5000 MƏHKUM AZADLIĞA BURAXILIB
Tarix: 23-06-2012, 12:17 |
Çap et
SON 17 İLDƏ BERİLƏN ƏFV QƏRARLARI İLƏ
“1995-ci ildən bu günə kimi Azərbaycanda imzalanmış əfv sərəncamı ilə 5000 məhkum azadlığa buraxılıb”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qeydiyyat İdarəsinin rəisi Rafiq Ramazanov deyib. Onun sözlərinə görə, iyunun 22-də prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamı 66 məhkuma şamil olunub: “58 məhkum cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl, 2 nəfər islah işlərindən, 6 nəfər isə cərimədən azad olunub. Bu dəfə imzalanan əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında qadın və uşaqlar yoxdur”.
R. Ramazanov əfv olunarkən cinayətin ağırlığı, ictimai təhlükəsizlik dərəcəsinin nəzərə alındığını deyib: “Əfv olunanların çoxu təkrar cinayət törətmir. Nadir hallarda ehtiyatsızlıqdan cinayət törədən şəxslər olur. Məhkumlar azadlığa buraxılmazdan əvvəl tərəfimizdən sosial adaptasiya tədbirləri həyata keçirilir. Həmçinin məhkumların reabilitasiya mərkəzlərinin hazırlanması Nazirlər Kabinetinə həvalə olunub. Həmin mərkəzlərdə kimsəsiz məhkumların yerləşdirilməsi nəzərdə tutulub” .
R. Ramazanov cəzaçəkmə müəssisələrində təxminən 20 faizə yaxın məhkumun işlə təmin olunduğunu bildirib: “Bu, böyük problem olaraq qalır. Bununla bağlı Ədliyyə Nazirliyi, Penitensiar Xidmət tərəfindən işlər aparılır. Bu gün məhkumlar əsasən, təsərrüfat işlərinə, fərdi əməyə cəlb olunurlar”.