2015-ci ildə baş verən devalvasiyalardan öncəki plana görə, Bakıda və Bakıətrafı qəsəbələrdə 5 mərtəbəli binalar sökülməli idi. Çünki “xruşşovka”, “stalinka” kimi adlanan bu binalar istismar müddətini başa vurmuş hesab edilir. 2016-cı ildə Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli qərarına əsasən adları qeyd olunan rayonların ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi nəzərdə tutulub.
Pilot layihələrə əsasən 5 il müddətində Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 ev sökülməli idi. Hazırda bu qərara müvafiq olaraq Bakının müxtəlif rayonlarında pilot layihələr həyata keçirilir.
Lakin qəzalı binaların söküntüsü ləngiyir. Manatın devalvasiyasına qədər bu məsələ çox aktual idi. Lakin sonradan yəqin ki, vəsait çatışmazlığı baxımından məsələ bir qədər öz aktuallığını itirdi. ”Xruşşovka"ların sökülməsi və onların yerində binaların tikilməsi üçün iş adamlarına hazırda icazə verilir. Dövlətin bura vəsait qoyması, düşünürəm ki, bugünkü gün üçün real deyil. Çünki hazırda dövlətin başqa maliyyə yükləri kifayət qədər böyükdür.
Paytaxtın Nizami rayonunda qəzalı vəziyyətdə olan binalardan biri də Qara Qarayev prospekti – 66 ünvanda yerləşir. Maraqlıdır ki, həmin binanın 14-cü mənzilinin qarşısında, təyinatı hələlik məlum olmayan obyektin inşasına başlanılıb və tikinti üçün material tökülüb. Uşaqdan-böyüyə hamıya məlumdur ki, rayon rəhbərliyinin xəbəri olmadan ikicə dədə daşı belə bir-birinin üstünə qoymaq olmaz. Deməli, qeyri-rəsmi də olsa, tikintini aparmaq istəyən şəxsə icazə verilib. Bu isə binanın söküləcəyinə və yeni mənzillərlə təmin olunacaqlarına ümid edən sakinlərin narazılığına səbəb olub. //azerinfo.info//