Azercell-in Mobil Göz Klinikası Ağdama səfər edib
Tarix: 30-01-2019, 12:46 |
Çap et
DİA.AZ: - Valideyn himayəsindən məhrum uşaqlarda, eləcə də ahıllar və aztəminatlı ailələrdə göz xəstəliklərinin müayinəsinin təşkili və profilaktikasının aparılması məqsədilə 2011-ci ildə “Azercell Telekom” MMC tərəfindən yaradılan “Mobil Göz Klinikası” bu ilin ilk səfərini Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta köçkün məktəbinə edib.
DİA.AZ xəbər verir ki, yanvar ayında təşkil olunan səfərdə 38 nəfər uşaq pulsuz göz müayinəsindən keçib. Ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eləcə də eynəklər paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətinin 8 ili ərzində layihə çərçivəsində “Mobil Göz Klinikası” Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri bölgələrə də üz tutub, müalicəyə ehtiyacı olan şəxslərə yardım ediblər. Təkcə ötən il 33 səfər çərçivəsində 1368 nəfər müayinədən keçib ki, bunun da 975 nəfərini uşaqlar təşkil edib.