Əsas Səhifə > Cəmiyyət, Manşet > Oliqarx-məmurlar daha bir asan qazanc ünvanlarını itirirlər...
Oliqarx-məmurlar daha bir asan qazanc ünvanlarını itirirlər...13-08-2015, 12:44 |
Avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin satışı 55%, yeni avtomobillərin satışı isə 80%-ə yaxın azalıb. Bu barədə KİA Motors Azərbaycan şirkətinin icraçı direktoru Zəka Əlibəyov bildirib. Şirkət rəsmisinin sözlərinə görə, satışların azalması səbəbindən “KİA Motors” bəzi satış mərkəzlərini bağlamalı olub, bu proses davam edəcək. Z.Əlibəyov deyib ki, “Avtomobillərin qiymətlərinin artması və kredit şərtlərinin çətinləşdirilməsi satışları 50-55 % azaldıb. Yeni avtomobil bazarında isə azalma 75- 80 %-dir. Bizdə isə ötən illə müqayisədə 50-60 % azalma müşahidə olunurdu. Ancaq iyun ayından etibarən reklama üstünlük verdik. Yay endirim kampaniyalarına başlamışıq. Və nəticədə may ayı ilə müqayisədə iyun ayında satışlarımız 20 %-ə yaxın artıb. İyul ayında da bir o qədər artım müşahidə olunur”. “Avtomobil bazarındakı krizis “KİA Motors Azərbaycan”a necə təsir göstərib” sualına cavabda şirkət rəsmisi bildirib: “Satışlar azaldığı üçün Badamdar, “Amay Ticarət Mərkəzi”nin yaxınlığında və Masallıdakı rəsmi dillerlərimiz bağlanıb. Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır. İlin sonuna kimi də 2-3 rəsmi dillerin də bağlanması gözlənilir”. Vəziyyətdən çıxış yolu olaraq daha ucuz modellərin gətirilməsi məqsədəuyğundurmu? Bu suala cavab olaraq, Z. Əlibəyov deyib ki, satışların payına görə əvvəlki modellərlə ilə müqayisədə fərq yoxdur: “Bizdə hər zaman yaxşı satılan avtomobillər sırasında “Rio”, “Cerato” və “Sportage” olub. Əvvəl bu modellərdə maraq necə idisə indi də elədir. Yəni satışların artırılmasını bununla bağlamaq olmaz. Əvvəlcə satışlar yaxşı olanda rəsmi dillerlər daha arxayın işləyirdi. Ancaq hazırkı krizis işin səmərəsini artırır. Məsələn, xarici zavodlarda bir avtomobili 5 nəfər yığırsa, sovet dönəmində bu işi 10 nəfər görürdü. Krizis olduqca fikirləşiblər ki, 3 işi bir nəfər görə bilirlərsə, digər işçiləri ixtisar etmək lazımdır. Ona görə də, rəsmi dillerlər müasirləşməlidir. Reklama, marketinq tədbirlərinə üstünlük verməlidir. Alıcı üzərində mübarizə olmalıdır. Azərbaycan avtomobil bazarının potensialı çox böyükdür. Təxminən 1000 nəfərə 100-110 avtomobil düşür ki, digər ölkələrlə müqayisədə çox aşağı göstəricidir. Müştəri potensialını daha ağıllı yollarla özünə cəlb etmək lazımdır. Bundan əlavə avtomobil kreditlərində ilkin ödənişi orta hesabla 50 %-yə yaxındır. Bu isə böyük məbləğdir. Dövlət ilkin ödənişin məbləğini 20-30 % civarında müəyyənləşməsində dəstək göstərsə, bu rəsmi dillerlərin vəziyyətini bir qədər yaxşılaşdırar”. Qeyd edək ki, Azərbaycanda avtomobil satışını həyata keçirən rəsmi dilerlərin arxasında bir qayda olaraq, nüfuzlu məmurlar dayanırlar. Onlar belə dilerləri ya himayə edir, ya da həmin dilerlər birbaşa hansısa oliqarx-məmurun biznes imperiyasına daxil olur. “Unikal”ın araşdırmasına görə, Azərbaycanın avtomobil bazarında yüksək paya sahib olan nazirlər, nazir müavinləri, hətta icra başçıları var. Bundan başqa, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bir sıra tanınmış, eyni zamanda bahalı, bir çox hallarda dəyəri hətta 1 milyon dollara çatan avtomobillərin idxalını və satışını həyata keçirməklə məşğuldur. İndi isə görünən budur ki, ölkənin neft hasilatının aşağı düşməsi, neft qiymətlərinin kəskin azalması, manatın devalvasiyası və bu kimi bir sıra başqa amillər bəzi iri məmurların daha bir ciddi gəlir mənbəyini sıradan çıxarır. Onların birbaşa və dolayı yolla nəzarətində olan avtosalonlar bağlanmağa, dilerlər öz fəaliyyətinə xitam verməyə başlayıb. Prosesin davamlı olacağı və dilerlərin qapanmasının davam edəcəyi artıq bu sahənin içində olan şəxslər tərəfindən açıq şəkildə dilə gətirilirsə, vəziyyətin ciddiliyi və ağırlığı aydındır. Bir sözlə, bu gedişlə biz bəzi oliqarx-məmurlarımızın maliyyə qaynaqları, gəlir mənbələri, maddi resurslar baxımından tədricən tamamilə çöküşünü izləyə bilərik. Geri qayıt |