Min bir əziyyətlə oğul böyüdüb, Vətənə xidmətə yola salan Tükəzban Abdullayeva çıxılmaz vəziyyətdədir. Bu barədə Modern.az-a əsgər anası özü məlumat verib.
4 aydır iki oğlunu cəbhə bölgəsinə yola salan ana 8-ci sinifdə oxuyan qızı ilə Binə qəsəbəsindəki Südçülük savxozunda yaşayır. Əgər buna yaşamaq demək mümkündürsə...
Tükəzban xanım deyir ki, həyat yoldaşını gənc yaşlarında itirib:
“Yoldaşım rəhmətə gedəndə qızımın 1 yaşı vardı. Çox böyük çətinliklə böyütmüşəm 3 uşağı. Çalışmışam nəyəsə ehtiyacları olmasın”.
Onun sözlərinə görə, oğulları əsgərliyə getməzdən əvvəl fəhləlik edib evi dolandırımışlar:
“Onlar gedəndən bizə çox çətindir. Əvvəl özüm də işləyirdim. Amma indi heç bir iş tapa bilmirəm. Heç olmasa alacağım 100 manat da yoxdur arxayın olam ki, onunla dolanacağıq. Qızım 8-ci sinifdə oxuyur. Məktəblidir, onun xərcləri var, heç nəyi çatdıra bilmirəm. Kimdənsə yardım istəmirəm, istədiyim maaş ala biləcəyim bir işdir”.