Azərbaycanın 2 iri şəhərinin rəhbəri yenidən dəyişdirilir - Eldar Əzizovla Elmar Vəliyevin taleyi həll olunub
Tarix: 19-02-2015, 15:59 |
Çap et
DİA.AZ - Təxminən eyni vaxtda vəzifə təyinatı almışdılar və onları birləşdirən ümumi bir cəhət də hər ikisinin əslində Bakı şəhər icra hakimiyyətinin başçısı postuna niyyətli olmaları idi. Söhbət Gəncə və Sumqayıt şəhərlərinin icra başçılarından gedir.
Bununla bağlı DİA.AZ-a məlumatlı mənbələrdən ötürülən informasiyada qeyd olunur ki, həm Sumqayıt ŞİH başçısı Eldar Əzizovun və həm də Gəncə ŞİH rəhbəri Elmar Vəliyevin vəzifələrindən alınması məsələyi hakimiyyətin üst düzəyində müzakirə olunub.
Bu müzakirələrin səbəbsiz olmadığını bildirən məlumatlı mənbə dia-az.life-a açıqlamasında onu da vurğulayıb ki, zaman-zaman hər iki icra başçısı ilə bağlı çox ciddi problemlər yaşanılıb: «Məsələn, Gəncənin meri hələ də təhsil naziri Mikayıl Cabbarovla ədavətdədir və onun münaqişəsi təkcə bununla yekunlaşmır. Hər halda, Elmar Vəliyevin zamanında Gəncənin polis rəisi ilə də açıq konfliktə getdiyi unudulmayıb. Eləcə də Eldar Əzizov müxtəlif dairələrlə müxtəlif zamanlarda böyük problemlər yaşayıb».
Bütün bunların hesaba alındığını və məlum qərarda rol oynadığını qeyd edən mötəbər mənbə bildirib ki, hər iki şəhərin başçıları ilə bağlı qərar mart ayında rəsmiləşəcək: «Artıq yeni təyinatlar barədə düşünülür. Elmar Vəliyevə gəlincə isə onun yenidən vəzifəyə - başqa posta göndəriləcəyi söylənilir. Eldar Əzizov isə yəqin ki, şəxsi biznesinin başına qayıtmalı olacaq».