DİA.AZ: - Prezident İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında» sərəncama uyğun olaraq, bu gün dəmir yolu xətlərinin bir çoxu yenidən qurulur. Qeyd edək ki, bu proqram çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
DİA.AZ bildirir ki, bu layihənin həyata keçirilməsi üçün Çexiyanın «İxrac» Bankı ilə 215 milyon avro məbləğində kredit sazişi imzalanıb. Bu məqsədlə qurğuların, çevirici tirlərin, maşın və mexanizmlərin, avadanlıqların və onların ehtiyat hissələrinin alınması üzrə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Çexiyanın Moraviya STEEL a.s.-nin 100 %-li törəmə şirkəti olan «M STEEL PROJECT a.s.” arasında çərçivə müqaviləsi imzalanıb. Çexiyanın «Trşinets celezarnı» zavodundan relsin (65 tipli 41210 ton, 317 km yol) alınması razılaşdırılıb və 100 km-dən artıq rels və ehtiyat hissələrinin bir qismi ölkəyə gətirilib. Hazırda layihə əsasında ölkənin bir çox yerlərində dəmir yolu xətlərinin yenidən qurulması prosesi davam etdirilir.
Məlumatlı mənbələrdən dia-az.life-a daxil olan məlumatlarda deyilir ki, «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov təmir üçün büdcədən və beynəlxalq maliyyə qurumlarından ayrılan vəsaitləri təyinatı üzrə xərcləmir. Quruma ayrılan pullar sədrin rəhbərliyi altında cəmiyyətdə rəhbər vəzifələrdə çalışan şəxslərin əli ilə mənimsənilir. Ölkə başçısı dəmir yolu nəqliyyatının inkişafı üçün diqqəti artırdığı bir dövrdə Arif Əsgərov bu sistemdə müxtəlif əngəllərin ortaya çıxmasına zəmin yaradır. Bu barədə redaksiyamıza danışan mənbə bildirdi ki, QSC tərəfindən həyata keçirilən sərnişin daşımalarında bir sıra qanun pozuntuları mövcuddur: «Cəmiyyətin işçiləri sərnişinləri aldatmaqla məşğul olurlar. Heç bir keyfiyyətli xidmətdən söhbət belə gedə bilməz. Ölkədaxili xətt üzrə mənzil başına çatmaq istəyən sərnişinlərdən «SV» tipli vaqonların gediş haqqı alınır. Amma onları «Plaskart» vaqonlarda aparırlar. Hər iki vaqonun gediş haqqında ciddi fərq var. Mənzilin uzaqlığına görə qiymətlər dəyişir. «Azərbaycan Dəmir Yolları»nda çalışan şəxslər Arif Əsgərovun göstərişi əsasında sərnişinlərə kələk gəlirlər. «Plaskart» vaqonlarında yuxarı yük yerlərini çıxarıb sərnişinləri bunun «SV» tipli olmasına inandırmağa çalışırlar. Sovet dövründə yaşayanlar «SV»nin nə olduğunu bilirlər. Arif Əsgərov fikirləşmir ki, bir gün prezident həmin vaqonlarda hansısa rayona səfər edər və burdakı vəziyyəti görər. Ölkə başçısı burdakı şəraiti görsə, heç şübhəsiz ki, cəmiyyət sədrini tutduğu vəzifədən azad edər. Belə bir hadisə baş versə, Arif Əsgərov və başqaları nə cavab verəcəklər?» Məlumata görə, dəmir yolu xətlərinin təmirinə ayrılan vəsaitlərin çoxu yeyildiyi üçün müxtəlif problemlər meydana gəlib: «Məsələn, reyslərin çoxu artıq istismar müddətini çoxdan başa vurub. Neçə illərdir ki, həmin reysləri dəyişmirlər. Reyslərin altında olan «şpallar» köhnədir. Yenilərinin alınması üçün pul ayrılsa da, hamısını yeyiblər. Alınan təzə «şpalları» isə satıblar. Reysləri bir-birinə bağlayan «bolt»lar artıq istifadə müddətini çoxdan başa vurub.
Bu səbəbdən də qatarların hərəkəti zamanı birbaşa insan beyninə təsir edən səs-küy yaranır. Bu çox təhlükəlidir. Hər an qatarların hərəkəti zamanı hansısa bədbəxt hadisə baş verə bilər. Sovet dövründə reyslərin altına tökülən şebel tez-tez dəyişdirilirdi. İndi isə buna nəzarət edən yoxdur. Yaxşı ki, reyslər poladdan hazırlanıb, yoxsa çoxdan hamısı sıradan çıxmışdı. Bakı-Astara və Bakı-Ağstafa marşrutu üzrə hərəkət edən qatarlar dəhşət saçır». Mənbə ilə söhbət zamanı o da məlum oldu ki, Arif Əsgərov Ukraynaya təmirə göndərilən vaqonlardan da xeyir götürür: «Əslində, Ukraynaya təmir üçün göndərilən vaqonların bir çoxu işlək və saz vəziyyətdədir. Sadəcə, rəis əlavə pul silmək üçün vaqonları «təmirə» göndərib və bunu sənədləşdirib. Uzun sözün qısası, o, təmir adı altında milyonları cibinə qatlayır». Qeyd edək ki, QSC-də milyonlarla vəsaitin göyə sovrulmasına baxmayaraq, nəqliyyat naziri Ziya Məmmədov və əlaqədar dövlət qurumları Arif Əsgərov barəsində müvafiq ölçü götürmürlər.
Qarşı tərəfin də münasibətini dərc edə bilərik.