"Bir neçə aydır ünvanlı sosial yardım ala bilmirəm..." - GİLEY
Tarix: 3-03-2021, 10:12 |
Çap et
Samux rayon, Qırmızı Samux qəsəbə sakini Nəcəf Qasımov ünvanlı sosial yardım almaqla bağlı məlumat bazasında olan problemlərlə üzləşib. Bu barədə, o, “Gözətçi”yə göndərdiyi şikayətində bildirib.
“Adıma olan “pay torpaq”lara aid iki çıxarış sənədi var idi. Onun birini qardaşımın adına sənədləşdirmişəm, digər sənədi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) VEMTAS sisteminə daxil etmişəm. Ancaq bir müddətdən sonra mənə imtina mesajı gəldi”.
Şikayətçinin sözlərinə görə, imtinanın səbəbi kimi isə həm qardaşına verdiyi “pay torpağı”nın sənədləri tələb olunub, həm də öz adına olan “pay torpağ”ın sənədlərinin təqdim edilməməsi göstərilib.
Nəcəf Qasımov məsələ ilə bağlı Samux rayon Dövlət Sosial Müdafiə Fonduna (DSMF) müraciət edib və oradan bildiriblər ki “pay torpaq”lar sənədləşdirilərkən elektron səhvə yol verilib:
“Səhvi düzəltmək üçün isə Daşınmaz Əmlakın Dövlət Reyestri ilə DSMF-nun baza məlumatlarını yeniləmək lazımdır. Ancaq bunun üçün nə etməli olduğumu mənə başa salan olmadı. Nəticədə, artıq bir neçə aydır ki, ünvanlı sosial yardım ala bilmirəm”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.