Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlamasında bildirib ki, sülh müqaviləsi üçün Azərbaycanın təklifləri ilə razıdır. Paşinyan həmçinin qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinə hücum etməyəcək.
Paşinyanın fikirlərini TNS-ə şərh edən Aydın Hüseynov bildirib ki, Vətən müharibəsindən sonra Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün təklifləri ilə razılaşmalıdır: "Çünki Ermənistan öhdəliklər götürüb və buna əməl etməlidir. Ermənistan kapitulyasiyaya uğradığı üçün öhdəliklər götürüb. Kapitulyasiyadan sonra Azərbaycan Ermənistana sülh təklif etdi. Əslində bu təklif Ermənistandan gəlməli idi. Çünki Azərbaycan qalib tərəfdir və Azərbaycan ordusunun gücü Ermənistana bəllidir. Bununla belə, Azərbaycan bölgədə sülhün bərqərar olması, regional inkişafın daha da genişləndirilməsi üçün Ermənistana sülh təklif etdi. Amma 4 il keçməsinə baxmayaraq, Ermənistan sülh prosesini uzadır, müxtəlif bəhanələr gətirir, eyni zamanda digər ölkələrin siyasi təsir alətinə çevrilərək, regiondakı dayanıqlı sülhün əldə edilməsinə mane olur. Həmin dövlətlər Ermənistandan alət kimi istifadə edərək, regionda sülhün bərqərar olmasına maneçilik törədir".
Millət vəkili qeyd edib ki, əslində sülh Azərbaycandan çox Ermənistana lazımdır: "Çünki kommunikasiyaların açılması Ermənistanın bir dövlət kimi özünü ayaq üstə saxlaması üçün çox vacibdir. Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi regional layihələrdə iştirak etmək şansı qazanır. Bu Ermənistan üçün daha vacibdir.
Görünən odur ki, artıq Ermənistan cəmiyyəti bu prosesləri çoxdan qəbul edib. Artıq Ermənistan rəsmiləri də bunun mahiyyətini dərk edir. Dərk edirlər ki, Ermənistanın havadarları 30 il ərzində bu ölkəni məhvə sürükləyib. Onlar anlayırlar ki, sülhün əldə olunması Ermənistanın yeganə çıxış yoludur".