Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
“Amma məcburiyyət qarşısında qalsaq, biz digər vasitələrdən də istifadə etməli olacağıq. Lakin hesab edirəm ki, bu, Ermənistan üçün heç də yaxşı variant deyil...” “Zəngəzur dəhlizinin açılması daha çox Ermənistandan asılı olan bir məsələdir. Azərbaycan bu məsələdə hər hansı bir problem görmür. Əsas məqam Ermənistanın Rusiya ilə Zəngəzur yoluna nəzarət məsələsini həll edib sona çatdırmamasındadır. Bütün bunlarla belə, Zəngəzur dəhlizi açılmalıdır və mütləq açılacaq. Çünki Ermənistan 10 noyabr 2020-ci il tarixli sazişə əsasən üzərinə həmin dəhlizin açılması öhdəliyini götürüb. Və Zəngəzur dəhlizi hərbi yolla yox, müəyyən siyasi-diplomatik, danışıqlar yoluyla açılmalıdır”.
Bunu Moderator.az-a açıqlamasında “Mövcud geo-siyasi durumda Zəngəzur dəhlizinin hərbi yolla açılmasını nə dərəcədə mümkün hesab edirsiz” sualını cavablandıran hərbi-siyasi ekspert Üzeyir Cəfərli söyləyib.
“Hesab edirəm ki, sonda Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq. Və nəticədə bizim Naxçıvan Muxtar Respublikasının sakinləri də nəhayət, maneəsiz şəkildə Azərbaycanın bir hissəsindən o biri hissəsinə gedib-gələ biləcəklər. Amma məcburiyyət qarşısında qalsaq, biz digər vasitələrdən də istifadə etməli olacağıq. Lakin hesab edirəm ki, bu, Ermənistan üçün heç də yaxşı variant deyil”, - deyə davanmında ekspert vurğulayıb.