Azərbaycanın Rusiyadakı sabiq səfiri Polad Bülbüloğlu millət vəkili mandatı almaqla yanaşı, həm də Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçildi. Polad Bülbüloğlu bu vəzifədə Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafanı əvəzlədi. Fazil bəysə İctimai birliklər və dini qurumlarla iş Komitəsinin sədri seçildi. Mədəniyyət sahəsinə də çox yaxşı bələd olan F.Mustafanın təyinatının dəyişməsi yenə də gündəmdədir.
İlk vaxtlar yeni təyinatla bağlı susmağa üstünlük verən millət vəkili bu dəfə "Sherg.az"a açıqlamasında hazırkı vəzifəsindən razı olduğunu bildirdi:
- Polad Bülbüloğlu Azərbaycanın tanınmış diplomatı, həm də sənət adamıdır, incəsənət xadimidir. Uzun illər mədəniyyət naziri olub. Millət vəkili seçildikdə onun Mədəniyyət Komitəsinin sədri təyin ediləcəyi ehtimalı kifayət qədər böyük idi. Hesab edirəm ki, bu, uyğun bir təyinat oldu. Çünki o, bilavasitə məhz bu sahənin adamıdır. İnanıram ki, öz fəaliyyəti ilə komitənin işini canlandıracaq. Mən hüquqşünasam, elmi sahəm fəlsəfədir. Amma mədəniyyət məsələləri də maraq dairəmdədir, bu sahədəki problemlərlə bağlı araşdırmalarım, tədqiqatlarım var. Həm də mən qısa müddətdə komitəyə sədrlik etmişəm. Fəaliyyət kənardan daha yaxşı görünür. Özümün qiymət verməyim doğru olmaz. Bildiyiniz kimi, məndən öncə Mədəniyyət Komitəsinin sədri mərhum Qənirə xanım Paşayeva idi. Onun böyük fəaliyyəti vardı. Onun vəfatından sonra komitənin işini davam etdirmək lazım idi. Komitəyə sədrlik mənə həvalə edildi. Bu müddətdə nə mümkündürsə, etməyə çalışdım. İndi təmsil olunduğum komitənin əhatə etdiyi sahələr (İctimai birliklər və dini qurumlarla iş Komitəsi) mənə yad deyil. Hətta daha yaxındır. Partiya sədriyəm, ictimai qurumlarla iş təcrübəm var, eyni zamanda dini qurumlarla bağlı qanunvericilik aktlarının hazırlanmasında ən zəngin təcrübəsi olanlardan biriyəm. Hər iki sahə mənə yad sayılmaz. Elmi müdafiəm din mövzusundadır. Bunlar mənə daha uyğun sahələrdir. Komitədə işə başlamışıq artıq. Əlimizdən gələni edəcəyik ki ölkəmizdə həm dünyəvi dövlət prinsinplərinin qorunması, həm də dini etiqad azadlığı ilə bağlı qanunvericilik sahəsində təkmilləşmə aparılsın, dinin doğru təqdim olunması üçün faydalı işlər görülsün.