladığıni bildirirlər. Bu prosesin məşhur iş adamına baha başa oturacağını söyləyən mənbə dia-az.life-a açıqlamasında Hacı Qurbanın Azərbaycanı birdəfəlik tərk etmək niyyətinə düşdüyünü də bildirib. Qaynağın redaksiyamıza söylədikləri: "Vəziyyət artıq dəyişib. Son proseslər də təsdiqləyir ki, dövlət dünənə qədər göz yumduğu vergi cinayətlərinin artıq ört-basdır edilməsinə şərait yaratmaqda maraqlı deyil. Hazırda Hacı Qurbanın dövlətdən 3 milyon manata yaxın vəsaiti gizlətdiyi təxmin olunur. Bu məbləğ təxminidir və arta da bilər". Mənbə dia-az.life-a bildirib ki, bu səbəbdən başının daha çox ağrıyacağını yaxşı bilən Hacı Qurban kapitulyasiya qərarı verib: "Ona aid şirkətlərdən birinin Türkiyənin Ziraat Bankında hesabı var. Həmin hesabı müvafiq dövlət qurumları nəzarətə alsalar, çox faktlar aşkarlanar". Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |