Elmar Vəliyev də «kəmərsıxma» siyasətinə ayaq uydurmağa başlayıb - Yerli sahibkarlara qarşı hücum planı - Gəncədə vəziyyət qarışa bilər
Tarix: 26-02-2015, 13:21 |
Çap et
DİA.AZ: - «Rayon icra başçıları üçün «kəmərsıxma siyasəti» daha ciddi problemlər yarada bilər». Buna DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə söyləyib.
Belə ki, xəbəri verən qaynaq yerli rayon icra hakimiyyətlərinin builki xərcləmələrdə qənaətə üstünlük verməli olacaqlarını iddia edir. Mənbənin dia-az.life-a söylədikləri:
«Hətta vəziyyət elə bir həddədir ki, rayonlara bu il nəzərdə tutulan büdcə vəsaitlərindən belə qənaətlə istifadə təlimatı verilib. Bu isə o deməkdir ki, icra başçıları əlavə qaynaqlar tapmaq zorunda qalacaqlar».
Mənbəmizə görə, icra başçılarının «əlavə qaynaq» dedikdə ilk ağıllarına gələni isə yerli sahibkarlar olduğundan deməli, bu il əyalətdəki iş adamları üçün yaxşı nələrinsə vəd olunmadığını bəri başdan söyləmək olar.
Artıq belə bir hərəkətlənmənin indidən müşahidə olunduğunu söyləyən mənbə dia-az.life-a bildirib ki, Azərbaycanın ikinci ən iri şəhəri olan Gəncənin icra başçısı Elmar Vəliyev yerli sahibkarlarla «söhbətə» hazırlaşır.
Mənbə deyir: «Elmar Vəliyev indidən öz siyahısını tutub və hansı sahibkarın boynuna hansı öhdəliyi qoyacağını artıq müəyyən edib. Təbii ki, belə bir davranış heç də sakitcə müşahidə olunmayacaq».