Azərbaycanda 27 yaşlı gənc Federasiya sədri SEÇİLDİ
Tarix: 7-12-2024, 13:11 |
Çap et
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının (“Kənd-Qida-İş”) VIII Məclisi keçirilib.
Modern.az-ın məlumatına görə, toplantıda ötən dövr ərzində sahə həmkarlar ittifaqının fəaliyyətinə, 2024-cü il üzrə büdcənin icrasına və 2025-ci il büdcə layihəsinin təsdiq edilməsinə, həmçinin təşkilati məsələlərə baxılıb.
Məclisdə Tofiq Quliyevin Federasiyanın sədri vəzifəsindən istefa verməsi ilə bağlı məsələ səsə qoyulub və təsdiqlənib.
Federasiyanın sədri vəzifəsinə Məclis üzvlərinin yekdil qərarı ilə Məmməd Həsənov seçilib.
Gündəliyə çıxarılan digər məsələlər barədə də müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.
Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının yeni sədri Məmməd Həsənov 1997-ci il təvəllüdlüdür.
27 yaşlı gənc bakalavr təhsilini İngiltərədə "King`s College London"da alıb və oranı fərqlənmə ilə bitirib.
O, 2024-cü ildə dünyanın ən məşhur ali təhsil ocağında - Amerika Birləşmiş Ştatlarının Harvard Universitetininin tərkibində fəaliyyət göstərən "Harvard Extension School"da maliyyə ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.