Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Pedaqoji Universitetdə MÜƏMMA
Pedaqoji Universitetdə MÜƏMMA7-09-2016, 10:35 |
Təhsil Nazirliyinin rəsmi “feysbuk” səhifəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Yusifovun bir sualı dərc olunub. ADPU-nun müəllimi soruşur ki, “Ali təhsil müəssisələrinin Nümunəvi Nizamnaməsi”ndə, kredit sistemi ilə tədrisin təşkili qaydalarında, "Ali təhsilin dövlət standartı və proqramları” rəsmi sənədlərində akademik dərs saatlarının iki 45 dəqiqə və onların arasındakf fasilənin 5 dəqiqədən az olmaması qeydi (tələbi) verildiyi halda universitetlər akademik dərs saatlarını 80 dəqiqə, özü də fasiləsiz edə bilərmi? Yeni rektordan yeniliklər... Qeyd edək ki, 2006-cı ildən Turizm və Menecment Universitetinn rektoru olmuş tarix elmləri doktoru Cəfər Cəfərov bu ilin iyun ayından ADPU-ya yeni rektor təyin edilib. Yeni rektor gələndən sonra universitetdə edilən dəyişiklərdən biri də dərs saatlarının 80 dəqiqəyə salınması, universitetdə intizam komissiyasının yaradılması (bu mövzuya gələcəkdə toxunacağıq), universitetin korpuslarından birində aparılan təmir işləri və sairdir. 80 dəqiqənin tərəfdarı olan və olmayan tələbələr Tələbələrin bəziləri dərs saatlarının 10 dəqiqə azaldılmasını əlverişli hesab edir, dərs saatının ikinci 45 dəqiqəsinə tələbələrin maraq göstərmədiyini və vaxta qənaət baxımından da 80 dəqiqəni münasib sayırlar. Amma bəzi tələbələr 80 dəqiqə fasiləsiz dərs saatında yorğun olacaqlarını səbəb gətirib, ənənəvi qaydanın tərəfdarıdırlar. Onu da bildirək ki, Turizm və Menecment Universiteti də daxil omaqla Azərbaycanda bir neçə təhsil müəssisəsi hazırda 80 dəqiqəlik dərs saatı ilə fəaliyyət göstərir. Nazirlər Kabineti: “Bütün ali təhsil müəssisələrində akademik saat iki 45 dəqiqə müəyyənləşdirilir” Baş nazir Artur Rəsizadənin "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında 21 yanvar 2011-ci ildə imzaladığı qərarı var. Nazirlər Kavinetinin həmin qərarın Ali təhsil müəssisəsinin tədris fəaliyyəti adlı 3-cü maddəsinin 7-ci bəndində deyilir: Ali təhsil müəssisələrində dərs növlərinə mühazirə, seminar, nəzəri, praktiki və laboratoriya məşğələləri, yoxlama işləri, elmi tədqiqat işləri, kurs işi (layihəsi) və s. daxildir. Akademik saat - 45 dəqiqədir. Bütün növ dərslər üçün 2 akademik saat müəyyənləşdirilir. Akademik saatlararası fasilə 5 dəqiqədən az olmamalıdır. Nazirliyin mövqeyi: “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” Pedaqoji Universitetin 80 dəqiqəlik dərs sistemi qanunsuzluqdur?Məsələ ilə əlaqədar Fəxrəddin Yusifovun özü ilə əlaqə saxladıq. Fəxrəddin Yusifov dedi ki, sualına Təhsil Nazirliyindən hələ cavab verilməyib. Müvafiq sualı nazirliyin poçtuna biz də ünvanladıq. Amma hazırda nazirliyin sağlam təhsil-sağlam millət adlı bir layihəsi icra olunur ki, həmin layihəyə görə I sinifdən başlyaraq dərslər daha çox oturaq həyat tərzində deyil, hərəkətli, ayaqüstü icra olunur. Hətta məsələ ilə bağlı nazirlik Rusiya istehsalı olan “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” filmini də Azərbaycan dilinə tərcümə edib orta məktəblərdən tutmuş aliyə qədər bütün məktəblərə paylayıb. Belə bir mövqe sərgilədiyi halda, Təhsil Nazirliyinin də gənclərin fasiləsiz olaraq ardıcıl vəziyyətdə 80 dəqiqə hərəkətsiz təhsilini təqdir edəcəyi ağlabatan görünmür. “Bu hüquqi, psixoloji, gigiyenik baxımdan doğru deyil” Fəxrddən Yusifovsa bizimlə söhbətində bildirdi ki, Azərbaycanda müıəllim hazrlığı ilə məşğul olan ali məktəblərin pedaqoji, psixoloji problemləriylə ilə bağlı geniş məqaləylə mətbuatda çıxış etmək niyyətindədir. Akademik dərs saatlarına gəlincə, müəllim hesab edir ki, 90 dəqiqənin 80 dəqiqə ilə əvəz olunması hüquqi, psixoloji və gigiyenik baxımdan da düzgün deyil: “Hüquqi baxımdan Nazirlər Kabinetinin “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi" qərarına zidd getmək doğru deyil. Eləcə də "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın təsdiq edilməsi haqqında, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" qərarlara, həmçinin Təhsil Nazirliyinin "Ali təhsil müəssisələrində kredit sistemilə tədrisin təşkili” haqqında əsasnaməsinə uyğun deyil. 80 dəqiqənin tətbiqi gigyenik baxımdan tələbələrin qidalanma, tualet ehtiyaclarını ödəmək problemilə üzləşdirə, 80 dəqiqədən sonra tualetlərin qarşısında basabas yarana bilər, tələbə bufetdən bir bulka almağa macal tapmaz. Müəllim də dərs arası tələbə çoxluğuna dərsdən çıxmaq üçün icazə versə, bu dərsi prosesinə mane olar, buna görə müəllim də tənbeh olunar. Psixoloji baxımdan da ilk 15-20 dəqiqədən sonra onsuz da yorğunluq yaranır, müəllim çalışır ki, dərsi maraqlı etsin, tələbənin diqqəti qalan vaxt ərzində yayınmasın”. Dünya təcrübəsində 75 dəqiqə də tətbiq edilib, amma... Hazırda dünya təcrübəsində də akademik dərsin iki 45 dəqiqə təşkil etdiyini deyən pedaqoq vaxtilə 75 dəqiqəlik dərsin də tətbiq edildiyini və bu təcrübənin özünü doğrultmadığını bildirdi: “80-ci illərdə Gürcüstanda hətta 75 dəqiqəlik dərs tətbiq edildi, özünü doğrultmadı, dayandırıldı. Digər tərəfdən, biz Avropa təhsil məkanına inteqrasiya edirik. Avropa təhsil sistemində akademik dərs iki 45 dəqiqədir. Boloniya prosesinə qoşulan bütün ölkələrdə də vahid qaydadır”. “90 dəqiqə hesablanıb, 80 dəqiqənin tətbiqi maliyyə itkisidir” F.Yusifov müəllimin dərs saatlarını 90 dəqiqə ilə hesablayıb, 80 dəqiqə ilə reallaşdırmağı da düzgün hesab etmir: “80 dəqiqəlik dərsdə 10 dəqiqə itirilir. 45 dərsdə bu 450 dəqiqə deməkdir. Yəni 10 dərs itkiyə gedir. 500 fənn üzrə bu iş davam etsə, bu xeyli maliyyə itkisinə səbəb ola bilər ki, bu da maliyyə baxımdan universitetlərin fəaliyyətinə ziyandır. Əgər 80 dəqiqənin tətbiqi məqbul sayılırsa, bunun daha əlverişli elmi sübutu varsa, əsaslandırılsın və bütün təhsil müəssisələrində akademik dərs saatı 80 dəqiqə elan edilsin. Amma bunun üçün respublikanın vahid təhsillə bağlı qanun və qaydalarında bütünlükdə dəyişiklər edilməlidir. Əks halda Prezident və Nazirlər Kabineti tərəfindən qəbul edilən qərarların icrası aşağı instansiyalar üçün məcburidir”. Pedaqoq hazırlığında Pedaqoji Universitetin mühüm görəvi Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Hurriyyet.org-a açıqlamasında bildirdi ki, ADPU-nun yeni rektoru Cəfər Cəfərovu inkişafa təkan vermək üçün yeniliyin tərəfdarı olan bir şəxs kimi tanıyır. O, sözügedən məsələ ilə bağlı belə mövqe bildirdi: “Pedaqoji kadr hazırlığında və təhsilin inkişafı zəminində həlledici yeri olan Pedaqoji Universitetin düzgün xətt tutmasında çox ümidliyəm ki, Cəfər Cəfərov bütün bacarıq və imkanlarından istifadə edcək. Bir çox ali məktəblərin, o cümlədən də Pedaqoji Universitetin muxtariyyat hüququ var. Bu da imkan verir ki, yeni rektor təhsil sahəsində qazandığı əlverişli səriştəni tətbiq etsin. Amma 90 dəqiqə Nazirlər Kabinetinin müəyyən etdiyi normadır. Nazirlər Kabinetinin tələbi müzakirə mövzusu ola bilməz”. Pedaqoji Universitetdən cavab: “Öncə tələbələrin mənafeyi nəzərə alınıb” Məsələ ilə əlaqədar ADPU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur İbrahimovla əlaqə saxladıq. Mansur İbrahimov dedi ki, bu qərar universitetin rektoru tərəfindən yox, Elmi Şuranın iclasında qəbul edilib: “Qərar qəbul edilərkən tələbələrin mənafeyi nəzərə alınıb. Qış mövsümündə Sumqayıtda və digər şəhərdən kənar ərazilərdə yaşayan tələbələrimiz nəqliyyat sarıdan çətinlik çəkirlər. Bu qərarı dekanlar da dəstəkləyib. Elmi Şura öz səlahiyyətləri çərçivəsində qərar verib. Elmi Şura universitetin kollegial idarəetmə orqanıdır və verdiyi qərar və sərəncamlar icra olunmalıdır. Qərarın icrasına dair yenidən müzakirəyə ehtiyac olarsa, o zaman müəllimlərin də təklifləri nəzərə alına bilər”. Fəaliyyətdə olan qanuni aktın əleyhinə gedilə bilməz Təhsil eksperti Nabatəli Qulamoğlu da hesab edir ki, Nazirlər Kabinetindən aşağı instansiyaların bu qanun və qaydaları dəyişmək hüququ yoxdur: “Əslində bu mövzu hüquqşünaslar üçün predmetdir. Amma məlumdur ki, ali məktəblərdə hər bir dərs üçün iki akademik saatın(45dəq) müəyyənləşməsivə fasilənin 5 dəqiqədən az olmaması fəaliyyətdə olan qanuni aktdır. Bu, Nazirlər Kabinetinin müəyyən etdiyi normadır və Nazirlər Kabinetinin qərarını Elmi Şura dəyişə bilməz”. Geri qayıt |