Əsas Səhifə > Cəmiyyət, Manşet > AZAL “şef”i böhrandan çıxış yolunu tapdı
AZAL “şef”i böhrandan çıxış yolunu tapdı11-02-2016, 11:14 |
Neftin dünya bazarlarında kəskin ucuzlaşması və Azərbaycanın gəlirlərinin azalması nəticəsində manatın bir il ərzində iki dəfə kəskin devalvasiyaya uğraması oliqarxların maddi durumuna da ciddi təsir göstərib. Bu səbəbdən də onlar bir çox əlavə xərcləri ixtisara salmağa qərar veriblər. Belə iri məmurlardan biri də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovdur. O, idman sahəsinə ayırdığı pulları öncə azaltmaq, sonra da tamamilə dayandırmaq fikrindədir. Məsələ burasındadır ki, dünən yayılan məlumata görə, AZAL İdman Klubu ləğv olunub. Vergilər Nazirliyinin verdiyi məlumata görə, kreditorlar tələblərini iki ay ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən AZAL İdman Klubuna ünvanlaya bilərlər. Klub Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasının bazası sayılırdı. Burada digər növlər üzrə bölmələr də fəaliyyət göstərirdi. AZAL fəaliyyətini 2014-cü ilin aprelində dayandırmışdı. Səbəb kimi klubda məşğul olan çoxlu sayda ağırlıqqaldıranın dopinq-testdən keçə bilməmələri göstərilmişdi. Klubun direktoru isə AZAL “şef”inin yaxın qohumu olan İsgəndər Əsgərov idi. Qeyd edək ki, AZAL idman klubunun ləğvinə baxmayaraq, eyniadlı futbol klubu fəaliyyətini davam etdirir. Futbol komandası ev oyunlarını "AZAL Arena"da keçirir. AZAL İdman Klubunun ləğvi məhz “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin “qənaət siyasəti” ilə bağlıdır. Məsələ burasındadır ki, adıçəkilən idman klubuna AZAL rəhbəri maddi dəstək verirdi. Klubun ləğvi nəticəsində o, ciddi məbləğlərlə ifadə olunan xərclərdən qurtula biləcək. “Unikal”ın əldə etdiyi məlumata görə, Cahangir Əsgərov prezidenti olduğu Ağır Atletika Federasiyasının (AAF) da maliyyəsini əhəmiyyətli şəkildə azaldıb. Belə ki, hələ ötən ilin sentyabrında mətbuat yazırdı ki, adıçəkilən fedarasiya ağır günlərini yaşayır. “Baxmayaraq ki, noyabr ayında dünya çempionatı onları gözləyir. Federasiyaya yaxın mənbədən aldığımız məlumata görə, milli komandada vəziyyət heç də ürəkaçan deyil. Vaxtilə milli komandada can yandırmış bəzi idmançılar komandadan uzaqda qalıb. Ağır atletlərimizin özləri də bu durumdan şikayətçidir. Lazımı vitaminlərlə təmin edilməyən komandada, məşqlərdə də problemlər yaşanır” - deyə həmin vaxt bildirilirdi. Məlumatlarda qeyd olunurdu ki, federasiyanın özündə də maaş problemi hökm sürür. Maaşları verilməyən heyət məşqlərə qatılmaqdan imtina edir... Elə millinin tərkibində idmançıların durumu da ürək açan deyil - bir iki atleti çıxarmaq şərti ilə... Bizə daxil olan məlumatlarda ötən müddət ərzində AAF-ın maliyyələşdirilməsi ilə bağlı ortaya çıxan problemlərin nəinki aradan qaldırıldığı, hətta bir qədər də artdığı deyilir. İddia edilir ki, AZAL prezidenti rəhbəri və himayəçisi olduğu federasiya üçün ayırdığı pulları kəskin azaldıb. Ötən ay yayılan məlumatlarda bir daha təsdiqlənirdi ki, Ağır Atletika Federasiyasında böhranlı durum davam edir. Huyustonda keçirilən dünya çempionatında 6 idmançının qanında dopinq tapılması bir yana, federasiyada maliyyə çatışmazlığı da yaşanır. Federasiyanın adını açıqlamaq istəməyən yetkilisinin verdiyi məlumata görə, vəziyyət o qədər acınacaqlıdı ki, qurumun prezidenti Cahangir Əsgərov Avstriyanın Zaybersdrof şəhərində yerləşən laboratoriyaya olan borcunu ödəyə bilmir. Həmin vaxt mətbuata açıqlama verən yığmanın sabiq baş məşqçisi Vahid Nəzərov da faktı təsdiqləmişdi. Onun sözlərinə görə, borc o qədər də çox deyil - cəmisi 180 avro. Federasiya bu laboratoriyada bir neçə idmançıdan götürülən qan nümunələrini yoxlatdırıb, ancaq pulunu ödəməyib. Pulunu ala bilməyən laboratoriya rəhbərliyi bununla bağlı federasiyaya məktub göndərib. Nəzərov bildirib ki, laboratoriya hələ sentyabrda federasiyaya borcun ödənilməsilə bağlı xəbərdarlıq məktubu göndərib. Ancaq Cahangir Əsgərovun prezidenti olduğu federasiya borcu hələ də ödəməyib. Yuxarıdakı faktın özü də ölkədə yaşanan maliyyə böhranının Cahangir Əsgərov üçün ciddi fəsadlar yaratdığını və bu səbəbdən onun qənaət rejiminə keçdiyini, bu məqsədlə də idman sahəsinə ayırdığı pulları kəsdiyini təsdiqləyir. Nəticədə isə həm ölkənin ağır atletləri ciddi problemlərlə üzləşir, həm də xeyli insanın maaş və iş sarıdan çətinlikləri meydana gəlir. Geri qayıt |