Görüntülərini təqdim etdiyimiz bu bina Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutudur. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 3 ünvanında yerləşən bina 2013-cü ildən təmirə bağlanıb.
Təmirin bu qədər uzanmasının səbəblərini öyrənmək üçün üz tutduq sözügedən ünvana. İnstitutun mühafizəçisi Qaynarinfo-ya açıqlamasında 2013-cü ildə binanın təmirinə başlanıldığını, amma sonradan maliyyə ayrılmadığı üçün bərpa işlərinin yarımçıq saxlanıldığını dedi.
Mühafizəçi həmçinin bildirdi ki, təmir işlərinin icrasına Nadim adlı şəxs nəzarət edir. İşlərin nə zaman yekunlaşacağı ilə bağlı məlumat almaq üçün icraçıya yaxınlaşsaq da, qapını üzümüzə açmadı. Nadim olduğunu danaraq, bu barədə heç bir açıqlama verməyəcəyini bildirdi.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun təmir işini "İnam YR İnşaat" MMC adlı tikinti şirkətinə həvalə edib. Şirkətdən təmir üçün vəsait ayrıldığı təsdiqlənsə də, davamı gəlmədiyi üçün işlərin yarımçıq saxlanıldığı deyildi.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, yaxın günlərdə məsələ ilə bağlı ətraflı məlumat veriləcək.