DİA.AZ: - Göyçay rayonu Kürdşaban kənd sakini Vətən müharibəsi veteranı İbrahimov Rəşad Elbrus oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Mən Göyçay rayonu Kürdşaban kənd sakini İbrahimov Rəşad Elbrus oğlu Vətən müharibəsi veteranıyam. Ailəliyəm və üç qız övladım var. Müharibədən təxris olunduğum vaxtdan bir neçə ay sonra həyat yoldaşım, daha sonra isə anam vəfat etdi. Hazırda övladlarım mənim himayəmdədir. Özüm heç yerdə işləyə bilmirəm. Çünki, müharibə zamanı döyüş avtomobilindən yıxılaraq ağır zədə almışam. Belimdə disk yırtığı (qrija) var. Maddi imkanım olmadığına görə əməliyyat elətdirə bilmirəm. "Dərdimin dərmanı tapıldı", zənn edib Göyçay Rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayevin qəbuluna getdim. O, mənə köməklik göstərilməsi üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Əhmədova göstəriş verdi. Halbuki, mənim səhətimdəki problemin həlli Göyçay RMX-da olsaydı, heç İcra başçısına ağız açmazdım. Əlbəttə əməliyyatım rayon səviyyəsində deyil, Bakı şəhərində həyata keçirə bilər və buna görə 3800 (üç min səkkiz yüz) manat pul tələb olunur. Mən icra başçısının mənə maddi dəstək olmayacağına əmin olduqdan sonra videomüraciət edərək ölkə rəhbəri cənab İlham Əliyevdən yardım istəmək qərarına gəldim. Ancaq yalnış münasibətlə qarşılanacağımı düşünmürdüm.
Belə ki, Göyçay Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin böyük məsləhətçisi Cavidan Yaqubov 17.04.2023 il tarixdə mənə zəng edib özündən razı şəkildə, kobud və aqressiv danışmağa başladı. Mənə "Sən "YouTube"-də video çəkib paylaşdığına görə cənab başçı Natiq Ağayev artıq sənə əsla köməklik göstərməyəcəkdir. Get kimə lazımdır şikayət elə, lap ürəyin istəyirsə Ulu Öndərin məzarından yardım dilə. Bir sözlə, cənab başçısının yardımından əlini üz", - dedi. Yatar yuxuma girməzdi ki, icra başçısı belə bir söz deyər. Özü də yeni təyin olunub.
Mən dia-az.life vasitəsilə Ali Baş Komandan cənab İlham Əliyevə üzümü tutaraq bildirmək istəyirəm ki, Sizin əsgərinizə Göyçayda qiymət verən yoxdur. Rayonda bütün qapılar üzərimə bağlıdır. O qədər sıxıntılar çəkirəm ki, dərdimi dağlar qaldıra bilməz. Üç yetim uşağa baxmaq, üstəlik də işsiz və eyni zamanda xəstə vəziyyətdə hər şey çox çətindir. Neft və qaz ölkəsində qış fəslini odun yandırmaqla isinmişik. Uşaqlarıma qarın dolusu yavan çörək tapıb yedizdirəndə həmin gün sevinirəm. Sizdən çox xahiş edirəm, xərci 3800 (üç min səkkiz yüz) manat təşkil edən əməliyyatımın qarşılanmasına köməklik göstərəsiniz. Ümid edirəm, Sizin göstərişinizlə dərhal şikayətim təmin ediləcəkdir. Öncədən təşəkkürlərimi bildirirəm".
Məsələ ilə bağlı dia-az.life olaraq bütün aidiyyatı qurum və şəxslərin mövqelərini işıqlandırmağa hazırıq...